Məqsəd Səttarov. Filosof ömrünün kvintessensiyası

Loqos
                          Firuz Mustafa
                                       

 
 Məqsəd Səttarov öz dövrünün görkəmli filosofu, maarifçisi, pedaqoqu  və nəzəriyyəçisi idi.
Onun yetirmələrinin sorağı bu gün dünyanın müxtəlif guşələrindən gəlir. O, idrak və şüur problemlərini fəlsəfi aspektdə araşdıran görkəmli elm adamı idi. 
 Məqsəd Səttarovun doğum tarixi gah 1924-cü il, gah da 1925-ci il kimi qeyd olunur. Məqsəd müəllim özü bu tarixlə bağlı söhbət düşəndə, adətən, yarızarafat-yarıciddi deyərdi: "Bir onu dəqiq bilirəm ki, may ayında doğulmuçam". Biz də onu adətən hər il may ayının 13-də təbrik edərdik.
 Məqsəd Səttarov  Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olub. 
  İkinci Cahan Müharibəsinin elə ilk günlərindən ordu sıralarına çağırılmış,  ağır və məşəqqətli döyüş yolu keçmiş gələcək filosof, ordudan tərxis edildikdən sonra- 1945-ci ildə  Azərbaycan Dövlət Universitetinə daxil olur. Məqsəd müəllimin özünün dediyinə görə, əvvəlcə riyaziyyat fakültəsinə daxil olubmuş. O zaman ölkədə artıq yaxşı riyaziyyatçılar yetişməkdə idi. Amma tarix fakültəsinin fəlsəfə şöbəsi təzəcə fəaliyyətə başladığından filosof kadrlara böyük ehtiyac duyulurdu. Universitetin rektoru Abdulla Qarayevin təklifi ilə o, yeni açılan ixtisası seçib.
 Məqsəd Məmmədəli oğlu 1950-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş, elə həmin il aspiranturaya daxil olmuş, 1954-cü ildə fəlsəfə doktoru, 1964-cü ildə isə elmlər doktoru üzrə dissertasiyasını müdafiə etmişdir. O, 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 
Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat edib.  

...O, mənim elmi rəhbərim idi. Mənəvi tələbatların inkişafı ilə bağlı olan dissertasiya mövzusunu da onun özü təklif etmişdi. Məqsəd müəllim o illərdə indiki AMEA-nın fəlsəfə kafedrasının müdiri idi. Mən isə Fəlsəfə və Hüquq institutunun elmi işçisi vəzifəsində çalışırdım. Demək olar ki, onunla hər gün görüşürdük. Bəzən məni  də imtahan götürən komissiyanın tərkibinə daxil edirdi. Aspirant və dissertantlardan imtahan qəbul edir, "minimum" imtahanları götürürdük.  
 Günlərin bir günü, növbəti görüşümüz zamanı Məqsəd müəllim, adəti üzrə ağır-ağır, özünəməxsus ləngərli bir nitqlə ordan-burdan söhbət açandan sonra dedi: "A kişi oğlu, imtahanlarda bizə kömək edirsən, buna görə təşəkkür edirəm. Amma istəyirəm ki, sən birdəfəlik bizim kafedraya gələsən. Açığını deyim ki, bizdə aspirantlara, ruscadan fərqli olaraq, Azərbaycan dilində fəlsəfədən dərs deyəcək səviyyədə mütəxəssis yoxdur. Olanlar da ali məktəbə üz tuturlar, görünür orada dolanışıq yaxşıdır. Gəl belə edək, sən Fəlsəfə İnstitutu ilə üzülüş, gəl bu kafedraya. Mən də ta yorulmuşam..."
 Beləliklə, bir xeyli müddət kafedrada işləməli oldum. Orada əvvəlcə dosent, daha sonra professor (vəzifəsini icra edən) kimi fəaliyyət göstərdim. Məqsəd müəllim aspirant, doktorant və müəllim kollektivinə çox tələbkar idi. Hətta, ən yaxın dostları belə ona kiminsə xahişini etməyə çəkinirdilər. Çünki hamı bilirdi ki, onun şüarı -cavabı bu cür olacaqdı: "Madam ki, tapşırırsan, onda daha yaxşı hazırlaşsın, sənin adını batırmasın".
 O zaman aspiranturaya daxil olmaq əmri-mahal idi. Yüksək rəqabət olurdu. Dövlət rəhbərlərinin əksəriyyətinin, habelə tanınmış ziyalıların çoxunun övladları aspiranturada təhsil almağa can atırdı. İndi isə, məlumdur ki, vəziyyət obyektiv və subyektiv amillərdən asılı olaraq bir xeyli dəyişib. Belə ki, biznesə, menecerliyə maraq daha yüksəkdir. Bəli, gələcək alimlərin fəlsəfədən imtahan verməsi elə də asan olmurdu. Amma hamı imtahan komissiyası sədrinin obyektivliyinə inanırdı. İnanırdılar ki, Məqsəd müəllim heç vaxt haqqı nahaqqa  verməz. O, adətən kiminsə biliyini qiymətləndirəndə komissiya üzvləri ilə uzun müddət müzakirə aparır, optimal variantlar axtarırdı.
 Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həmçinin ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətində idi. O, Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi və sağlamlaşdırılması yollarını araşdırıb.
 İdrak və şüur problemləri onu daha çıx düşündürüdü. Hələ 1961-ci ildə yazdığı "Sovet adamlarının süurundakı kapitalizm qalıqlarının aradan qaldırıması haqqında" kitabında çox mühüm bir məsələyə- ictimai şüurun ictimai varlıqdan geri qalmasının səbəb və nəticəsinə toxunmuşdir. Aradan xeyli müddət keçdikdən sonra, 1988-ci ildə nəşr edilmiş  "Sosialist ictimai şüuru" adlanan əsərdə ictimai şüurun bir sıra aktual məsələlərinə işıq tutulmuşdur. Zənnimcə onun şüur problemi ilə bağlı qələmə aldığı "Adi şüur və onun inkişaf dialektikası" adlı yığcam kitab daha əhəmiyyətlidir. Müəllif adi şüurun daha çox şəxsi müşahidə və təcrübəyə əsaslandığını, gerçəkliyin predmet və hadisələrinin mahiyyətini tam aça bilmədiyini, əsasən ötəri təzahürləri əks etdirdiyini konkret misallarla əsaslandırmışdır.
 Dediyim kimi, Məqsəd Səttarov uzun illər din, ateizm və din tarixinin tədqiqi ilə məşğul olmuşdur. Bu cəhətdən onun  "İslam dinində modernizasiya" əsəri diqqəti çəkir. Müəllif göstərir ki, insanların, ictimai həyat şəraitinin inkişafı, habelə insan təcrübəsinin artıb zənginləşməsi ilə əlaqədar dini etiqadlar da dəyişmış, yeni formalar almışdır. Bu proses yenə davam etməkdədir. Belə ki, elmi-texniki tərəqqinin, ictimai həyatın inkişafının təsiri ilə bağlı olaraq dində də müxtəlif dəyişikliklər baş verməkdədir. Onun son əsərlərindən biri- "Fəlsəfə və ideologiya" da maraq doğurmaqdadır.
Məqsəd Səttarov Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi yollarını, habelə  fəlsəfə, din, ontologiya, qnoseologiya və etikanın bir çox aktual problemlərini araşdırmışdır.   
 Məqsəd müəllim Makovelski və  Heydər Hüseynov kimi filosofların yetişdirməsi idi. Heydər Hüseynovun intiharı  onun aspirant və tələbələrinin hamısını, o cümlədən Məqsəd Səttarovu çox sarsıtmışdı. O, arada öz müəllimləri haqqında maraqlı xatirələr danışmağı xoşlayardı.
 Məqsəd müəllim nə qədər ciddi və tələbkar olsa da, bir o qədər də həssas idi. Müharibənin ağrı-acılarını görmüş bu adam heç kəsin taleyinə biganə qala bilməzdi. Yeri gəlmişkən, şahidi olduğum bir hadisəni xatırlatmaq istərdim.
 Yadımdadır, günlərin bir günü "minimum" imtahanları qəbul edirdik. Gələcəyin elm adamları imtahan zalına daxil olur, biletlərini çəkir, kamali-ədəb və ehtiramla suallara cavab verirdilər... İmtahan verənlər zalı tərk edir, onları növbəti "həmkarları" əvəz edirdi. Belə gərgin anların birində qapı açıldı, ucaboy, qamətli bir oğlan daxil oldu. Amma o, tək deyildi, oğlanın qollarının üstündə gənc,  yaraşıqlı  bir ... xanım vardı. Düzü, Məqsəd müəllim də çaşdı, mən də. Əyləşmək üçün yer göstərdik. Oğlan ehtiyat və ehtiramla xanımı kreslada əyləşdirtdi. Təbii ki, onlardan biri imtahan verməyə gəlmişdi. Və çox güman ki, oğlan bu gənc xanımı imtahana gətirmişdi. Görəsən oğlan bu xanımın nəyi idi? Ehtimal ki, qardaşı, qohumu, sürücüsü ola bilərdi... Söhbət əsnasında belə məlum oldu ku ki, anadangəlmə qüsurla doğulmuş xanım imtahan verməyə gəlib. Oğlan onun həyat yoldaşı imiş. Bu yaraşıqlı oğlan bu zərif qızı sevib, onunla ailə qurub. Hər ikisi incəsənət sahəsinin adamı idi. Elmə maraq göstərirdilər. Oğlan əlini uzadıb bilet çəkdi və götürdüyü bileti qıza uzatdı. Qız sualları ucadan oxuyub cavab verməyə başladı. Onun sərrast nitqi, aydın diksiyası, yumşaq səs tembri vardı...
  Bir qədər sonra Məqsəd Səttarov əlinin işarəsi ilə "dayanmaq" işarəsi verdi. Qız susdu.  Məqsəd müəllimin iri, yaşıl-qonur gözlərinin dərinliyində kədər qarışıq bir rəğbət işartısı parlayırdı. O, doluxsunmuşdu. Kitabçasında yazılmış yüksək qiyməti görən qız və onun  həyat yoldaşı da qəhərləndi.
  Məqsəd müəllim üzünü oğlana tutub dedi:
  -Kişi oğlu, xanımın yaxşı hazırlaşdığına görə ona yüksək qiymət yazdıq. Sənə də  bu böyük fədakarlığına görə şifahi də olsa "əla" yazırıq. Gedə bilərsiz. Bir-birinizdən muğayat olun.
 Oğlan təşəkkür edib xanımını ehtiramla qucağına götürdü...
 Mən bu yazını qələmə alarkən, aradan illər keçəndən sonra vaxtilə İncəsənət  İnstitutunun məzunu və əməkdaşları olmuş, artıq vəfat etmiş həmin cütlüyün adını dəqiqləşdirdim: Mehman Abdullayev və Fəridə Allahverdiyeva. Onu da öyrəndim ki, indi onların övladları Türkiyədə yaşayır.
 ...Məqsəd müəllim öz dövrünün övladı idi. O, ağır döyüşlərdən çıxmışdı. Kommunist idi. Sosializmə, marksizmə ürəkdən inanırdı. Sovet quruluşunun dağılmasının da şahidi olmuşdu. Biz hərdən onunla gələcək haqqında söhbət edirdik. Bir dəfə söhbət əsnasında ona dedim ki, tarixi materializm filosofların, sosializm realizmi isə yazıçıların yetişməsinə mane oldu. Razılaşdı. Və əlavə etdi ki, o quruluşun da müsbət cəhətləri az olmayıb.
 Məqsəd müəllim çox maraqlı müsahib idi. Mühazirələri də canlı olurdu. Nitqində qısa fasilələr olurdu, adətən düşünə-düşünə, sanki daha sərrast, daha münasib ifadə və sözləri "seçə-seçə", cilalayaraq danışırdı. Bu hallarda o, daha çox, özünün səliqə ilə yan-yana düzdüyü daşların üstündə naxışlar açan usta memara bənzəyirdi. Məqsəd Məmmədəli oğlu, necə deyərlər "dilinin üstündə dil bitən", yəni onun öz təbirincə desək "bülbül kimi ötən", amma dediklərinin içində hansısa bir rasional fikir olmayan natiqləri qəbul etmirdi. Ranqından asılı olmayaraq bu tipli adamların çıxışını dinləyəndə adətən deyərdi ki, filankəs mahiyyəti üzrə danışmır, mənasız söz yığımı üyüdür, dediyinin fərqinə varmır, cəfəngiyyat söyləyir. Bəli, o, həm yazılı, həm də şifahi nitqdə yalnız  mahiyyət üzrə fikir bildirməyi qəbul edirdi. Başqa sözlə desək, Məqsəd Səttarov həm fəaliyyətin, həm fikrin, həm də ömrün mahiyyətini, yəni kvintessensiyasını aydın şəkildə ifadə etməyin tərəfdarı idi. Əsində elə filosofun missiyası mahiyyətə varmaq, həqiqət axtarmaqdan ibarətdir.
 Məqsəd Səttarovun tanışları çox olsa da, dostları az idi.  Ən yaxın dostu uzun illərinin sınağından çıxmış akademik Firudin Köçərli və sədaqətli aspirantı professor Maqsud Cəlilov idi. Arada görkəmli dilçi alim Vaqif Aslanovu da Məqsəd müəllimin yanında görmək olurdu. O, Səttarovla eyni kənddə anadan olmuşdu. Aralarında 4-5 yaş fərq olsa da universitetdə müxtəlif kurslarda  paralel oxumuşdular. Bilənlər bilir, Vaqif müəllim çox savadlı, poliqlot, prinsipial alim idi. Amma onun hər adamla sözü tutmurdu. Xasiyyəti bir qədər tünd, yumşaq desək dili "iti" idi. Di gəl ki, onun Məqsəd müəllimlə söhbəti alınırdı. Mən sonralar eşitdim ki, 30-cu illərdə Vaqif Aslanovun atası İmaməlini şərləyib həbs edən zaman Məqsəd müəllimin atası onun xilas olması üçün əlindən gələni əsirgəməyib, nəticədə Vaqif Aslanovun atası cəza təhlükəsindən xilas olub. Yəqin ki, bu iki ziyalının xoş ünsiyyətinin yaranmasında bu hadisənin, bu faktın da rolu var idi.

  O, ciddi ailə başçısı idi.  Ziyalı övladları, üç oğlu vardı. Səhv etmirəmsə, Oqtay memar idi. Mikayıl  geoloqdur, Rəcəb isə atasının yolunu seçib, filosofdur, vaxtilə Lomonosov adına MDU-nun  fəlsəfə fakültəsini bitirib.
 Xatırlayıram, sonuncu nəvəsi, Rəcəbin oğlu İsmət anadan olanda Məqsəd müəllim çox sevinirdi. Mən zarafatla dedim: "Məqsəd müəllim, yəqin ki, nəvə də gələcəkdə atası və babasının yolunu seçib filosof olacaq". O, gülümsəyərək dilləndi: "A kişi oğlu, təki xalqımız üçün gərəkli adam olsun". İsmət Səttarov gənc olmasına baxmayaraq məsul işdə çalışır,  hazırda Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədridir, özü də səhv etmirəmsə texnika üzrə fəlsəfə doktorudur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31