Yunus Oğuz sözün həqiqi mənasında, üz tutulası, qapısı döyüləsi bir ziyalıdır...
15:00 SosialTam gənclik illərindən tanımışam Yunus Oğuzu, Milli hərəkat, azadlıq mübarizəsinə qatıldığımız anlardan. Əlbəttə ki, bu tanışlıq o dövrlərdə uzaqdan uzağa, hərəkat dövrünə təsadüf edirdi. Şəxsi tanışlığımız yox idi.
Daha sonralar onun jurnalistlik fəaliyyəti, yazıçılığı, vətənpərvərliyi, haqqında eşitdiyim və müşahidə etdiyim digər xüsusiyyətləri, Yunus Oğuzu şəxsən tanıdıqdan sonra ona dost, ustad deyərək müracəit etməyimə əsas verdi. O, sözün həqiqi mənasında, dost deyərək üz tutulası, qapısı döyüləsi bir ziyalıdır, insandır.
Yadımdan çıxmaz, 2003-cü ildə "Yeni Xəbər" qəzetini yenicə təsis edib, dərc edirdik. Baş redaktor olaraq Yunus bəylə görüşdüm, rəhbərlik etdiyi "Olaylar" İnformasiya Agentliyinin xəbərlərindən istifadə etmək istədiyimi və kömək etməyini istədim. Həmən razılıq verdi, əməkdaşlarına da tapşırdı ki, digər məsələlərdə də kömək etsinlər. Təmənnasız. Onun xeyirxahlığını unutmadım. Əməkdqaşlığımız bu gün də davam edir və mən Müstəqil.Az xəbər portalının yaradıcısı və baş redaktoru olaraq gərəkən zamanlarda artıq dostum olan Yunus bəylə məsləhətləşmələr edir, onun təcrübəsinə və diqqətinə güvənirəm.
Yunus Oğuzun bir yazıçı kimi nəinki Azərbaycan oxucuları, eləcə də ölkəmizdən coğrafi tərəfdən çox -çox uzaqlarda,mənəvi cəhətdən isə bizə yaxın olan ölkələrdə tanınmasına, oxunmasına, sevilməsinə təsadüf etmişəm və sevinmişəm. Bu, Azərbaycan ədəbiyyatının, Azərbaycan yazıçısının tanınması, oxunması və sevilməsidir.
Onun tarixi mövzuda qələmə aldığı romanların müxtəlif illərdə, müxtəlif saylarda, müxtəlif ölkələrdə dərc olunması da bizlərə, xüsusi olaraq, dost kimi mənə qürur gətirən hadisələr sırasındadır.
Şəxsi keyfiyyətləri ilə də çoxlarna örnək olan dostum Yunus Oğuz ömrünün 65-ci ilinin həndəvərindədir. Bu günlərdə ahıllığın gənclik illərinə qədəm qoyacaq. Lakin onunla söhbət etdikdə, yaradıcılığına, yazdığı tarixi romanlarına, türk törələri ilə bağlı publisist və araşdırma yazılarına nəzər saldıqca, oxuduqca bir daha əmin olursan ki, illər dəyişsə də o həmişə olduğu kimi, yenə də gənclik enerjisi ilə yaşayıb-yaradır, yeni nəsillər tərəfindən də tanınır və sevilir.
Yunus Oğuz illər öncə, elə indinin özündə də ölkənin ictimai və siyasi həyatındqa ön sıralarda olub. Özünün şəxsi xarakterində olduğu kimi siyasi baxışlarında da dəyişməzliyi ilə çoxlarından fərqlənir və nümunə olaraq yaddaşlarda qalır. Ona uğurlar arzulayır, uca Tanrıdan uzun ömür və cansağlığı istəyir, Çox yaşasın, xoş yaşasın, deyirəm.
Faiq Balabəyli,
şair, AYB-nin üzvü, Müstəqil.AZ saqytının baş redaktoru.