Azərbaycan Universitetinin həmtəşkilatçılığı ilə xeyriyyə konserti keçirilib
11:14 SosialAzərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən "Sossfera" Sosial İş Klubu və "Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyinin birgə təşkilatıçılığı ilə "Səslər Birliyə Çağırır" adlı xeyriyyə konserti təşkil olunub. Tədbir 5 may - Əlilliyi Olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
"Kapelhaus" Alman - Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, ictimai birliyin sədri Təranə Musayeva, ictimai birliyin üzvləri və onların valideynləri, universitetin bir qrup pedaqoji heyət üzvü və tələbələri, Pirallahı Gənclər Evinin nümayəndələri iştirak ediblər. Əməkdar incəsənət xadimi Rafael İsgəndərov tədbirin fəxri qonağı olub.
Xeyriyyə konserti əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsinə həsr olunmuş səhnə ilə açılıb. Açılış tədbirin əsas mesajı olan inklüzivliyin və sosial həmrəyliyin vacibliyini iştirakçılara emosional şəkildə nümayiş etdirib.
Açılışın ardınca "Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyinin üzvləri tərəfindən zəngin bədii proqram təqdim olunub. Onlar müxtəlif janrlarda mahnılar ifa edib, şeirlər səsləndirib, o cümlədən rəqslər nümayiş etdiriblər. Çıxışlar iştirakçılarda xoş təəssürat yaradaraq tədbirə xüsusi rəng qatıb. Tədbirin sonunda onlar təşəkkürnamə ilə təltif olunublar.
Tədbirin keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin hüquqlarına diqqət çəkmək, onların cəmiyyətə inteqrasiyasını təşviq etmək və sosial həssaslıq mühitinin gücləndirilməsinə töhfə vermək, eyni zamanda əlilliyi olan şəxslərin ehtiyaclarının qarşılanmasına yönəldiləcək ianələrin toplanmasıdır.


