Ayrı-ayrı sosial media platformalarında Azərbaycanda keçiriləcək COP29 konfransı əleyhinə saxta hesablarla qarayaxma kampaniyası faktı aşkarlanıb - Vüqar Zifəroğlu
6 Noyabr 15:55 SosialAyrı-ayrı sosial media platformalarında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əleyhinə geniş miqyaslı aktiv kompaniya aparan əksər profillərin kordinasiya olunmuş şəkildə və saxta hesablardan istifadə etmələri faktı aşkarlanıb.
Olaylar xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədrinin müavini Vüqar Zifəroğlu "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri" mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, Birləşmiş Millətlər Təşkilatının növbəti iqlim dəyişikliyi konfransı olan COP29-un yaxınlaşması ilə müxtəlif ölkələr və qlobal maraq qrupları Azərbaycanı informasiya hədəflərinə çevirməkdədirlər:
"Bu hücumların səbəbləri, məqsəd və strategiyaları, həmçinin onların Azərbaycanın beynəlxalq nüfuzuna və daxili işlərinə təsiri xüsusi araşdırma tələb edir.
Ayrı-ayrı sosial media platformalarında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əleyhinə geniş miqyaslı aktiv kompaniya aparan əksər profillərin kordinasiya olunmuş şəkildə və saxta hesablardan istifadə etmələri faktı aşkarlanıb. Saxta profillər COP29 həştəqi altında eyni anda, eyni məzmunda avtomatlaşdırılmış yazılar yerləşdirilir və beləliklə də ictimai rəyi çaşdırmağa cəhd göstərirlər. Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması funksiyasını yaratmaqdır".
V. Zifəroğlu bildirib ki, bu mənada COP29 ərəfəsində Azərbaycana qarşı təşkil edilən informasiya hücumlarını mahiyyət etibarilə üç əsas istiqamətdə qruplaşdıra bilərik:
"Bunlardan birincisi ətraf mühit və iqlim dəyişiklikləri ilə bağlıdır. Azərbaycanın neft və qaz istehsalı ilə bağlı ekoloji narahatlıqlara səbəb kimi göstərilir. Ölkənin ətraf mühitə mənfi təsir göstərdiyi iddiaları qlobal iqlim dəyişikliyi kontekstində qabardılır.
İkinci istiqamət enerji tranziti və təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan mühüm enerji layihələrində iştirak etdiyindən enerji marşrutları və tranzit təhlükəsizliyi kimi məsələlərdə hücumlara məruz qalır. Bu hücumlar Azərbaycanın enerji sektoruna və beynəlxalq enerji bazarında roluna müəyyən təsirlər göstərmək məqsədi daşıyır.
Üçüncü istiqamət isə insan hüquqları və demokratik inkişaf, eyni zamanda etnik azlıqlarla bağlı olan məsələlərdir. Burada da beynəlxalq təşkilatlar və media qurumları insan hüquqları, ifadə azadlıqları və siyasi sabitlik məsələləri ilə geniş manipulyasiya edərək Azərbaycana münasibətdə qarayaxma kampaniyası aparmaqdadırlar".
"Ümumiyyətlə, informasiya hücumları müxtəlif media vasitələri, sosial şəbəkələr, qeyri-hökumət təşkilatları və fərdi aktivistlər tərəfindən təşkil olunur. Azərbaycanın enerji resurslarına və geosiyasi mövqeyinə görə diqqət mərkəzində olması bu hücumları intensivləşdirib", - V. Zifəroğlu vurğulayıb.