Bakıda dörd fəhlənin faciəvi ölümü – Məsuliyyət kimdədir, kompensasiya necə ödənilməlidir?

Bakı bu gün dəhşətli xəbərlə sarsıldı. Binəqədi rayonunun Biləcəri qəsəbəsində, "Lake Hotel" restoranının yaxınlığında baş verən faciə nəticəsində dörd gənc əməkdaş - 19 yaşlı Cəmil Quliyev, 17 yaşlı Əkbər Zeynalov, 26 yaşlı Cavidan Muradov və 18 yaşlı Eltac Əliyev elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

İlkin məlumatlara görə, gənclər restorandan başqa əraziyə hündür metal nərdivan daşıyarkən yaxınlıqdan keçən 35 kV-luq yüksək gərginlik xəttinə yaxınlaşıblar. Nəticədə güclü elektrik yüklənməsi onların həyatını bir anın içində alıb.

"Azərişıq" ASC-dən bildirilib ki, faciə baş verən həmin 35 kV-luq xətt quruma məxsus deyil: "Həmin yüksək gərginlikli xətt özəl şirkətə məxsusdur və 2007-ci ildə istifadəyə verilib. Xətt "Azərişıq"ın balansında deyil". Əslində isə əsas sual budur: özəl xətt belə yaxınlıqda fəaliyyət göstərərkən təhlükəsizlik tələblərinə kim nəzarət etməli idi?

Ekspertlər bildirirlər ki, istər dövlət, istərsə də özəl elektrik xətləri olsun, onların istismarı, texniki baxışı və təhlükəsizlik normalarına uyğunluğu ilə bağlı məsuliyyət birbaşa xəttin sahibinin üzərinə düşür. Lakin təhlükəli infrastruktur obyektinin yaşayış və kommersiya zonası ilə bu qədər yaxın olması da ciddi sual işarəsidir.

Hadisənin ilkin detalları təhlükəsizlik qaydalarının kobud şəkildə pozulduğunu göstərir: 35 kV-luq hava xəttinin altında və ya yaxınlığında istənilən metal konstruksiyanın daşınması qəti qadağandır. Bu, texniki təhlükəsizlik qaydalarının birinci bəndidir. Əgər xəttin ətrafında xəbərdarlıq nişanları yox idisə və məsafə normativlərə uyğun deyilsə, xəttin sahibi hüquqi baxımdan məsuliyyət daşıyır.

Belə xətlər yaşayış ərazilərindən, ictimai obyektlərdən və insanların sıx toplaşdığı məkanlardan minimum 10-12 metr məsafədə olmalıdır. Əks halda, xətt sahibi məsuliyyət daşıyır.

Kompensasiyanı kim ödəməlidir?

Elektrik xəttinin sahibi - xətt təhlükəsizlik normalarına uyğun deyilsə, xəbərdarlıq işarələri yox idisə, texniki baxış həyata keçirilməyibsə, bu, cinayət məsuliyyəti yarada bilər. Restoranın rəhbərliyi - əməkdaşlara təhlükəsizlik təlimi verilməyibsə, onlar iş zamanı risklər haqqında məlumatlandırılmayıbsa, müəssisə də məsuliyyət daşıyır. Kompensasiya - ölüm halı olduğuna görə ailələrə mütləq təzminat ödənilməlidir. Bu, xəttin sahibinin və ya işəgötürənin məsuliyyəti əsasında məhkəmə qaydasında müəyyənləşdirilir. Əgər xətt dövlət qeydiyyatında olmayıbsa və icazəsiz çəkilibsə, məsuliyyət daha da sərtləşir. Hadisənin bir neçə saniyə içində dörd nəfərin ölümünə səbəb olması yalnız bir şeyi göstərir: yüksək gərginlik xətti kritik dərəcədə təhlükəli məsafədə olub. Metal nərdivan - yüksək gərginlik - nəm hava - bütün bunlar birləşəndə faciə qaçılmaz olur.

Bu faciə növbəti dəfə göstərir ki, Azərbaycanda təhlükəli infrastruktur obyektlərinin nəzarəti, xüsusən özəl xətlərin hüquqi statusu və təhlükəsizlik monitorinqi ciddi şəkildə yenidən qurulmalıdır. Dörd gənc insanın ölümü nə təsadüf, nə də "ehtiyatsızlıq" deyil - bu, kimin isə zamanında görmədiyi işin nəticəsidir.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31