ABŞ İrandan 20 illik təminat istəyir - Tehran bu gün cavab verəcək
12:37 DünyaVaşinqton Tehranın 20 il müddətinə uranın zənginləşdirməsindən imtina etməsini istəyir.
Musavat.com "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, ABŞ İranda uran zənginləşdirilməsinə 20 illik moratorium qoymaq istəyir və bu ölkədə saxlanılan bütün zənginləşdirilmiş nüvə materiallarının çıxarılmasını tələb edir.
WSJ yazır ki, Amerika administrasiyası həmçinin İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərinin sökülməsində, nüvə proqramı ilə əlaqəli yeraltı işlərin qadağan edilməsində və yoxlamalarda israr edir.
CNN daha əvvəl mənbələrə istinadən Vaşinqton və Tehranın İranda uranın zənginləşdirilməsinə 10 ildən çox müddətə moratorium qoyulması ehtimalını müzakirə etdiyini bildirmişdi.
Axios isə 5 mayda Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaqla bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduğuna dair məlumat yaymışdı. Məlumata görə, Amerika tərəfi İranın münaqişəyə son qoymaq üçün təkliflərə 48 saat ərzində cavab verməsini gözləyir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi bildirib ki, İran hələ də ABŞ təkliflərini nəzərdən keçirir və cavabını daha sonra Pakistana bildirəcək. Cavabın bu gün İslamabada təqdim olunacağı gözlənilir.