Tixanovskaya nəyə görə tənqiddən "Dostluq mesajına" keçdi? – RƏY – ÖZƏL

AvroNest Parlament Assambleyasının 12-ci plenar iclasına videomüraciətində Belarus müxalifət lideri Svetlana Tixanovskaya bu qurumu Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova parlamentarilərini bir araya gətirən yeganə platforma adlandırıb. O, AvroNest-in müxtəlif ölkələrin problemlərini və nailiyyətlərini bölüşmək baxımından mühüm rol oynadığını qeyd edib. Tixanovskaya həmçinin Azərbaycana münasibətlərin qurulmasına açıq olduqları barədə mesaj göndərib.

Qeyd edək ki, Tixanovskaya 44 günlük müharibə zamanı və sonrasında Azərbaycana qarşı tənqidi açıqlamaları ilə tanınmışdı, bu da onun son "dostluq mesajı"nın səmimiliyinə dair suallar yaradır.

"Azərbaycan müharibədən sonra regionda tamamilə yeni reallıqlar yaradıb və artıq hər kəs anlayır ki, Azərbaycanın gücü ilə hesablaşmaq lazımdır. Buradakı əsas, həssas məsələ də məhz budur. Belarusda hakimiyyət iddiasında olan Svetlana Tixanovskaya da artıq başa düşür ki, MDB məkanında ən güclü və inkişafda olan ölkə məhz Azərbaycandır".

Bu fikirləri sözügedən məsələni Olaylar.az-a şərh edərkən siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycanın həm Rusiya ilə münasibətlərində əldə etdiyi nəticələr, həm də Fransa ilə yaşanan gərginlikdə qazandığı üstün mövqe bu reallığın göstəricisidir. Bütün bunlar Azərbaycanın xarici siyasətinin nə qədər düzgün və məqsədyönlü şəkildə qurulduğunu nümayiş etdirir.

"Son zamanlar Qərblə münasibətlərin normallaşması, eyni zamanda ABŞ-nin regiona artan marağı və Azərbaycanın beynəlxalq arenada nüfuzunun yüksəlməsi də diqqət çəkir. Qərb tərəfindən dəstəklənən Tixanovskayanın da bu dəyişiklikləri müşahidə etməsi nəticəsində o, Azərbaycana qarşı dostluq mesajları verir," - deyə ekspert qeyd edib.

Siyasi şərhçinin fikrincə, bu fakt onu göstərir ki, vaxtilə ölkəmizə qarşı tənqidi mövqedə olan qüvvələr belə indi Azərbaycanla əməkdaşlıq və yaxınlaşma siyasəti yürütmək istəyirlər. Azərbaycanın həyata keçirdiyi xarici siyasət o qədər düzgün və balanslıdır ki, əvvəllər əleyhdar mövqedə olan tərəflər belə artıq ölkəmizlə dostluq əlaqələri qurmaq niyyətindədirlər.

"Qərblə münasibətlərin tədricən normallaşması və Azərbaycanın regionda artan rolu Tixanovskayanın da ölkəmizlə bağlı mövqeyinə ciddi şəkildə təsir göstərib," - deyə Zeynal Əmrəliyev sonda əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31