Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında  "Yunus Oğuz romanlarında tarixilik və bədiilik" mövzusunda dərs

2 dekabr  2025-ci  il  tarixində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının   AZD2201-2202B qruplarında "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" fənnindən açıq dərs keçirildi. Filologiya kafedrasının müdiri, dosent Gülşən Ağabəy tərəfindən aparılan dərs "Yunus Oğuz romanlarında tarixilik və bədiilik" mövzusuna həsr olunmuşdu.

Açıq dərsdə kafedranın müəllimləri - b/m Eyvaz Şeydayev, b/m Elza Babayeva, Elnurə Şirinova, Nuranə Allahverdiyeva və Murad Məmmədov iştirak etmişlər.

Mühazirə dərsi olmasına baxmayaraq, proses tələbələrlə fəal debat və diskussiya formatında qurulmuş, çünki Yunus Oğuzun romanlarının əksəriyyətini tələbələr öncədən oxumuşdu. Bu da dərsin yeni formatda - müəllim-tələbə mükaliməsi şəklində keçməsinə şərait yaratdı.

Dərs zamanı yazıçının tarixi mövzulara həsr etdiyi əsərlər üzərində geniş təhlillər aparıldı. Səfəvilər tarixini əhatə edən üç roman - "Təhmasib şah", "Səfəvi şeyxi", "Şah arvadı və cadugar", həmçinin 2016-cı ilin Lələtəpə döyüşlərinə həsr olunmuş "Ovçu" və 44 günlük Vətən Müharibəsi qəhrəmanlığını əks etdirən "Cığır" romanı ətraflı müzakirə edildi.

Dosent Gülşən Ağabəy dərs zamanı Yunus Oğuzun Əmir Teymur haqqında yazdığı romanları digər müəlliflərin Teymurla bağlı əsərləri ilə müqayisə edərək maraqlı paralellər apardı. Eyni zamanda, Cumhuriyyət tarixindən bəhs edən "Uçurum" romanı da tələbələrlə birlikdə geniş təhlil olundu.

Dərsdə N.Nərimanovun "Nadir şah" əsəri ilə Yunus Oğuzun "Nadir şah" romanı arasında müqayisəli analiz aparıldı. Müzakirələr zamanı müəllimlər də öz fikirlərini bölüşdü. Xüsusilə b/m Eyvaz Şeydayev "Nadir şah" faciəsi ilə romanın müqayisəsini vurğuladı və fənn proqramının hazırlanmasındakı əməyi üçün dos. Gülşən Ağabəyi qeyd etdi.

Sonda dərsdə fəallığı və daha çox roman oxuması ilə seçilən tələbələr - Nübar Cəfərova, Nərmin Əlisultanova və Aytac Həsənli yazıçı Yunus Oğuzun kitabları ilə mükafatlandırıldılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31