Bakının yükünü necə paylaşdıraq?- "İri "mall"ar şəhərdən köçürülməlidir"- ÖZƏL
11:22 SosialAvtobus tıxaclarının artması paytaxt Bakının yükünün azaldılması məsələsini aktuallaşdırır. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlamasında bildirib ki, Bakının yükünün azaldılması üçün ilk növbədə paytaxta yaxın bölgələrdə peyk şəhərlər yaradılmalı, bir sıra sənaye müəssisələri, iri ticarət obyektləri ora köçürülməlidir.
"Bir müddət əvvəl "Sədərək" və "Binə" ticarət mərkəzləri şəhərdən kənara köçürüldü. Nə baş verdi? Həmin müəssisələrin alıcıları azaldımı? Xeyr, azalmadı. Əksinə, bu gün istehlakçıların ən çox üz tutduğu ticarət mərkəzləri həmin bazarlardır. Köçürülmə ilə Lökbatanda və digər yaxın ərazilərdə mənzil -kirayə bazarı canlandı. Şəhərdə, xüsusən Koroğlu -Mərdəkan yolu üzərində tıxaclar azaldı. Yaxşı olar ki, Ələt istiqamətində peyk şəhərlər salınsın. Bakıda yerləşən bir sıra ali məktəblər ora köçürülsün. Çünki ali məktəb rəhbərləri universitetlərin bölgələrə köçürülməsinə müqavimət göstərirlər. Bu üzdən ortaq məxrəcə gəlmək lazımdır. Bakının yükünün azaldılması günün tələbidir. Bu cür davam edərsə yaxın 10 ildə Bakıda yaşamaq mümkün olmayacaq". Elman Cəfərli deyib ki, müasir şəhərsalmada dünya təcrübəsi nəzərə alınmalı, səmərəli metodlardan istifadə olunmalıdır: "Məsələn, dünyanın iri şəhərlərində iri "mallar" şəhərdən kənarda tikilir. Bizdə isə şəhərin mərkəzinə salınır. Bu, yanlışdır. Ortada "Sədərək" və "Binə" nümunəsi var. İri mallar şəhərdən kənarda tikilməli, ətrafında klinikalar, digər iaşə və əyləncə mərkəzləri, hazırlıq kursları, ali məktəblərin hansısa korpusu olmalıdır, belə olarsa şəhərin yükü kənarlara paylanacaq.
İkinci yol, bir sıra ali məktəblərin, sənaye müəssisələrinin, bir sıra dövlət qurumlarının yaxın şəhərlərə köçürülməsidir. Bakı Dövlət Universiteti, İncəsənət və tibb universitetləri xaric əksər ali məktəbləri Şamaxı, Qəbələ, Şirvan, Quba, Xaçmaz kimi şəhərlərə köçürmək olar. Kənd Təsərrüfatı Nazirliyi Yevlaxda da fəaliyyət göstərə bilər. Bir sıra ali məktəbləri yenidən qurulan Ağdam, Xankəndi şəhərinə də köçürmək mümkündür. Bakıda nəqliyyat sıxlığından qaçmaq üçün ictimai nəqliyyat sistemi yaşıl texnologiyalar əsasında mükəmməl qurulmalı, saat mexanizmi kimi işləməlidir. İctimai nəqliyyatı daha cəlbedici etmək üçün güzəştlər də tətbiq olunmalıdır".
İbrahim Məmmədli