“Adı çəkiləndə tarix xatırlanır: ” Yunus Oğuz haqqında…

"Bu bir həqiqətdir ki, hər bir şəxsin adı çəkiləndə onun özünə məxsus bir assosiasiya yaranır. Yəni o insanı xəyalında canlandıranda dərhal müəyyən bir keyfiyyət yada düşür. Məsələyə bu kontekstdə yanaşdıqda, "Yunus Oğuz" dedikdə mənim ağlıma gələn ilk assosiasiya budur: müasir dövrümüzdə tarixi romanların ustadı." 

Bu sözləri millət vəkili Elman Nəsirov Yunus Oğuza  təbrikində söyləyib:

"Mənə sual veriləndə ki, Azərbaycanda tarixi romanları kim yazır, beynim ilk olaraq onu tapır - Yunus Oğuzu. Düşünmədən deyirəm: o yazıb. "Nadir Şah"ı da o yazıb, "Təhmasib Şah"ı da o yazıb, "Attila"nı da, "Əmir Teymur"u da... Bildiyim qədərilə, 22 ölkədə 47 kitabı işıq üzü görüb. Bax, məndə belə bir assosiasiya formalaşıb və doğrudan da gözəl qələmi var, çox istedadlıdır.
İstedadlı insanlar bənzərsiz olurlar. Bənzərsizlik isə istedada yaraşır - necə ki , bahar seli çaya, qəriblik qürub çağına, məğrurluq dağa, dalğa isə dənizə yaraşır. Yunus Oğuza da bu istedad və bənzərsizlik yaraşır.
Mən uzun müddətdir ki, istedadlı ədibi, jurnalisti, yazarı, həm də ictimai xadimi - Yunus Oğuzu tanıyıram. Onu tanıdığım illər ərzində  hər zaman vətənpərvər bir insan kimi qəbul etmişəm. Həmişə sözünün sahibi olub, həmişə sözünü deyib. Onun üçün ən əsası dövlətdir, dövlətçilikdir.
İstər ictimai-siyasi fəaliyyətində, istərsə də yazdığı əsərlərində bu ruh və bu mövqe özünü göstərir. Və illər necə də sürətlə keçir... 1960-cı ildə, 22 iyulda dünyaya gəlib. Bu tarix - 22 iyul - mənim üçün xüsusi əhəmiyyət daşıyır.
Görünür, bunun da bir mənası var. Elə bil, gələcəkdə Yunus Oğuz təkcə gözəl bir yazar deyil, həm də istedadlı bir jurnalist olacaqmış. Hansı gündə? 22 iyulda - yəni milli mətbuatımızın təməl daşının qoyulduğu gündə.
Yəqin ki, bu təsadüfi deyil. Bu illər ərzində biz görmüşük ki, Yunus Oğuz hər yeni əsərində püxtələşib, hər yeni əsərində öz imzasını daha da tanıdıb. Artıq qeyd etdiyim kimi, Yunus Oğuz dedikdə, tarixi romanları onun qədər yazan ikinci bir şəxs bu gün Azərbaycan ədəbiyyatında ağlıma gəlmir.
Yazarlarımız çoxdur, müxtəlif mövzularda yazırlar, amma tarixi şəxsiyyətləri Yunus Oğuzun qələmi ilə zirvəyə yüksəldən başqa bir yazıçı xatırlamıram. Baxıram : illər necə də tez keçir. İndi dostumuzun 65 yaşını qeyd edirik. Bu gün onu sevən hər kəs - dostları, yaradıcı insanlar, oxucuları - təbrik edirlər.
Mən də bu təbriklərə qoşuluram. Yunus Oğuza möhkəm can sağlığı arzulayıram. Bütün arzularına çatsın. Arzular isə ikidir: biri dostlarla, yoldaşlarla, insanlarla paylaşılan arzular, biri də yalnız Allahla bölüşülən - heç kimə demədiyin arzular. Mən Yunus Oğuza hər iki arzularına çatmağı arzulayıram - həm yaxınlarının bildiyi, həm də Allahla bölüşdüyü arzularına.
Təbrik edirəm, əziz dost, əziz qardaş. Ad günün mübarək olsun! Səsin həmişə ucalardan gəlsin. Dostlarının sevgisini qazanasan və bu sevgini qoruyub saxlaya biləsən. Bunun yolu isə ancaq - yeni-yeni əsərlər yazmaqdır. O əsərlər ki, Yunus Oğuzun istedadını, qabiliyyətini, yaradıcılıq ruhunu tam şəkildə ortaya qoyur və onu geniş oxucu kütləsinin sevimlisinə çevirir.
Bir daha ad günün mübarək olsun!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31