Metro niyə “ölüm yolu”na çevrilir?
11 Oktyabr 18:42 SosialBir müddət əvvəl Bakı Metropoliteni QSC-nin "28 May" və "Ulduz" stansiyalarında sərnişinin qatar yoluna düşüb həyatını itirməsi ilə bağlı xəbərlərin şahidi olduq. Əlbəttə ki, bu ilk belə hadisə deyil. Uzun zamandır şəhərdə insanların sayının artması ictimai nəqliyyatda da sıxlığın artmasına səbəb olur və nəticədə belə neqativ hallarla qarşılaşırıq.
Bu hadisələr həmişə hansısa sərnişinin qapı arasında qalması, yaxud qatar yoluna düşməsi ilə nəticələnməsə də, yaranan sıxlıq səhhətində problem olan şəxslər üçün dözülməz hala çevrilir. Statistikaya nəzər salsaq, metroda ürəktutmadan vəfat edənlərin də sayı az deyil.
Əvvəllər də sıxlıq olardı, amma indi bu hal daha da artıb və belə hadisələrlə nəticələnir. Bu sıxlığın artmasının səbəbi nələrdir? Ölüm hallarının qarşısının alınması üçün kim, hansı tədbirlər görməlidir?
Sosioloq Elçin Bayramlı bildirir ki, bu problemin qarşısının alınması üçün birincisi, Bakıda sıxlığın aradan qaldırılması, ikincisi, şəhər nəqliyyat sisteminin, o cümlədən, metronun hərəkətinin düzgün təşkili lazımdır: "Bu problemin səbəbi əslində çox fundamentaldır, dərin səbəblərdir. Bu, Bakının həddən artıq yüklənməsi, əhalinin normadan ən azı iki dəfə çox olması, sərnişin axınının tənzimlənməməsi, şəhər nəqliyyat sisteminin bərbad vəziyyətdə olmasıdır. Deməli, Bakı dünyada bəlkə də yeganə şəhərdir ki, iri şəhərlərdən söhbət gedir, yerüstü nəqliyyat sistemləri yalnız bir sistemdən ibarətdir. Bu da avtobus nəqliyyatıdır. Dünyada ikinci belə bir şəhər yoxdur, heç vaxt da olmayıb. Bütün iri şəhərlərdə avtobuslar, tramvaylar, trolleybuslar, müxtəlif elektrik qatarları formasında, bəzi şəhərlərdə dəniz katerləri formasında, yəni bir neçə növlərdə sərnişin nəqliyyat sistemləri fəaliyyət göstərir və şəhərin sərnişin axınını tənzimləyir, bunu normal hala salır. Bakıda isə bunların hamısı tamamilə məhv edilib. Vaxtilə bizdə var idi. Tamamilə məhv edildi və bütün yük avtobusların üzərinə düşüb. Avtobuslar da bu işi apara bilmir, çatdıra bilmir. Intervalları çoxdur, avtobus sayı azdır. Üstəlik, əhali sayı çoxdur. Təbii ki, bu halda bütün yük metronun üzərinə düşür. Metroda yaranan sıxlıq artıq dözülməz həddə çatıb. Hətta perronlarda, keçidlərdə ümumiyyətlə girib-çıxmaq mümkün deyil. Belə bir sıxlıq da nəzərə alsaq ki, tamamilə havasız, oksigensiz bir vəziyyətdir, bu halda bir çox xəstəliyi olan insanlar huşunu itirə bilər, baş gicəllənə bilər, müxtəlif formalarda havasızlıqdan, yorğunluqdan təmas xəttində duran adamlar yıxıla bilir. Belə bir hallar normaldır, ola bilər.
Bunun qarşısını almaq məsələsinə gəldikdə, dediyim kimi, bu köklü səbəbləri aradan qaldırılmasa bu, belə də olacaq. Amma belə cari tədbirlər kimi bir variant var, o da çox baha başa gəlir. Onu bizdə eləməzlər. Bilirsiniz, bəzi ölkələrdə qatar xəttinə yaxın açılıb-bağlanan şüşə formasında xüsusi mühafizə zolağı düzəldilir, yalnız qatar dayandıqdan sonra açılır, sonra bağlanır. Bu bizdə əmələ gələn deyil. Bura 100 milyonlarla vəsait lazımdır. Ona görə də, əlac qalıb ki, ancaq nəzarətçilərin sayını artırmaq, xətt boyu indi bir nəzarətçi olur, ən azı iki nəzarətçi qoymaq ki, insanları müəyyənləşmiş səddən o yana keçməyə imkan verməsin. Hər hansı bir hadisə olanda da tuneldə olan qatarın dərhal dayandırılması üçün nəzarətçinin birbaşa səsinin hər hansı bir texniki formada maşınistə çatması lazımdır. Hər hansı bir formada və yaxud bir pult formasında, bir əlindəki aparatına siqnal verərək, yəni artıq stansiyaya daxil olmaqda olan qatar belə halda əvvəldən bilməlidir. Yalnız bu formada mümkündür ki, bu halların qarşısı alınsın, nəzarətçilər ciddi baxmalıdır, xətt boyu heç kəsin yaxınlaşmasına, qoyulmuş sarı xəttdən o tərəfə keçirməsinə imkan verməməlidir. Hər hansı bir hadisə olanda da yenə insanlar tez qarşısını alıb, köməkləşib həmin adamı çıxarmalıdırlar. Buna qədər də qatarın dayandırılması ilə bağlı çox operativ tapşırıq verilməlidir. Yalnız belə bir halda faciələrin qarşısını almaq olar. Amma bunlar da müvəqqəti tədbirlərdir, ümumiyyətlə problemi çox da aradan qaldırmır. Yeganə variant olardı ki, nəqliyyat sistemini normal hala gətirsinlər. Yəni dünyada normal necədirsə, bizdə də elə. Son aparılan islahatlar vəziyyəti daha da ağırlaşdırır. Taksilərin kəskin azaldılması, yolüstü şəxsi maşınlarla bir manatdan insanları aparanlara problem yaradılması, halbuki sərnişinlərin bir çoxunu onlar daşıyırdı, bütün bunlar az qala daha da nəinki metroda, avtobuslarda da sıxlığı, gərginliyi artırıb. Hər gün avtobuslarda sıxlıq səbəbindən dava düşür. Bu tədbirlər kompleksdir, böyük bir vəziyyətə gətirib çıxarılıb. Uzun illər yığılıb, indi bunun həlli artıq çox çətindir. Yəni yenə də mümkündür. Amma vaxtında şəhər artıq bu vəziyyətə salınıb. Mən hesab edirəm ki, mütləq kompleks tədbirlər görülməlidir. Nəqliyyat sistemində yükün, sıxlığının aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bunu eləsələr, metroda heç əlavə struktur qurmağa da ehtiyac olmaz. Tutaq ki, normal sərnişin seyrəkliyi olanda digər problemlər yaranmır, yəni havasızlıq yaranmır, kimsə özündən getmir, huşunu itirmir və yaxud nəzarətçinin bütün perona nəzarət etmək, görmək imkanı, müdaxilə imkanı olur. Halbuki indi bu yoxdur. Bax, bu məsələlər kompleksdir, hamısı proqram şəklində. Bakı şəhərində vəziyyətin yaxşılaşdırlması üçün nəqliyyat sistemi düzəlməlidir. Lap dərin səbəblərə getdikdə əhalinin Bakıdan azaldılması lazımdır. Halbuki regionların inkişaf etməsi buna imkan vermir, əksinə, getdikcə pisləşir. Yəni nə qədər hökumət guya tədbir görsə də, bu tədbirlər dekorasiya xarakterlidir. Zorakı yolla nəyisə düzəltməyə çalışırlar. Bu mümkün deyil. Bunun səbəbləri aradan qaldırılmalıdır. Səbəbləri də dediyim kimi, birincisi, Bakıda sıxlığın aradan qaldırılması, ikincisi, şəhər nəqliyyat sisteminin, o cümlədən, metronun hərəkətinin düzgün təşkilidir".
Təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza da bildirir ki, ölüm hallarının qarşısının alınması üçün müxtəlif üsullardan istifadə etməklə tədbirlər həyata keçirmək lazımdır:
"Son zamanlar, şəhərdə olan sıxlıq, metroda olan sıxlıq təbii ki, ölüm hallarına da gətirib çıxaracaq. Məsələn, inkişaf etmiş ölkələrdə və yaxud da ki, qonşu ölkələrdə də müşahidə olunur. Məsələn Türkiyədə bəzi metrolarda bu cür təcrübə var ki, təhlükəsizliyi təmin etmək üçün qatarla sərnişinlərin dayandığı aradan şüşədən bir hasar kimi çəkilib. O cür üsullara əl atmaq olar və başqa üsul olaraq da sıxlığın qarşısını almaq üçün alternativ üsullardan istifadə etmək lazımdır. Onsuz da avtobus yolları ayrıldı. O da bir alternativ kimidir. Yəni bu cür həll yollarından istifadə etmək lazımdır.
Ümumi isə bu məsələnin kökdən həlli odur ki, Bakı artıq, belə deyək, bu qədər əhaliyə tab gətirə bilmir. Onsuz da çoxdandır plan var idi ki, müəyyən obyektlərin, dövlət obyektlərinin, əsasən də buradan köçürülməsi və yaxud da universitetlərin şəhərdən çıxarılması, şəhər kənarlarında yerləşdirilməsi, planı var. Yəqin ki, dövlət tez bir zamanda buna əncam çəkəcək".
Göründüyü kimi, metro həqiqətən də yüksək təhlükə riski mövcud olan və insanların ən çox üz tutduğu, istifadə etdiyi nəqliyyat növlərindən biridir. Ekspertlər də bildirir ki, metronun əlçatanlığı və rahatlığı ilə bərabər, elementar təhlükəsizlik qaydalarına da riayət olunmalıdır.
Röyalə Xəyal