Bir gün Qarabağın ziyarətində
11 Oktyabr 12:47 Sosial2020-ci il 44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizdən və 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad ediməsi ilə yekunlaşan Zəfərimizdən sonra Qarabağı, Şərqi Zəngəzuru, Qarabağın tacı Şuşanı ziyarət etmək, məhz ziyarət etmək hər bir azərbaycanlı kimi mənim də arzum idi. Lakin bir sıra obyektiv və subyektiv səbəblərdən bu arzumu gerçəkləşdirə bilmirdim. 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağda keçirilən antiterror tədbirlərindən və erməni separatçılarının kökünün birdəfəlik kəsilməsindən sonra gözəgörünməz bir qüvvə məni o yerlərə çəkirdi. Sanki torpaqlarımızın azadlığı uğrunda təkcə İkinci Qarabağ Müharibəsində və antiterror tədbirində misilsiz şücaət və qəhrəmanlıq göstərərək canını fəda etmiş 3 mindən çox şəhidimizin ruhu çağırırdı. Nəhayət, arzumu bu günlərdə gerçəkləşdirmək mənə nəsib oldu.
...Maşın Bərdədən çıxıb üzü Ağdama yol alanda, Ağdam rayonunun girişindəki polis postunu keçdikdən sonra məni qəribə hisslər bürümüşdü. Yol yoldaşlarım-dostum Zahir də, həyat yoldaşlarımız da dinib-danışmırdılar. Bir azdan işğaldan azad edilmiş torpaqlar başlayacaqdı... Xəyal məni uzaq illərə apardı... Ali məktəbdə oxuduğum illərdə dostluq elədiyim tələbə yoldaşlarımın xeyli hissəsi Ağdam rayonundan idi. Və yenicə orta məktəbi bitirmiş, hələ respublikamızın heç bir yerini görməmiş bir gənc olaraq bölgələrimiz haqda ilk təəssüratllarım da həmin yeri təmsil edən insanlar vasitəsilə yaranırdı. Qarabağ, Zəngəzur haqda ilk təəssüratlarımı da həmin bölgələrdən olan insanlar yaratmışdılar. Sonralar institutu bitirib təyinatla Mingəçevir şəhərinə göndəriləndə də dostluq elədiyim insanların, iş yoldaşlarımın xeyli hissəsi Qarabağ bölgəsindən idi. Adları saymaqla bitməyən dostlarımı ehtiramla xatırlayıram. Allah dünyasını dəyişənlərə qəni-qəni rəmət eləsin, qalanlara can sağlığı arzulayıram. Bununla vurğulamaq istəyirəm ki, Qarabağ torpağına və bu diyarın insanlarına məhəbbətim məndə hələ gənclik yaşlarımdan formalaşmışdı. İndi maşın Ağdamın ərazisi ilə hərəkət edərkən bir vaxtlar axarlı-baxarlı, barlı-bərəkətli, yığnaqlı-məclisli Qarabağ torpağında-Ağdamda, Mərzilidə, Mahrızlıda, Quzanlıda, Gülablıda, Güllücədə, Çəmənlidə.... el şənliklərində, müxtəlif tədbirlərdə dostlarla keçirdiyimiz günləri xatırladıqca xoş xatirələr oyanır və kino lenti kimi xəyalımdan keçirdi...
Ağdam şəhərinə yaxınlaşdıqca, yolun kənarlarında bir vaxtlar buralarda yaşayış məskənlərinin olduğu evlərin, tikililərin qalıqlarından və az qala yerlə bərabərləşmiş divarların içində bitmiş kolluqlardan görünürdü. Ürək ağrıdan mənzərələr bir-birini əvəz edirdi. Və bu mənzərələri gördükcə erməni vandallarının törətdiyi vəhşiliklər adamı heyrətə gətirirdi....
Bu da Ağdam! Bir zamanlar Qarabağın ən məşhur şəhəri, musiqiçiləri, xanəndələri, el sənətkarları, ağayana insanları, ticarət və iaşə obyektləri, bazarı, özünəməxsus adət və ənənələri olan bu məşhur şəhər düşmənlərimiz tərəfindən vəhşicəsinə dağıdılıb. Həmişə ağdamlı cavanlardan it kimi qorxan erməni dığaları sanki fürsətdən istifadə edərək, Ağdamın daş-kəsəyinidən, ağaclarından, tikililərindən, abidələrindən qisas alıb. Bu vəhşiliklərlə tanış olduqca dəhşət insanı bürüyür. Bu erməni toplumunun ən elementar insani hisslərdən məhrum olduğunu yəqin etmək üçün Ağdamı görmək kifayət edər. ...
...Ancaq indi Ağdam yenidən qurulir. Şəhər böyük bir tikinti meydanına çevrilib. 2020-ci ilin 10 noyabrında qarı düşmən təslimçilik sənədinə imza atdıqdan sonra Laçın, Kəlbəcər və Ağdam rayonlarını döyüşsüz boşaltmağa məcbur edildi. Ağdam 2020-ci il noyabrın 20-də azad edildi. Həmin gündən 3 gün sonra - noyabrın 23-də Ağdama gələn Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın xarabalıqları, erməni vandallarının ağlasığmaz vəhşilikləri ilə tanış olduqdan sonra öz təkrarsız çıxışı ilə Ağdamda xalqımıza müraciət etdi. Həmin müraciətdən bir fikri bu yazıda sitat gətirmək istədim: "Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, bu böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik".
İndi həmin gündən bizi 4 ilə yaxın bir müddət ayırır. Tarix üçün elə bir böyük vaxt olmasa da mən bu qısa müddət ərzində təkcə Ağdamda görülən işlər barədə çox qısa məlumatları bu yazıya daxil etmək istədim. Ağdam şəhərində artıq "Ağdam Cümə Məscidi", "Ağdam Sənaye Parkı", Konqres Mərkəzi, "Agdam Sity Hotel", "Pənahəli xanın sarayı və İmarət kompleksi" tikilərək istifadəyə verilib. "Zəfər Muzeyin"ində,"İmarət" stadionunda, Dəmir yol vağzalında və Avtovağzalda, "Park Forest Hotel Aghdam" otelində, Ağdam şəhər Mərkəzi Parkında, Muğam Mərkəzində, Atçılıq Nəsilartırma Mərkəzində tikinti işləri surətlə davam etdirilir. İnanırıq ki, çox keçməz Ağdam öz şöhrətini özunə qaytaracaq və əvvəlkindən də gözəl və böyük bir şəhərə çevriləcəkdir...
Şuşaya doğru yolumuz bir vaxtlar ermənilərin yaşadığı Əsgəran qəsəbəsindən keçirdi. Qəsəbənin mərkəzindən keçən yolun hər iki tərəfində ermənilərin yaşadığı, indi kimsəsiz qalan miskin görkəmli evləri gördükcə Ağdamda və Xocalıda baş verən faciələrə görə başında qaniçən cəllad Vitali Balasanyan olmaqla burada yaşamış ermənilərə qarşı bir ikrah yaranırdı. Eyni zamanda əmin olurdum ki, ermənilər bu yerlərdə özlərini müvəqqəti sakin kimi hiss etmişlər və bu təəssürat onların yaşadıqları evlərdən hiss olunur. Və mənə aydın oldu ki, niyə ermənilər bu yerləri belə asanlıqla tərk etmişlər.
Xankəndinə, Şuşaya gedən yol Xocalıdan keçir. Min illər yaşı olan tarixin yaşdaşı Xocalıdan, keçən əsrin ən dəhşətli faciələrindən biri olan, xocalılıların qanlarında boğulduğu Xocalıdan... Tarixdə elə faciələr, elə cinayətlər var ki, onlar təkcə salnamələrdə, tarix kitablarında, lent yaddaşlarında qalmır, həm də dərinə işləmiş yaralar kimi insanların yaddaşlarında yaşayır. Xüsusu qəddarlıq və amansızlıqla həyata keçirilən bu bəşəri cinayət 613 Xocalı sakinini bizdən alıb apardı. 613 nəfər insan ömrü, insan taleyi yarımçıq qaldı. Tarix bağışlamayacaq bu qanlı cinayəti törədənləri. İnsanlıq əbədi olaraq lənətləyəcək bu vəhşəti törədən erməni cəlladlarını və onların havadarlarını. Və heç vaxt Azərbaycan xalqının, bütün tərəqqipərvər bəşəriyyətin yaddaşından silinməyəcək bu soyqırımı...
Nə yaxşı ki, qisas qiyamətə qalmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun misilsiz şücaəti sayəsində bütün işğal altında olan torpaqlarımız kimi Xocalı da işğaldan azad edildi. Xocalı qurbanlarının da, bütün şəhidlərimizin də qisası alındı. İndi Xocalı faciəsini törədən canilərin əsas təşkilatçıları Bakıda, həbsxanada "çay içməkdədir"...
Xocalı şəhəri Azərbaycan dövlətinin gücü və qüdrəti, qadir Azərbaycan xalqının əlləri ilə yenidən qurulur, Xocalı dirçəlir, belini düzəldir. Xocalıya həyat qayıdır. Xocalıya qayıtmış xocalılıların sevincini görmək, bizə inanılmaz bir sevinc ovqatı vermişdi...
...Bir azdan maşınımız artıq Xankəndinə yaxınlaşırdı. Şəhərin girişində bizi qarşılayan "Gəncə təndiri" yazılmış təndirxana və onun yanındakı çay evi Xankəndinin artıq azərbaycanlıların şəhəri olduğundan xəbər verirdi. İsti təndir çörəyindən dadıb, çay süfrəsi arxasında bir qədər istirahət etdikdən sonra şəhərin baş küçəsinə daxil olduq. Şəhərin bütün görməli yerləri və gözoxşayan tikililəri-obyektləri bu küçədə yerləşir. Şəhəri seyr etdikcə istər-istəməz tarixə ekskurs etmək zərurəti yaranır...Adından məlum olduğu kimi Xankəndinin əsası 270-275 il bundan əvvəl Qarabağ xanlığı tərəfindən qoyulmuş qədim yaşayış məskənidir. Azərbaycanın bolşevik-daşnak işğalından üç il sonra, 1923-cü ildə Qarabağın dağlıq hissəsində o zamankı sovet rəhbərlərinin qərarı ilə, heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Xankəndinin adı dəyişdirilərək bolşevik-daşnak qruplaşmasının rəhbəri, türkün və azərbaycanlının qatı düşməni, cəllad Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı və qondarma qurumun paytaxtı elan edildi. Elə o gündən də öz havadarlarının dəstəyi ilə son 30 ildə başımıza gətirilən bəlaların əsası qoyuldu. Sovet hakimiyyəti illərində Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına bu daşnak yuvası hər cür qayğı ilə əhatə olunsa da, təyyarə limanı, dəmir yol stansiyası, sənaye müəssisələri, ali məktəbi, hər cür sosial -iqtisadi və mədəni infrastrukturu ilə gözəl bir şəhər yaradılsa da, erməni millətçiləri yenə də narazı idilər və zaman-zaman süni surətdə narazılıqlar, iğtişaşlar yaradaraq öz mənfur məqsədlərinə nail olmağa çalışırdılar. Əslində bu narazılığın səbəbi sosial-iqtisadi məsələlər deyil, cəfəng "miatsum ideyası" və "dənizdən -dənizə "erməni xülyası idi. Bu narazılıqlar 1987-ci ildə Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdən kənarlaşdırıldıqdan sonra özünün pik nöqtəsinə çatdı. 1988-ci ildən başlayan proseslər nəticəsində başımıza min cür müsibət gətirildi...Bir milyona yaxın soydaşımız öz doğma yurd-yuvalarından, ev-eşiklərindən didərgin düşdülər. Qarabağda və Şərqi Zəngəzurda dağıdılmamış bir ev, bir tikili qalmadı . Həyatımzın faciələrlə dolu bu 30 ilində minlərlə soydaşımız şəhid oldu, yaralandı, o illər "hər kəndə, hər şəhərə bir şəhid qəbiristanı, hər evə, hər obaya şəhid məzarı verdi"(Zəlimxan Yaqub).
30 il ərzində"miatsum" deyib ulaşan və indi ermənilərin yaşadığı Qərbi Azərbaycanda "miatsum"laşan erməni millətçilərinin məskəninə çevrilən bu şeytan yuvasında indi ölkəmizin hər yerindən turist kimi təşrif buyurmuş səyahətçilərin təbəssümlü simalarını görmək çox xoş idi. Erməni separatçılarının meydan suladığı o mərkəzi meydanda, "hökumət binası"nın qarşısındakı bayraq dirəyində qana bulaşmış çirkli əski parçasının yerində "üç rəngli göy qurşağı"- əzəmətli Azərbaycan bayrağı elə əzəmətlə də dalğalanlır və dalğalandıqca bizə qürur hissi yaşadır. Qədim Azərbaycan diyarı olan, 100 il ərzində erməni nəfəsi və izləri ilə çirklənmiş Stepanakert şəhəri indi adı ilə birlikdə həmin çirkabdan təmizlənərək yeni görkəm alır. 2023-cü ilin 20 sentyabrında keçirilən antiterror tədbirindən sonra burada geniş abadlıq, quruculuq və təmir-tikinti işləri aparılmaqdadır. Şəhərin baş küçəsinə, şəhər stadionuna məşhur Prezident kəlamı- "Qarabağ Azərbaycandır" sözləri yazılmış lövhələr şəhərin ümumi görkəminə bir yaraşıq verməklə , həm də səyahətçilərdə xoş bir ovqat yaradır...
Prezident Cənab İlham Əliyev 17 oktyabr 2023-cü ildə Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldıranda da, 2023-cü il dekabrın 23-də əsaslı təmirdən sonra Xankəndi stadionunda Qarabağ-MOİK oyununa baxanda da, 8 noyabrda Zəfərin ildönümü münasibətilə Xankəndinin Zəfər meydanında hərbi paradı qəbul edəndə də, 2024-cü ilin martında Novruz tonqalını yandıranda da, 2024-cü il sentyabrın 20-də Qarabağ Universitetini açanda da bir vaxtlar bu şəhərdə, bu meydanda at oynadan, yallı gedən separatçılara, onların başçılarına, bütünlüklə erməniliyə və onların havadarlarına gözdağı verir, sinələrinə od basır, dağ çəkir.
...44 günlük Vətən müharibəsindən sonra Qarabağda çəkilən bütün yollar, məşhur ifadə ilə desək, Şuşaya aparır. Qarabağın tacı Şuşa şəhərinə, Azərbaycanın Mədəniyyət paytaxtı Şuşaya. Öz füsunkar təbiəti, ecazkar mənzərələri ilə insanı valeh edən Şuşaya...
Düz 28 il ayrı düşmüşdük Şuşadan. Təkcə şuşalılar yox, qarabağlılar yox, bütün Azərbaycan xalqı həsrət qalmışdı Şuşaya. Şuşa deyəndə hamımızın ürəyi parçalanır, nəfəsimiz göynəyir, dodaqlarımız çatlayırdı. Şuşa ilə görüşmək xəyal kimi gəlirdi adama, yuxularda qovuşurduq Şuşaya. Bu illər ərzində minlərlə şuşalı Şuşa həsrətilə, Şuşa nisgili ilə bu dünyadan köçdü. Heç onların nəşi də Şuşa torpağına qismət olmadı. Həmin illərdə azman şairimiz Akif Səməd yana-yana yazırdı:
...Şuşasız evim evdimi
Dözən mənəmmi,devdimi?
Kimə söyləyim dərdimi?
Şuşaya gedə bilmirəm.
...1992-ci il mayın 8-də Şuşa işğal olunanda, əslində Qarabağın taleyi həll olunmuşdu. Həmin gün Azərbaycan xalqının, dövlətinin taleyində ən müdhiş gün idi...
... Şuşa binə olandan həmin günədək dağlar qoynunda yerləşən, təbii qala olan bu şəhərə saysız-hesabsız hücumlar olsa da heç vaxt təslim olmamışdı. İndi tarixin zibilliyinə atılmış "Dağlarda toy" əməliyyatı adlandırılan Şuşanın işğalı əməliyyatı əslində vətənini, Qarabağı, Şuşanı sevən hər bir azərbaycanlının mənliyinə, qüruruna, vüqarına, heysiyyatına təcavüz olunmuşdu....
...Zəfərin yolu uzun-30 il olsa da erməni millətçilərinin nəfəsini kəsmək üçün 44 gün, erməni separatçıların kökünü kəsmək üçün 23 saat bəs elədi
İndi bizi o müqəddəs Zəfər günündən 4 il ayırır. Biz Şuşaya qayıtmışıq. Şuşa dirçəlir, yenidən qurulur. Şuşada, şuşalıların, bir zamanlar Şuşanı məcburi tərk edərək, didərgin düşmüş qalalıların sevincinə şərik olmaq, Şuşada görmək hədsiz bir sevinc idi. Ölkəmizin bütün bölgələrindən insanlar axın-axın Şuşanı ziyarətə gəlir. Bu gün biz də onlardan biriyik..
Və şəhərin Gəncə qapılarından başlayan ziyarət Zəfər yolunun şəhərə girişində, İsa bulağında başa çatır. Biz də, hamı kimi piyada gəzdik Şuşanı, asta -asta, ehmalnan. Hamı sanki bir ritual həyata keçirirdi. Axı misilsiz şücaət göstərmiş qəhrəman oğullarımızın qanı axıb bu torpağın hər qarışına. Bu müqəddəs şəhərin hər daşında, hər qayasında, hər qarış torpağında bir tarix yatır. Qəhrəmanlıq tarixi. Bu tarixin yaşı 270 ildir. 270 ildə Azərbaycanımızın mirvarisi Şuşa uğrunda nə qədər qanlar tökülüb. Minlərlə insanın bu şəhərdə ömür taleyi sona yetib. 30 il həm də perik düşmüşdü Şuşadan Pənah xanın, İbrahim Xanın, Vaqifin, Mehdiqulu xanın, Natəvan xanımın, Üzeyir bəyin, Bülbülün, Mir Mövsün Nəvvabın, Xan Şuşinskinin və saymaqla bitməyən neçə-necə azman sənətkarların ruhları. İndi bir vaxtlar Şuşanı binə edən, onun şöhrətini dünyaya yayan o böyük şəxsiyyətlərin də ruhları qayıdaraq şəhərin göylərində cövlan etməkdədir. Şəhərin baş meydanlarından birində, bir zamanlar erməni vandalları tərəfində güllələnmiş Üzeyir bəyin, Bülbülün, Xurşudbanu Natəvanın abidələrini görmək, Şuşanın tarixində, onun mədəni inkişafında müstəsna xidmətləri olmuş görkəmli dövlət xadimi, Qarabağ xanlığının vəziri, müasir ədəbi Azərbaycan dilinin banisi, Şuşanın tarixi-mədəni və ədəbi simvollarından biri olan Molla Pənah Vaqifin erməni vandalları tərəfindən dağıdılmış məqbərəsini, qəbirüstü abidəsini bərpadan sonra ziyarət etmək, bu böyük şəxsiyyəti yad etmək, Şuşada ədəbi mühitin yetişməsində və formalaşmasında müstəsna xidmətləri olmuş, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvabın məzarını və qəbirüstü abidəsini ziyarət etmək insana inanılmaz qürur verir, kövrək və xoş hisslər yaradırdı. Şəhərin yuxarı məhəlləsində, Şuşa işğaldan azad edildikdən dərhal sonra bərpa edilmiş Yuxarı Gövhər Ağa məscidində ibadətə gəlmiş çoxsaylı ziyarətçilərin ilk duaları sözsüz ki, Şuşa uğrunda canını qurban vermiş şəhidlərin ruhuna ünvanlanırdı. Şəhərin ən görməli yerlərindən olan məşhur Çıdır düzü isə başqa bir aləmdir. Məhz şəhərin bu yerindən onun təbiətini, sıldırım qayaların arasından zorla görünən Daşaltı çayını, tarixi Topxana meşəsini, füsunkar mənzərələrini seyr etmək, burda keçirdiyin hissləri ifadə etmək üçün söz tapmaq hər kəsin işi deyildi.
...8 noyabr 2024-cü ildən keçən 4 il ərzində burada görülmüş işlərin hamısını bu kiçik yazıda sadalamaq mümkün deyil. Görülən işlərin sürəti zaman çərçivəsinə sığmır və çox keçməz, Şuşa sözün həqiqi mənsaında dünyanın ən gözəl şəhərlərindən birinə çevriləçək.
Şuşanın müasir tarixini- misilsiz qəhrəmanlıq tarixini, qürur tarixini, şərəf tarixini isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu, Azərbaycan Xalqı yazır. Şəhər yenidən bərpa edilir, küçə-küçə, məhəllə-məhəllə, bina-bina, ev-ev, kərpic-kərpic. Şuşada bütün gördüklərimizi yazmaqla başa gəlməz. Onun üçün dastan yazmaq lazım gərək... Yazılır bu dastan...Hələ neçə-neçə dastanlar yazılacaq və nə qədər yazılsa da, bütün dastanların Baş Qəhrəmanı Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan ordusu olacaqdır. Gələcək nəsillər isə bu möhtəşəm tarixi yaradanları minnətdarlıqla yad edəcəkdir.
Ramiz Göyüş
Səyahətçi, yazıçı-publisist