Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində çox işlər görüb

Dostum, qələmdaşım Yunus Oğuzla tanışlığımızın tarixini xatırlamıram. Mənə elə gəlir ki, onunla bir məkanda və bir  zamanda anadan olmuşuq. Cavanlıqdan yox, uşaqlıqdan bəri yol gəlirik və bu yolun sonsuzluğuna inanıram. Yunusun bir sözü var, deyir ki, mən ruh, əqidə, düşüncə qohumluğunu qan, bioloji qohumluqdan üstün sayıram. Mənə görə, düz deyır. Biz onunla ruh qohumuyuq.
Yunus Oğuz vətənimizdə türkçülük şüurunun gəlişməsində, türk kimliyimizi tanımağımızda ideoloji baxımdan çox işlər görüb: istər öz əsərlərində, istərsə davranışında və tarixi romanlarında. O, Azərbaycanımızda tarixi romançılığı inkişaf etdirən yazarlarımızdandır və son illər bir-birinin ardınca uğurlu əsərlər yazır.  "Nadir şah", "Əmir Teymur", "Çingiz xan", "Təhmasib şah" onun qələmində yeni obraz kimi qarşımıza çıxır. Onun Qarabağ müharibəsinə həsr etdiyi, hələki son "Cığır" romanı da oxucularımızın rəfində mühüm yer tutur.
Mən Yunus Oğuzun əsərlərinin çoxunun bədii redaktoru olmuşam və deməli, hamısını da oxumuşam.
O, Azərbaycanda müstəqil mətbuatın yaradıcılarından biridir. Uzun illərdir ki, "Olaylar Holdinq"ə uğurla rəhbərlik edir. Bu redaksiyadan onlarla istedadlı jurnalist çıxıb və indi ölkəmizin müxtəlif mətbu orqanlarında çalışırlar.
Yunus Oğuz etibarlı dost, sirdaşdır. Onun haqqında müxtəlif nəslə mənsub ədəbiyyat biliciləri və həmkarları çoxsaylı yazılar yazıblar. Onların arasında mən də varam.
Yunus Oğuz gözəl babadır.
Dostumun yubiley yaşını təbrik edir, ona can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıram...

Elçin Hüseynbəyli

yazıçı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31