Əl tutmaq, yoxsa ələbaxanlığa öyrətmək? – Cəmiyyəti iki yerə bölən “kasıblıq” fəlsəfəsi
21:12 SosialSon günlər Azərbaycan şou-biznesinin tanınmış simalarından olan müğənni Təranə Qumralın sosial şəbəkədə səsləndirdiyi fikirlər cəmiyyətdə ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olub. Müğənninin kasıblıq və sosial məsuliyyətlə bağlı sərt və birmənalı qarşılanmayan açıqlamaları qısa müddətdə geniş rezonans doğuraraq sosial şəbəkələrdə, mediada və ictimai platformalarda fəal müzakirə mövzusuna çevrilib.
Təranə Qumral sosial şəbəkələrin birində canlı yayım zamanı "Kasıba niyə əl tutum ki? Ağlı var, kasıb olmasın. Mən gecə-gündüz işləyəcəyəm, sonra gəlib hamıya əl tutacağam?" fikirlərini səsləndirib. Bu açıqlama cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalarla qarşılanıb. Bir qisim insanlar müğənninin fikirlərini fərdi məsuliyyət və şəxsi zəhmət prizmasından dəyərləndirərək, hər kəsin öz həyatına cavabdeh olduğunu önə çəkib. Digər tərəfdən isə sosial həssaslıq, empatiya və ictimai həmrəylik baxımından bu cür yanaşmanın qəbuledilməz olduğunu düşünənlər də az deyil.
Xüsusilə sosial bərabərsizlik, işsizlik, əlillik, sağlamlıq problemləri və digər obyektiv səbəblər üzündən çətin həyat şəraitində yaşayan insanların mövcudluğu fonunda bu fikirlərin səsləndirilməsi ictimai narazılığı daha da artırıb. Tənqidçilər hesab edirlər ki, kasıblıq yalnız fərdi seçim və ya zəifliklə bağlı deyil, eyni zamanda sosial-iqtisadi şəraitin, imkan bərabərsizliyinin və sistemli problemlərin nəticəsidir. Onların fikrincə, tanınmış şəxslərin bu mövzularda daha məsuliyyətli və ölçülü danışması cəmiyyətə mənfi təsirlərin qarşısını ala bilər.
Bununla yanaşı, bəzi sosial şəbəkə istifadəçiləri müğənninin fikirlərini kontekstdən çıxarılmamağa çağıraraq, onun şəxsi həyat fəlsəfəsini ifadə etdiyini və məcburi xeyriyyə anlayışına qarşı olduğunu bildiriblər. Onlar hesab edirlər ki, hər kəsin qazandığını necə xərcləmək və kimə yardım etmək qərarı şəxsi seçimdir və bu, məcburiyyətə çevrilməməlidir.
Fikrimcə, Təranə Qumralın səsləndirdiyi bu fikirlər bir daha cəmiyyətdə sosial məsuliyyət, imkan bərabərliyi, fərdi zəhmət və ictimai həmrəylik anlayışlarının nə dərəcədə həssas və mübahisəli mövzu olduğunu ortaya qoyub. Mövzu ətrafında gedən müzakirələr göstərir ki, sosial problemlərlə bağlı səsləndirilən hər bir fikir, xüsusilə ictimai tanınmış şəxslər tərəfindən deyildikdə, daha geniş kontekstdə qiymətləndirilir və cəmiyyətin müxtəlif təbəqələrinin münasibətini formalaşdırmaq gücünə malik olur.
Sözügedən mövzunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Olaylar.az-a şərh edib:
"Nə qədər qəribə səslənsə də, mən Təranə xanımın mövqeyi və fikirləri ilə razıyam və eyni düşüncədəyəm. Əslinə baxanda, insanlar doğularkən bərabər hüquqlarla dünyaya gəlirlər. Bəli, kimsə varlı ailədə, kimsə tanınmış şəxsin ailəsində doğula bilər, amma bu, insanın həyat boyu uğur qazanacağına zəmanət vermir. Hamı eyni hüquqlarla doğulur və eyni imkanlarla qarşılaşır. Sonrakı mərhələdə, xüsusilə bizim kimi sosial yönümlü ölkələrdə icbari orta təhsil mövcuddur. Əgər insan çalışqandırsa, istəklidirsə və potensialı varsa, dövlət hətta onu xarici ölkələrə oxumağa göndərə bilər. Orada təhsil almaq, peşəkarlaşmaq, geri qayıdıb dövlət qurumlarında işləmək və ya xaricdə qalaraq uğur qazanmaq mümkündür. Bu baxımdan da demək olar ki, yoxsul olmaq insanın öz məsuliyyətidir. Kasıb ailədə doğulmaq valideynlərin günahı deyil, amma sonradan yoxsul qalmaq artıq insanın öz seçimlərinin nəticəsidir. Bu o deməkdir ki, insan ya tənbəllik edib, ya oxumayıb, ya çalışmayıb, ya da öz üzərində işləməyib. Sonra isə günahı dövlətdə, dövlət qurumlarında, ayrı-ayrı şəxslərdə, valideynlərdə və ya məktəbdə axtarır. Elə inkişaf etmiş ölkələr var ki, məsələn, Yaponiya və Cənubi Koreya. Bu ölkələrdə kasıba və ya dilənçiyə pul vermək ictimai əxlaqsızlıq kimi qəbul olunur və cəmiyyət tərəfindən sərt şəkildə qınanır. Məncə, Azərbaycanda da bu mədəniyyəti formalaşdırmaq lazımdır. "Mən kasıbam, mən yoxsulam, mənə kömək edin", "Səkkiz uşaq doğmuşam, mənə kömək edin" kimi yanaşmalar getdikcə qəribə bir sosial davranışa çevrilib. Belə insanlar sosial tənbəllərdir, sosial cəhətdən qeyri-fəal şəxslərdir. Onlar işləmək istəmirlər. Təəssüf ki, cəmiyyətimizdə bu tip insanların sayı getdikcə artır. Gününü divanda uzanıb televizora baxmaqla, sosial şəbəkələrdə vaxt keçirməklə öldürür, sonra isə varlı qohumdan, qaynanadan, keçmiş ərdən aliment umur. Bu nə dərəcədə düzgündür və nə qədər məntiqlidir?
Əgər ölkədə hər kəs üçün bərabər imkanlar yaradılıbsa və kimsə bu imkanlardan yararlanaraq yaxşı mütəxəssis olub, yaxşı qazanc əldə edibsə, bu, onun zəhmətinin nəticəsidir. Bu, nə hansısa varlının, nə də uğurlu bir müğənninin günahıdır.
Bu gün ölkəmizdə ən çox arzu olunan "uğur modeli" nədir? Lotereya bileti almaq. İnsanlar düşünür ki, işləmədən, karyera qurmaqdan imtina edib, təsadüf nəticəsində ev, maşın udmaq mümkündür. Bəs sonra? O evi, o maşını saxlamaq üçün vəsaiti haradan tapacaqsan? Əgər işləmirsənsə, bu mümkün olacaqmı? Bu baxımdan əlsiz, kimsəsiz, əlil, xəstə, yaşlı və uşaqlara kömək etməklə, sağlam dilənçiyə pul vermək arasında yerlə göy qədər fərq olduğunu başa düşməliyik. Ehtiyacı olan insanlar var və imkanlı şəxslər məhz onlara kömək etməlidir. Yoxsa indiki kimi kiməsə özünü göstərmək üçün küçədə dilənçiyə pul vermək doğru deyil. Biz ona balıq veririk, balıq tutmağı öyrətmirik və əslində onu daha da tənbəlləşdiririk.
Kulturoloq bildirib ki, insanları işləməyə, karyera qurmağa, cəmiyyətdə faydalı olmağa təşviq etmək lazımdır. Əksinə, onları dilənçiliyə və əlabaxanlığa öyrətmək böyük bir səhvdir. Sovet dövründə də əlabaxanlıq yalnız əlillərə, köməyə real ehtiyacı olan insanlara aid idi. Sağlam adama pul vermək həm məntiqə zidd idi, həm də dini baxımdan düzgün sayılmırdı. Bu gün də ehtiyacı olan insanlar üçün dövlət qurumları mövcuddur: sosial xidmətlər, aidiyyəti dövlət təsisatları fəaliyyət göstərir. Küçədə bir manat dilənçiyə verərkən düşünməliyik ki, o insan bəlkə də hansısa şəbəkənin üzvüdür. Bu gün uşaqları avtomobil şüşəsi silmək, dilənçilik etmək adı ilə istismar edən qruplar var və yığılan pullar həmin uşaqlara çatmır. Əgər çatsaydı, onların geyimi, təhsili və yaşayışı bu vəziyyətdə olmazdı. Bu uşaqları gecə-gündüz, qarlı havada belə dilənməyə məcbur edən şəxslərin onların taleyi ilə marağı yoxdur. Ona görə də daha geniş düşünməli və yardımlaşma mədəniyyətimizi doğru istiqamətdə yaşatmalıyıq. Keçmişdə Novruz bayramı ərəfəsində insanlar qocaların, xəstələrin, ehtiyacı olanların evinə gedir, real problemlərini həll edirdilər. İndi isə bəzi insanlar mərhəmət hissindən sui-istifadə edərək əlabaxanlığa öyrəşib. Amma bu nə vaxta qədər davam edə bilər? Sağlam insana pul verməklə biz onu bədbəxt edirik, tənbəlləşdiririk və gələcəkdə ailə quranda belə öz ailəsini dolandırmaq üçün çalışmayan birinə çeviririk. Yaponiya nümunəsində olduğu kimi, inkişaf etmiş ölkələrdə dilənçiyə pul verən insan ictimai qınağa məruz qalır. Çünki cəmiyyət hesab edir ki, sən o insanı cəmiyyət üçün daha da yararsız hala salırsan. Bu baxımdan, istər Təranə xanım, istərsə də mən dəfələrlə verilişlərdə vurğulamışıq: sağlam insana dilənçilik mədəniyyəti aşılamaq olmaz və bu düzgün deyil.
Lamiyə Cəbrayılova