Etiketlər şəxs haqqında kiçik məlumatdır, kim olduğu demək deyil

Günümüzdə maddə asılılığı problemi qlobal səviyyədə cəmiyyətləri narahat edən əsas sağlamlıq və sosial problemlərdən biridir. Maddə asılılığı yalnız fərdin fiziki və psixoloji sağlamlığına deyil, eyni zamanda onun ailə həyatı, sosial əlaqələri və işgüzar fəaliyyətlərinə də dərin təsir göstərir. Bu problem narkotik maddələr, alkoqol və digər zərərli vasitələrin nəzarətsiz istifadəsi nəticəsində yaranır və çox zaman fərdləri öz iradələrindən asılı olmadan bu maddələrin təsiri altına salır.

Texnologiyanın sürətli inkişafı, urbanizasiya və qloballaşma ilə birlikdə maddələrə çıxışın artması, insanların stresli həyat tərzi və sosial təzyiqləri maddə asılılığının geniş yayılmasına səbəb olan əsas faktorlardan bir neçəsidir. Xüsusilə gənc nəsil arasında bu asılılıq problemləri artan templə genişlənir və cəmiyyətlərin sosial strukturlarına mənfi təsir göstərir. Maddə asılılığına qarşı mübarizə təkcə fərdi müalicə ilə məhdudlaşmır; bu problem həm də sosial, iqtisadi və mədəni mühitlə sıx əlaqəli olduğundan, genişmiqyaslı cəmiyyət səviyyəsində həll yolları tələb edir.

Psixoloq Minarə Səbzəliyeva qeyd edir ki, maddə asılığı çoxaspektli struktura sahibdir:

"Maddə asılılğı biopsixososial faktorlardan təsirlənməkdə və nəticələri ilə ailə, toplum, mədəniyyət-qısaca bütün topluma xas struktura dərindən təsir etməkdədir. Bu səbəbdən maddə istifadəsi problemi günümüzdə sadəcə fərdə aid bir xəstəlik deyil. Qardaş ölkə Türkiyənin də məqalələrində qeyd olunduğu kimi, bir növ xalq problemidir. Məhz bu səbəbdən, bu problemlə mübarizədə asılılıqdan əziyyət çəkən şəxslərlə yanaşı bu şəxslərin ailələrinə və topluma adaptasiyası, həmçinin ailənin və toplumun sağalmada yer alması çox önəmli nüansdır. İlk olaraq toplumun bu şəxslərə qarşı münasibətlərinə baxası olsaq, aparılan araşdırmalar göstərir ki, toplumun maddə istifadəçilərinə qarşı günahlandırıcı, əxlaqa zidd, xarakterində problemlər olan biri kimi etiketləmələri və mənfi davranışlar sərgiləmələri bu şəxslərə fərqli həyati sferalarda müxtəlif cür təsir edir. Onların sağlamlıq, təhsil kimi vacib xidmətlərə getməməsi, həmçinin də sağalma müddətlərinə mənfi təsir edir".

Psixoloq qeyd edir ki, asılılıqlarla mübarizə müddətində fərdi müalicə proqramının tərtib olunması başlıca nüansdır:

"Daha sonra biz şəxsi yenidən kiçik toplum olan ailəyə, sonra isə böyük topluma geri qaytarırıq. Məhz xarici ölkələrdə aparılan tədqiqatlarda bildirilir ki, toplumda stiqmaya məruz qalan, asılılıqdan əziyyət çəkən şəxslər toplumda onlara yönləndirilən davranışları, fikirləri şəxsiləşdirirlər. Bunu ailəsindən və yaxın mühitdən gizlədərək asılılıqlarını rədd edirlər və bununla da müalicəyə başlama müddətləri daha da uzanır. Asılılıqdan əziyyət çəkən şəxs asılılığını hər nə qədər qəbul etməsə, müalicəyə gəlməsə, müalicədə sağalma prosesini ləngidəcəkdir. Onları başqaları ilə müqayisə, digərlərindən ayırma və fərqləndirmə, sosial olaraq rədd etmə inkarın və aqressiyanın yaranmasına gətirib çıxarır. Bu da az öncə də qeyd etdiyim kimi şəxsin müalicəyə gəlməsi, müalicədəki sağalma prosesinin keyfiyyəti və ən əsası da müalicədən sonra reasosializasiyasına birbaşa təsir etməkdədir. Sadəcə asılılıq müddətinin özü belə şəxslərin həyatında müəyyən ağır və çətin yük olmaqla yanaşı, şəxslərin biopsixososial problemləri də bunlarla paralel mövcudluq göstərir".

Hamımıza məlumdur ki, asılılığı olan şəxslər və onların ailələri niyə sosial damğalanma (stiqma) ilə üzləşir. Bəs, bu damğalanmanın onların həyatlarına, müalicəyə yanaşmalarına təsiri necə olur? 

M.Səbzəliyeva bildirir ki, alkoqol və ya digər psixoaktiv maddə istifadə edən şəxslər özünü kontrol edə bilməyən, iradəsiz, özünü bəyənmiş, əxlaqsız olaraq tanımlanan, sosial olaraq dəyərsizləşdirilən fərdlərdir:

"Hətta bu fərdlər qüsurlu və müalicəyə daha az layiq olan şəxslər olaraq görülə bilməkdədir. Xarici ədəbiyyatların birində alkoqol və ya digər psixoaktiv maddələrdən istifadə edən şəxslərə baxım verən ailə fərdləri, yaxın dostlarının da oxşar şəkildə stigmaya/damğalanmaya məruz qaldıqları müəyyənləşdirilmişdir. Bunun nəticəsində ümidsizlik, qəzəb, qorxu, utanc kimi emosiyalar yaşana bilər. Bu sadəcə emosiyalarda deyil, davranışlarda da özünü biruzə verir. Şəxslərdə içəqapanma, geri çəkilmə, çevrədən gizlənmə, qaçma kimi davranışlar sərgilənə bilər və nəticədə ailə də, asılılıqdan əziyyət çəkən şəxs də toplumdan uzaqlaşa və toplumla əlaqələri dərindən qopara bilər. Hətta anket tipli araşdırmalarda asılılıqdan əziyyət çəkən şəxslərin valideynləri əsasən yaxın qohumları, qonşuları tərəfindən dəyərsiz hiss etdirildikləri, ayıblanıb, günahlandırıldıqları, sözlə və davranışlarla rədd edildiklərini ifadə etməkdədirlər. Bu ailələrdə "insanlar nə düşünəcək, ailəmizə necə davranacaqlar" şəklində düşüncələrə sahib olduqları müəyyən olunmuşdur. Məhz bu səbəbdən də asılı şəxslərin valideynləri də günahkarlıq, utanc kimi duyğularla və "mən pis bir valideynəm" düşüncəsi ilə mübarizə aparmaqdadırlar. Burda artıq bəzi ədəbiyyatlarda da qeyd olunduğu kimi nəinki xaricdən stiqma, şəxsin özünə də bu stiqma ilə yanaşmasına səbəb olur. "Pis ana-ata, asılının yaxını" kimi etiketlərə məruz qalmamaq üçün bəzən bu problemi görməzdən gələ bilir, problemi heç kimlə paylaşmırlar. Məhz bu səbəbdən yardım axtarmaya bilər, müalicəyə inkar müdafiə mexanizmi ilə yanaşa bilirlər. Deyə bilərəm ki, başqa bir tədqiqatda isə narkotik və ya alkoqol asılısı fərdi olan ailələrdə özlərini bu vəziyyətdən məsuliyyətli bilib və eyni zamanda da bu müddət ərzində "yetərsiz valideyn" olaraq gördükləri nəticəsinə gəlinmişdir. Bunun da şəxslərin müalicəyə gəlib çıxmaması, başqalarından yardım almamalarına səbəb olduğu ortaya çıxmışdır.

Asılılıq mütəxəssisi Anar Abbasov isə qeyd edir ki, alkoqol və ya digər narkotik vasitələrin istifadəsi və ya asılılığının olması şəxs haqqında sadəcə kiçik bir məlumat verir:

"Bu, şəxsin kim olduğu halda yetərli bir məlumat deyildir. İnsanlar onlara verilən etiketlərdən daha çoxudurlar. İnsanları xəstəliklərinə görə etiketləməməliyik. İnsanlar sağlamlıqla bağlı ortaya çıxmış problemlərindən daha çoxudurlar. Asılılıq bir şəxsin nə olduğu deyil, bir şəxsin nəyinin, yəni hansı problemlərinin olduğunu müəyyənləşdirir. Bir şəxsin asılılığı şəxsin həyatının sadəcə bir hissəsini təmsil edir. İnsanları sadəcə asılılıqları ilə təqdim etmək yəni, "asılı, içki düşkünü, alkoqolik" və s. doğru deyil.
Lakin bu o demək deyil ki, biz onlara hər hansısa xəstəlikdən əziyyət çəkdikləri üçün bu vəziyyəti lap emosionallaşdırmamalıyıq. Asılılığın nəticələri doğurdan, çox mənfi olsa da, asılılığı emosional terminlərlə qələmə vermək, asılılığın müalicə olunan bir xəstəlik olduğu, yəni remissiyanın mümkün olduğu reallığını dəyişdirmir. "Ağrı çəkir, asılılığın qurbanı, narkotikin qurbanı, asılılıq bəlası" bunlara nümunə ola bilər. Şəxsdə asılılıq kimi bir ciddi problem varsa, onun müalicəyə ehtiyacı var".

Maddə asılılığı, yalnız fərdi bir xəstəlik olmadan, geniş miqyasda cəmiyyətin sosial, mədəni və iqtisadi strukturlarına təsir edən mürəkkəb bir problemdir. Yuxarıda qeyd olunan məsələlər, bu asılılığın yalnız xəstəlik deyil, həm də insanın kimliyi, ailə münasibətləri və sosial əlaqələri ilə sıx bağlı olduğunu göstərir. Stiqma, asılılıqdan əziyyət çəkən şəxslərin və onların ailələrinin həyatında ciddi çətinliklər yaradır. Toplumun bu fərdlərə qarşı sərgilədiyi mənfi münasibət, onların sağalma prosesini ləngidərək, daha da dərin bir sosial izolyasiyaya gətirib çıxara bilir.

Sosial damğalanma, asılılıqdan əziyyət çəkən şəxslərin müalicəyə yanaşmalarını, özlərini qəbul etmələrini və reabilitasiya prosesində iştiraklarını çətinləşdirir. Bunun nəticəsində, asılı olan fərdlər və onların ailələri, cəmiyyətdəki mənfi münasibətlərin ağırlığını daşıyaraq, daha da içəqapanır, öz problemlərini gizlətməyə çalışır və yardım axtarmaqda çətinlik çəkirlər. Bu, yalnız asılılıq probleminin özünü deyil, eyni zamanda onun səbəblərini və nəticələrini də daha da mürəkkəbləşdirir.

Mütəxəssislərin vurğuladığı kimi, asılılıq bir şəxsin kimliyi ilə deyil, onun yaşadığı problemlərlə bağlıdır. İnsanlar, asılılıqları ilə birbaşa identifikasiya edilməməli, onların müsbət tərəfləri, uğurları və insan olaraq dəyərli olduqları daima nəzərə alınmalıdır. Asılılıqdan əziyyət çəkənlərə yalnız "narkotik asılısı" və ya "alkoqolik" kimi etiketlər yapışdırmaq, onların insanlıq keyfiyyətlərini gözardı etmək deməkdir. Cəmiyyət olaraq, bu fərdlərin sağalma prosesini dəstəkləmək və onlara yardım etmək üçün daha empatik yanaşmalara ehtiyac var. Buna görə də, maddə asılılığı problemi ilə mübarizədə, yalnız fərdi müalicə yanaşmalarını deyil, eyni zamanda cəmiyyətin bütünlüklə bu problemin öhdəsindən gəlməsinə yönəlmiş strategiyaları da nəzərdən keçirmək vacibdir. Cəmiyyətin bu sahədə maarifləndirilməsi, stiqma ilə mübarizə aparmaq, asılılıqdan əziyyət çəkənlərə dəstək sistemlərinin yaradılması və ailələrin bu prosesdə iştirakının təşviq edilməsi bu mübarizədə atılacaq önəmli addımlardır.

Nəticə olaraq, maddə asılılığı problemi, cəmiyyətimizin sağlamlığına birbaşa təsir edən bir məsələdir. Hər bir fərdin cəmiyyətin ayrılmaz bir hissəsi olduğunu unutmamalı, onları müalicə prosesinə daxil etmək və bu problemə qarşı mübarizədə birlikdə çalışmalıyıq. Bu, yalnız asılılığın nəticələrinin aradan qaldırılması deyil, həm də cəmiyyətin bütün səviyyələrində sağlam bir gələcək üçün bərpaedici bir yanaşmadır.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31