Süni gülüşlər
11 Oktyabr 17:07 SosialSosial şəbəkələrin həyatımıza daxil olması ilə insanlar arasında ünsiyyətin sürəti və forması böyük ölçüdə dəyişdi. Əvvəllər yalnız üz-üzə görüşlər, zənglər və yazılı məktublarla mümkün olan ünsiyyət indi bir neçə saniyə içində ekranın arxasında baş tutur. Lakin bu yeni ünsiyyət forması ilə birlikdə səmimiyyətin yox olması, robotik davranışların artması və sosial təzyiqlərə uyğunlaşma kimi yeni problemlər də meydana çıxır. Bu problemlərin ən qabarıq təzahürlərindən biri isə real həyatda qarşılığı olmayan reaksiyaların, simvolların geniş yayılmasıdır. Gülüşün simvolik hala gəlməsi, insan təbiətinin bir hissəsi olan emosiyaların sosial mediada süni şəkildə ifadə edilməsi məsələsini gündəmə gətirir.
Sosial mediada reallıqdan kənar reaksiyalar vermək artıq normaya çevrilib. "Gülüş reaksiyası" bu reaksiyaların ən çox rast gəlinən formalarından biridir. İnsanlar, bəzən gerçəkdə heç vaxt gülməyəcəkləri, hətta bəzən ciddi qəbul etməli olduqları hadisələrə belə bu reaskiya ilə cavab verirlər. Sanki reallıqla əlaqəni itirərək, qarşı tərəfi razı salmaq və ya gözlənilən normaya uyğun davranmaq üçün bu süni reaksiyanı seçirlər. Bu, sosial şəbəkələrdə insanların öz həqiqi hisslərini gizlədərək, yerinə ümumi qəbul olunan şablon davranışları nümayiş etdirdiklərini göstərir.
Gerçək həyatdakı emosiyalarımız zamanla üz ifadələrimiz, bədən dilimiz və səs tonumuzla qarşı tərəfə ötürülür. Amma sosial şəbəkələrdə emosiyalar yalnız simvollar vasitəsilə çatdırılır və bu simvollar gerçək hisslərimizi tam əks etdirmir. Bir çox hallarda "gülüş reaksiyası" yalnız bir etiket kimi istifadə olunur - sadəcə olaraq başqalarına uyğunlaşmaq üçün qoyulur. Həqiqətən gülmədiyimiz, hətta bizdə heç bir emosiya oyatmayan bir paylaşıma belə bu reaksiyanı qoymaq, sanki sosial bir təzyiqin nəticəsidir.
Süni maskalar və robotlaşma
Sosial şəbəkələrdə özümüzü göstərmə tərzimiz bir növ sosial maskaya çevrilir. Hər birimiz müəyyən çərçivələr daxilində davranmaq, başqalarının gözündə qəbul olunmaq istəyirik. Bu, bir çox hallarda bizim həqiqi şəxsiyyətimizdən uzaqlaşmağımıza və sosial mediada başqa biri kimi davranmağımıza gətirib çıxarır. Bu "başqa biri" isə daha çox normanın tələb etdiyi şəkildə davranan, həqiqi duyğularını gizlədən və yerinə süni reaksiyalar göstərən bir varlıqdır. Hətta bəzi insanların iki həyatı var: sosial şəbəkə və real həyat. Bu, müasir dövrdə sosial şəbəkələrin insan həyatında oynadığı rolu və bu platformalarda insanların sərgilədiyi davranışların reallıqdan necə fərqləndiyini göstərir. İnsanlar sosial şəbəkələrdə daha mükəmməl bir imic yaratmağa çalışırlar. Bu isə bəzən onların reallıqda olduğu kimlikdən uzaqlaşmalarına səbəb olur. Sosial mediada paylaşılan şəkillər və yazılar, insanların yalnız pozitiv anlarını nümayiş etdirməsi ilə nəticələnir.
Real həyatda insanlar bir-biri ilə daha yaxın münasibətlər qura bilirlər, amma sosial şəbəkələrdə bu, azalır. Onlayn mühitdə bir-birini tanımayan insanlar, reallıqda tanıdıqda duyğusal əlaqələrini itirirlər. İki həyat arasında keçid etmək bəzən insanların emosional vəziyyətinə və psixoloji sağlamlığına zərər verə bilir.
Real həyatda səmimi və açıq olmaq, insanlara daha sağlam münasibətlər qurmağa, daha dərin dostluqlar yaratmağa kömək edir. Sosial şəbəkələrdəki süni davranışlar, insanları zamanla yalnızlığa, izolyasiyaya, hətta depresiyaya aparır. Bəzi insanlar üçün bu iki həyatın bir-birinə qarışması çətindir. Onlar real həyatda bir şey düşünürsə, sosial şəbəkədə tam əksini ifadə edə bilərlər.
Hər zaman müsbət düşünmək lazım deyil. Özümüzə zərər verən, mənfi hiss etdirən məzmundan uzaq durmalıyıq. Gerçək həyatda daha çox zaman keçirmək, səmimi əlaqələr qurmaq və real emosional təcrübələr yaşamaq vacibdir.
Süni maskalar isə bizi sosial təzyiqlərdən qurtarır kimi görünə bilər, amma əslində bu, bizi emosional olaraq robotlaşdırır. Süni şəkildə gülümsəyən bir insan reallıqda özünü maksimum nə qədər yaxşı hiss edə bilər? Sosial şəbəkələrdə bu maska bizi həm başqalarından, həm də özümüzdən uzaqlaşdırır. Zamanla bu maskaya o qədər alışırıq ki, həqiqi duyğularımızı unuduruq. Daha doğrusu, onları ifadə etməkdə çətinlik çəkirik.
Bir neçə saniyə içində bir yazıya, videoya və ya şəkilə reaksiya vermək, xüsusən də "gülüş ifadəsi" qoymaq, çox vaxt başqalarının gözündə daha çox qəbul olunmaq və sosial normadan kənar qalmamaq üçün edilir. Gerçəkdə gülmədiyimiz bir hadisəyə belə bu emojini qoymaq, sanki bizdən gözlənilən reaksiyanı nümayiş etdirmək üçün atılan bir addımdır. Bu isə bir növ sosial təzyiqin təsiri altında olmaq deməkdir.
Süni reaksiyalar yalnız bir simvol olaraq qalmaqla kifayətlənmir, həm də emosional həyatımızda mənfi təsir göstərir. Davamlı olaraq həqiqi hisslərimizi basdırmaq, yerinə sosial maska taxmaq, daxili dünyamızda boşluqlar yaradır. Həqiqi hissləri gizlədərək süni davranışlarla davam etmək, bir müddət sonra bu davranışın reallıqda da bir vərdiş halına gəlməsinə gətirib çıxarır. Artıq yalnız onlayn məkanda deyil, reallıqda da özümüzü süni şəkildə ifadə etməyə başlayırıq. Bu isə emosional zənginliyin, əlaqələrin azalmasına və hətta insanın daxili aləmindəki boşluğun böyüməsinə səbəb olur.
Bir sözlə, sosial şəbəkələrdə daim süni reaksiyalar göstərmək, real həyatda həqiqi əlaqələr qurmaq qabiliyyətimizi zəiflədir. Çünki insanlar arasında münasibətlər, ilk növbədə, səmimiyyətə əsaslanır. Süni reaksiyalar isə bu səmimiyyəti məhv edir. Həqiqi emosiyalar yaşanmırsa, münasibətlər də yalnız səthi səviyyədə qalır. Sonda isə insan özünü daha çox yalnız və təcrid olunmuş hiss edir.
Bu süni maskalardan azad olmaq və yenidən həqiqi hisslərimizi ifadə etməyi öyrənmək mümkündür. Bunun üçün bəzi addımlar atmaq və fərdi olaraq dəyişmək lazımdır. İlk növbədə, insan sosial mediada özünü olduğu kimi ifadə etməyi öyrənməlidir. Sosial təzyiqlərdən qurtulmaq üçün bu çox vacibdir.
Sosial mediada hər hansı bir paylaşıma reaksiya verməzdən əvvəl özümüzdən soruşmalıyıq: "Bu, mənə həqiqətən təsir edirmi? Mən bu hadisəyə həqiqətənmi gülürəm?" Əgər cavab yoxdursa, süni bir reaksiya göstərmək əvəzinə, susmaq və ya daha uyğun bir reaksiya vermək daha məqsədəuyğundur. Bu yolla, özümüzü və başqalarını aldatmaqdan qaçınmış olarıq.
Sosial təzyiqlərin bizi necə idarə etdiyini dərk etmək vacibdir. Sosial mediada hansı davranışın bizdən gözlənildiyini anlamalı, lakin buna qarşı çıxmağa çalışmalıyıq. İnsanlar çox vaxt onlardan gözlənilən reaksiyanı göstərməklə, sanki bu təzyiqə boyun əyirlər. Amma həqiqi şəxsiyyətimizi və emosiyalarımızı qorumaq üçün bu təzyiqləri rədd etməliyik.
Sosial şəbəkələr, hər nə qədər ünsiyyətimizi asanlaşdırsa da, həm də bu süni maskaları yaratmaq üçün bir platforma rolunu oynayır. Bu maskalar bizi reallıqdan uzaqlaşdırır, lakin biz onları idarə edə bilərik. Sosial şəbəkələrin öz təbiətini başa düşmək, onların necə işlədiyini və bizə nə təzyiq etdiyini anlamaq, süni davranışlardan qaçınmaq üçün önəmli addımdır.
Sosial şəbəkələrdə bir-birlərini təqlid etməyə meyilli olmaları, insanların sosial normaya uyğunlaşma istəyindən irəli gəlir. Hər kəsin eyni cür reaksiya verməsi, sosial mediada yaranan "gözlənilən davranış" şablonunu daha da gücləndirir. Bu, reallıqda hiss etdiyimiz emosiyaların əksinə, daha çox süni ifadələr və reaksiya formalarına səbəb olur.
Son olaraq, sosial şəbəkələrdəki bu ikiqat həyatın təsirini azaltmaq və insanlarla daha səmimi ünsiyyət qurmaq üçün öz həqiqi hisslərimizi tanıyıb ifadə etməliyik. Süni maskalardan azad olaraq, özümüzü olduğumuz kimi təqdim etmək, həm özümüzü, həm də başqalarını aldatmamağımıza kömək edəcək. Bu, uzunmüddətli dostluq və əlaqələrin qurulmasına, daha zəngin bir emosional həyata yol açacaq.
Zeynəb Rzayeva