“Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının önəmli simalarındandır” – Taleh Şahsuvarlı
12:00 Sosial"Yunus Oğuz uzun illərdir tanıdığım bir insandır. İlk növbədə, Yunus müəllimi bir insan kimi dəyərləndirmək istərdim. O, olduqca mehriban, dostcanlı və ətrafındakı insanların problemlərinə həssas yanaşan bir şəxsiyyətdir. Bu baxımdan, gənc yaşlarımdan etibarən Yunus Oğuzu tanımağıma, onunla ünsiyyətdə olmağıma və daimi dostluq münasibətlərimizin mövcud olmasına görə özümü xoşbəxt sayıram".
Bu fikirləri yazıçı, jurnalist, AzNews.az analitik-informasiya portalının rəhbəri Taleh Şahsuvarlı Yunus Oğuza təbrikində deyib:
"Yunus Oğuz Azərbaycan ictimai-siyasi həyatının ən önəmli simalarından biridir. O, hər zaman Azərbaycanın müstəqilliyi uğrunda, milli maraqları naminə mübarizə aparıb. Azərbaycanın haqlı mövqeyinin, dəyərlərinin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması üçün ciddi səylər göstərib, bu istiqamətdə böyük töhfələr verib.
Yunus müəllim haqqında biz həm də həmkarımız kimi danışmalıyıq. O, Azərbaycanın müstəqil mətbuatının əsasını qoyan şəxslərdən biridir. Vaxtilə və hazırda rəhbərlik etdiyi nəşrlər Azərbaycan mətbuat tarixində xüsusi yeri olan kütləvi informasiya vasitələridir. Şübhəsiz ki, Yunus Oğuzun həyat və yaradıcılığının ən mühüm sahələrindən biri onun ədəbi fəaliyyətidir. Onun bir çox romanları mövcuddur və bu romanların əksəriyyəti tarixi mövzulara həsr olunub. Demək olar ki, onların böyük bir qismini oxumuşam. Bu əsərlər yüksək peşəkarlıqla yazılıb və Azərbaycan tarixi şəxsiyyətlərinə həsr olunub. Bu romanlar yeni nəslə və ədəbi oxuculara həmin şəxsiyyətləri tanıtmaq istiqamətində mühüm işlərdən biridir. Təsadüfi deyil ki, Yunus Oğuzun bəzi romanlarından parçalar dərsliklərə salınıb, yaradıcılığı isə tədqiqatçılar tərəfindən geniş şəkildə araşdırılıb. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatının ən önəmli nümunələrindən biri kimi qiymətləndirilir. Yunus müəllimi doğum günü və yubiley yaşı münasibətilə təbrik edirəm. Sevindirici haldır ki, bu yubiley Azərbaycan mətbuatının 150 illiyinə təsadüf edir və Milli Mətbuat Günü ilə eyni tarixdə qeyd olunur.
Bu baxımdan, hər iki əlamətdar gün münasibətilə Yunus müəllimi səmimi-qəlbdən təbrik edirəm!".