Niyə keçmiş bizə daha gözəl görünür?
23 Oktyabr 2025 19:00 SosialNostalgiyanın artması, indiki dövrə inamsızlıq və köhnəyə duyulan etibar
Demək olar ki, hər birimiz bəzən "keçmişdə hər şey daha yaxşı idi" deyirik. Uşaqlığımız, küçədə dostlarla oynadığımız günlər, nənəmizin evindəki o qoxu...
Keçmişdə hər şey daha sadə, daha səmimi idi. Uşaqlığımızın səsləri, köhnə filmlərin rəngi, o illərin insanlarının baxışındakı istilik - hamısı sanki daha dəyərlidir. Nostalgiya bizə bir anlıq xoşbəxtlik hissi verir. Elə bil beyin bir neçə saniyəlik bizi o illərə aparır, içimizi rahatlıq bürüyür. Halbuki o dövrdə də insanlar çətinlik çəkirdi, amma indi o çətinliklər yadımıza düşmür. Amma maraqlıdır, doğrudanmı keçmiş o qədər gözəl idi, yoxsa biz bugünkü reallıqdan yorulduqca onu ideal hala salırıq? Məncə, keçmiş bizə ona görə gözəl görünür ki, artıq orada yaşamırıq. Hər şey sabit, dəyişməz, sanki qorunmuş vəziyyətdədir. İndi isə hər gün nəsə dəyişir: texnologiya, insanlar, münasibətlər və dəyərlər.
Keçmişin gözəlliyi və nostalgiya hissləri haqqında düşünərkən suallar ortaya çıxır: insanlar niyə keçmişi indiki zamandan daha parlaq və xoş xatırlayırlar? Bu, sadəcə yaddaşın yanılmasıdır, yoxsa dərin psixoloji səbəbləri var? Mövzu ilə bağlı psixoloq, ailə münasibətləri, emosional dayanıqlıq və qərarvermə psixologiyası üzrə ixtisaslaşmış mütəxəssis Nizami Orucov Olaylar.az-a açıqlama verib:

"Bu, sadəcə yaddaşın yanılması deyil, daha dərin psixoloji mexanizmlərlə bağlıdır. İnsan beyni keçmiş hadisələri emal edərkən onları olduğu kimi deyil, daha çox emosional təsirinə əsasən yadda saxlayır. Pozitiv xatirələr daha uzunömürlü və güclü olur, neqativlər isə zamanla ya silinir, ya da yumşalır. Bu seçici yaddaş bizim keçmişə daha parlaq, daha gözəl baxmağımıza səbəb olur. Eyni zamanda, keçmiş artıq baş vermiş və nəticəsi məlum olan bir sahədir və bu da onu daha təhlükəsiz və sabit hiss etdirir. Bu səbəblə keçmiş sanki "ideal" bir dövr kimi görünür. Nostalgiya insan psixologiyasında qoruyucu bir funksiyaya malikdir. Həyatın çətin, qeyri-müəyyən və ya stresli dövrlərində nostalji bizə emosional sabitlik bəxş edir. Keçmişdə yaşadığımız xoş anları xatırlamaq bizə güvən hissi verir, özümüzü daha güclü və bağlı hiss etdirir. Eyni zamanda, nostalji insanın sosial bağlarını da gücləndirir. Ailə, dostlar, doğma məkanlar və dəyərlərlə bağlılıq hissi yenidən canlanır. Bu, fərdin mənəvi dayaq tapmasına və stresslə mübarizədə daha dayanıqlı olmasına kömək edə bilər.
Keçmişi idealizə etmək bəzən real həyatdan uzaqlaşmağa və indiki zamanı dəyərsizləşdirməyə səbəb ola bilər. İnsan keçmişdəki dövrləri o qədər mükəmməl görməyə başlayır ki, bu gün yaşadığı həyat ona mənasız və zəif görünür. Bu hal qərarvermə prosesində də özünü göstərir. İnsan riskdən çəkinir, dəyişikliklərə qarşı müqavimət göstərir və yenilikləri qəbul etməkdə çətinlik çəkir. Nəticədə, şəxs həyatında irəliləyişlərə açıq olmur və geriyə baxaraq yaşamağa başlayır. Nostalgiya bizim kim olduğumuzu formalaşdıran əsas elementlərdən biridir. Keçmiş xatirələr, ailə mühiti, ilk dostluqlar, uğurlar və hətta uğursuzluqlar. Bunların hamısı şəxsiyyətimizin bünövrəsini təşkil edir. O xatirələr bizi biz edən təcrübələrə çevrilir. Nostalji keçmişlə olan emosional körpünü qoruyur, insanın öz keçmişi ilə əlaqəsini saxlamasına və kimliyini mənalandırmasına kömək edir. Xüsusilə də dəyişikliklərin çox olduğu dövrlərdə nostalji şəxsiyyət sabitliyini qorumağa yardımçı olur. Bəzi xatirələr, xüsusilə də güclü, pozitiv və ya həyatımızda dönüş nöqtəsi olanlar, şəxsiyyətimizin bir hissəsinə çevrilir. Onlara qayıtmaq insanın kimliyini, dəyərlərini və daxili sabitliyini xatırlatmaq kimi bir funksiyanı yerinə yetirir. Həmçinin, həmin anlarda hiss etdiyimiz xoş emosiyalar beyində yenidən canlanır və bu, dopamin kimi xoşbəxtlik hormonlarının ifrazını artırır. Ona görə də təkrar xatırlamaq insana ruhi olaraq müsbət təsir edir.
Keçmişə olan maraq və nostalgiya hər yaşda fərqli formada təzahür edir. Gənc yaşlarda nostalgiya daha çox uşaqlıq illərinə və ailəyə bağlılıq hissi ilə ortaya çıxır. Orta yaş dövründə insan artıq müəyyən həyat təcrübələri qazandığı üçün keçmişi daha dərin şəkildə xatırlayır. Yaşlılıqda isə nostalgiya bir növ həyatın qiymətləndirilməsi və mənalandırılması prosesinə çevrilir. Ümumiyyətlə, yaş artdıqca nostalgiya daha güclü olur, çünki insanın keçmişi daha da zənginləşir və dəyərləndiriləcək daha çox təcrübə yaranır".
Mövzu ilə yaşam koçu , psixoloq Günel Əkbərova açıqlamasında qeyd edib ki, insanlar keçmişi indiki zamandan daha parlaq və xoş xatırlayır, çünki beynimiz xatirələri süzgəcdən keçirərək bizə yüngül və mənalı şəkildə təqdim edir. Bu səbəbdən keçmişə baxmaq bəzən indiki anın çətinliklərini yüngülləşdirir və bizə həm təsəlli, həm də güc verir:

" Biz elə bir varlığıq, elə bir bəşəriyyətin övladıyıq ki, həm fiziki, həm psixoloji, həm də emosional olaraq özünümüdafiə mexanizmlərimiz var. Bu, mən deyərdim ki, kainatın bizə verdiyi ən böyük hədiyyələrdən biridir. Məsələn, bir dəfə yolda qəzaya düşmüşüksə, ikinci dəfə o yoldan keçəndə daha ehtiyatlı oluruq. Çünki bədən xatırlayır ki, orada ağrı olub, təhlükə yaşanıb, və avtomatik olaraq daha diqqətli davranırıq. Bu, təkcə fiziki deyil, psixoloji səviyyədə də keçərlidir. Elə bir insan yoxdur ki, yer üzündə travma yaşamamış olsun. Hər kəsin özünə, xarakterinə və emosiyalarına görə travmasının ağırlıq dərəcəsi fərqlidir. Mənim üçün böyük bir travma kimi görünən hadisə, başqası üçün çox kiçik bir şey ola bilər. Hər kəsin travması özünə görədir və o travma müəyyən süzgəcdən keçərək bizə xatırladılır. Ona görə də biz keçmişi xatırlayanda, xüsusən indiki zamanda problem yaşayırıqsa, nostalji hisslər daha da güclənir. Düşünürük ki, "keçmişdə necə xoşbəxt idim, hər şey qaydasında idi". Halbuki o vaxt da problemlər var idi. Sadəcə, indiki problemə fokuslandığımız üçün keçmişdəki çətinliklərimiz süzgəcdən keçmiş, yüngülləşmiş formada bizə gəlir. Biz onu artıq böyük bir problem kimi yox, adi bir xatirə kimi xatırlayırıq. Bununla bağlı müxtəlif psixoloji qoruma mexanizmləri var. Məsələn, elə insanlar olur ki, keçmişdə böyük travmalar yaşayıblar - ölüm, itki, zəlzələ və s. kimi hadisələr.Burada böyük bir boşluq yaranır. Beyin bəzən bu boşluğu doldurmaq üçün heç mövcud olmayan bir hekayə və ya obraz yaradır. Bu, beynin bu vəziyyətini yüngülləşdirmək üçün etdiyi bir müdafiə mexanizmidir. Bəzən görürsən ki, bir şəxs hadisəni danışır, amma sən o hadisəni yaxından bilirsən və fərqli olduğunu görürsən. Çünki beyin o hadisəni dəyişərək, insanı qorumağa çalışır. Başqa hallarda isə, məsələn, bir hadisə baş verir və orada əslində səhv edən mənəm. Amma beynim vicdanımı rahatlatmaq üçün hadisəni elə dəyişir ki, sanki günahkar mən deyiləm. Mənim üçün hadisə elə formalaşır ki, sanki hər şey mənim nəzarətimdə olmayıb. Bu da beynin bizi qoruma formasıdır.
Ümumiyyətlə, nostalgiyada yaşamaq pis bir şey deyil. Həyatda hər şey balans üzərində qurulub. Əgər sən bu balansı qoruyursansa, keçmişi xatırlamaq sənin üçün çox böyük güc mənbəyinə çevrilə bilər. Çünki sən köklərinə, keçmişinə qayıdırsan, yaşadıqlarını və keçdiyin yolları xatırlayırsan. Əgər sağlam psixoloji vəziyyətdəsənsə, keçmişindən daha da güc alırsan. Düşünürsən ki, "mən bu qədər şeyi atlatmışam, deməli, bundan sonra da yoluma davam edə bilərəm". Amma əgər bir insan keçmişdə ilişib qalırsa, bu zaman melanxolik və depresiv bir vəziyyət yaranır. O insan mənfi inanclara, neqativ düşüncələrə daha çox bağlanır və indiki anda yaşamağı unudur. Bu isə artıq balansın pozulduğu deməkdir. Belə bir insan ilk növbədə keçmişini qəbul etməli və indiki anda yaşamağı öyrənməlidir
Hər kəsin nostaljiləri var. Biz gənc ikən bu nostaljiləri xatırlayanda, gənc olduğumuz üçün biz bunu heç nostalji olaraq xatırlamırıq təcrübə kimi görürük. Hər gənc bu dönəmi yaşayır. Gənc olduğumuz üçün hər bir kiçik situasiya bizdə fərqli bir həyəcan yaradır. Gənc yaşda aid olan şeyləri ilk dəfə yaşayanda- sevmək, işə girmək, universitetə daxil olmaq çox fərqli bir həyəcan yaranır. Amma mən artıq orta yaşlara çatanda, həyatın hər üzünü gördüyüm üçün kədərixəyanəti, sevgini gördüyüm üçün artıq bu hallar mənə adi gəlməyə başlayır. Yəni, bu mənim üçün əvvəki kimi həyəcan yaratmayacaq. Necə ki, uşaq vaxtı ilk yeriyəndə dünyanın ən xoşbəxti idik, amma indi bunu adi sayırdıq, sanki belə də olmalıymış kimi. Orta yaş dövrünə çatanda da, gənclər üçün xoş olan şeylər bizə çox adi gəlir. Beynimiz xoşbəxtliyi almadığı üçün artıq bu təcrübələri fərq etməyə azaldır. Ona görə orta yaş dövründə insanlar daha emosional sabitliyə malik olur. Onlar hər şeyi dəyərləndirir və hər şeyə qarşı daha balanslı yanaşır. Yaşlılıq dövründə isə, əgər insan həqiqətən mənalı bir ömür keçiribsə, keçmiş anları xatırlayanda, bu nostalji onun üçün daha qiymətli olur. Həqiqətən mənalı bir ömür yaşayan insanın bədən hafizəsinə, ümumi davranışlarına belə təsir edir. Bu insanlar daha gülərüz, xoşxasiyyətli olurlar, üzlərində "yaşamışam" hissi olur. Amma hansısa insan həyatını "kaşkilərlə"dolu yaşamamışsa, cəmiyyətdə tez-tez müşahidə edirik ki, məsələn, avtobusa, metroya minəndə bir aqressiya var, xüsusən gənclərə qarşı. Mimika, qaş çatması, bədən dili göstərir ki, o xoşbəxt deyil və həyatla içində bir əsəb var. Həyatda bir şeyi itirəndə onun dəyəri daha çox artar. Nostalji elə bir şeydir ki, kimsə həyatındadırsa, onun dəyərini bilməyirik, amma itirəndə xatırlayırıq ki, o mənim üçün çox dəyərli idi. İndiki zamanda yaşadığımız anlar da gələcəkdə bizim üçün nostalji olacaq. Ona görə ən gözəl an indiki andadır. İndiki anı yaşamaq vacibdir. Keçmiş onsuz da beynimiz tərəfindən süzgəcdən keçirilir, bizə xatırladılır. Ona görə keçmişə ilişməyə ehtiyac yoxdur. İndiki anı yaşamalıyıq ki, gələcək nostaljimiz daha xoş olsun. Amma insanlar var ki, bu balansı pozur. Bu, daha çox keçmişlə barışmayan insanlardır. Yaşlı dövrdə keçmişlə barışmaq çətindir. Belə insanlara psixoloqa müraciət etmək lazımdır. Bu, psixoloq üçün də çətindir, çünki yaşanmamış bir həyat var. Psixoloq nə qədər kömək etmək istəsə də, o insan üçün yaşanmamış, dəyərləndirilməmiş həyat var. Reallığı dəyişmək çətindir. Amma orta yaşından əvvəl gənc bir insan keçmişdə qalırsa, məsələn, travma yaşamışsa, psixoloqa müraciət etməlidir. Çünki depressiya halları gənc dönəmdə daha pis təsir edir. Keçmişlə barışmaq vacibdir".
Nəticə etibarilə, keçmiş xatirələrimiz bizi biz edən təcrübələrdir, amma onları idealizə etmək indiki anı görməməyimizə səbəb olmamalıdır. Nostalji bir rahatlıq və güc mənbəyidir, amma həyatın əsl dəyəri indiki anda yaşadıqlarımızdadır. Keçmişə baxmaq bizə dərs verə bilər, amma indiki anı itirməmək daha önəmlidir. Hər anın dəyərini bilmək, onu hiss etmək və yaşamaq gələcəkdə xoş xatirələrimizin daha zəngin olmasını təmin edəcək.
Zeynəb Mustafazadə