Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

Əməkdar mədəniyyət işçisi, yazıçı, jurnalist, "Olaylar" qəzetinin baş redaktoru, vacib mövzularda tarixi romanların müəllifi Yunus Oğuzun həyat və yaradıcılığından bəhs edən "Munis yazılar - 1" adlı yeni kitab işıq üzü görüb.

Kitab müstəqil ədəbi qurum olan "Yazarlar" jurnalı tərəfindən həyata keçirilmiş "Yunus Oğuz - 65"  layihəsinin yekunu olaraq, bu müddət ərzində müxtəlif mətbu orqanlarda,  eyni zamnda "olaylar.az", "yazarlar.az", "zefernews.az" və digər saytlarda yayımlanmış Yunus Oğuzun 65 illik yubileyi münasibətilə ölkənin tanınmış ziyalılarının məqalələri - ürək sözləri, səmimi dost arzuları  əsasında ərsəyə gətirilib.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin "Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar" adlı giriş məqaləsində yubilyarın jurnalist və yazıçı kimi yaradıcılıq fəaliyyəti barədə tam dolğun məlumat verilib.

Kitabda Yunus Oğuz haqqında uzun illərdir onu yaxından tanıyan, çoxşaxəli fəaliyyətinə yaxşı bələd olan Rəşad Məcid, Nizami Cəfərov, Fazil Mustafa, Əkbər Qoşalı, Aydın Mirzəzadə, Vüqar İskəndərov, Zahid Oruc, Səyyad Aran, Təranə Dəmir, Asif Mərzili, Zaur Ustac  və digər qələm adamlarının yazıları yer alıb. "Yazarlar" jurnalının ədəbi tənqid məsələləri üzrə meneceri Günnur Ağayeva  tərəfindən tərtib olunmuş "Munis yazılar - 1" kitabının redaktoru Zaur Ustac, naşiri isə Tuncay Şəhrilidir.

Kitab yaxın günlərdə yubilyara və geniş oxucu kütləsinə təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31