"Tarixi romanların müəllifi, publisist qələmin ustası – Yunus Oğuz 65 yaşında"

22 iyulda tanınmış yazıçı, publisist və "Olaylar" qəzetinin təsisçisi və baş redaktoru  Yunus Oğuzun doğum günüdür. Bu münasibətlə Əməkdar jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, professor Qulu  Məhərrəmli onu ürəkdən təbrik edib:

"Yunus Oğuz bizim tanınmış yazıçımız, gözəl nasirimiz və daim hadisələrin içində olan publisistimizdir. Onun son illərdə qələmə aldığı tarixi romanlar Azərbaycan cəmiyyətində çox ciddi qarşılanır. Bu əsərlər yüksək qiymətləndirilir. Onlar daha çox Şərq hökmdarları, Azərbaycan tarixinin görkəmli simaları, böyük bir regionda hadisələrin önündə olmuş, tarixi yaradan sərkərdələr və hökmdarlar haqqındadır. Hesab edirəm ki, bu əsərlər xüsusən gənc nəslin maraqla, sevə-sevə oxuduğu romanlardır.
Məsələn, "Nadir Şah", "Əmir Teymur" kimi romanlar Azərbaycan nəsrinin bu günkü çox ciddi nailiyyətləri hesab oluna bilər. Gözəl tərəfi də budur ki, tarixin ədəbiyyat vasitəsilə, ədəbi nümunələrlə təbliğ olunması dünya nəsrində maraqlı tendensiyalardan biridir. Azərbaycan ədəbiyyatında da bu tendensiya  XX əsrin əvvəllərindən mövcuddur və bu ənənəni bu gün çox uğurla Yunus Oğuz davam etdirir.
Bu romanlar təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında, Orta Asiya respublikalarında da böyük maraqla qarşılanır, yayılır, çap olunur və buna yalnız sevinmək olar.
Onun maraqlı yazı texnikası, tarixi faktlarla işləmə bacarığı, dünənlə bu gün arasında paralellər aparması, tarixi incəlikləri bədii elementlər vasitəsilə bugünkü nəslə çatdırması Yunus Oğuzun bir yazıçı kimi ən gözəl cəhətlərindəndir.
Onu otuz ildən çoxdur tanıyıram. Həmişə fəlsəfə və sosiologiya problemləri ilə maraqlanan, cəmiyyətin bugünkü mənəvi-ekoloji durumunu əks etdirən, problemləri göstərən, Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı gedən tendensiyaları ustalıqla qələmə alan bir publisistdir Yunus Oğuz. Yəni, o, bizim ən məhsuldar publisistlərimizdən biridir.
Demək olar ki, hər hadisəyə münasibəti var, hər problemə xüsusi yanaşması var. Onun püxtələşmiş publisist qələmi bu gün sözün əsl mənasında Azərbaycan publisistikasına və ictimai düşüncəmizə çox ciddi mesajlar verir.
Hazırda özünün ən kamil, ən yetkin yaş dövrünü yaşayır - 65 yaşı tamam olur. Bu münasibətlə əziz dostumuzu, gözəl yazıçımızı, publisistimizi ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31