Fərqli adlar, eyni faciə: Həyatları yarımçıq qalan qadınlar

Pərvanə, Sevinc, Günel, Laləzar, Aytən, Səfurə, Sevil və başqaları...
Bu adları sadəcə qadın adları olaraq oxudunuz. Heç bilirsiniz bu adları nə birləşdirir? 

-Qətlə yetirilmələri...

Hə, onlar bəlkə də bir-birlərini heç vaxt tanımayıblar. Bəlkə də fərqli şəhərlərdə, fərqli ailələrdə doğulublar. Hər birinin öz xəyalları, arzuları olub, amma bir şey onları birdən-birə eyni taleyə bağladı - onlar öldürüldülər. Qadın olmağın ağırlığını hiss etdilər, bəzən cəmiyyətin susqunluğunda itirildilər. Onların hər birinin adı indi yalnız statistika deyil, arxasında qalmış sönmüş həyatların simvoludur.

Hər biri cəmiyyətin təəssüf dolu bir xatirəsinə çevrildi. Ancaq bu adlar bizə sadəcə unudulmuş bir faciəni yox, eyni zamanda davam edən bir problemin varlığını xatırladır. Bu adlar, qətlə yetirilən qadınların hər birinin hekayəsi, sanki çağırışdır - hər birinin faciəsi başqa bir qadının həyatının dəyişməsi üçün son zəng olmalı idi, amma olmadı. 

Bu qadınların hekayələri sadəcə şəxsi faciə deyil, daha böyük bir problemin əlamətidir. Hər bir ad arxasında susqun bir cəmiyyət, diqqətsizlik, laqeydlik var. Onlar hər biri cəmiyyətin "heç nə etmədiyi" həyatdan ayrıldılar.

Biz onları ancaq qətlə yetirildikdən sonra xatırlayırıq. Amma hər dəfə bu adlar çəkiləndə düşünməliyik: növbəti qurban kim olacaq? Bir insanı itirməyimiz, bir ailənin dağılması, bir cəmiyyətin daha bir dəfə məğlub olması nə qədər davam edəcək? 

"Görəsən, nə zibil işi var imiş ki, öldürdülər?"

"Allah bilir hansı yolun yolçusu imiş..."

"Yaxşı at özünə qamçı vurdurmaz!"

"Gecə vaxtı çölə çıxmayaydı!"

"Normal geyim geyinsəydi, öldürməzdilər!"

Adlar tanış gəlməsə də, bu cümlələr mütləq sizə tanış gəlir. Hə... Təəssüflə yazıram... Təəssüflə yazıram ki, bu sözlər hər zorakılığa məruz qalan, öldürülən qadının ardınca mütləq deyilir. Bir cəmiyyətin daha bir dəfə məğlub olması bilirsiniz nə qədər davam edəcək? Mən deyim: həmin cəmiyyətin nümayəndələrinin ağlına bu iyrənc düşüncələrin gəldiyi müddət ərzində. 

6, 8, 10, 12 yaşlı qız uşağını zorlayırlar. Cavab verin, azyaşlı uşağın hansı "zibil işi" oldu? Bəlkə gecə təkbaşına küçəyə çıxdı? Ya bəlkə "normal" geyim geyinmədi? Bu cümlələri işlədən hamı içindəki şeytanı, hətta potensial qatili yetişdirir.

Cəmiyyət olaraq biz zorakılığa məruz qalanları deyil, zorakılıq edənləri sorğulamalıyıq. Heç bir qadının, heç bir qız uşağının öldürülməsinə, zorlanmasına, təcavüzə məruz qalmasına heç bir bəraət ola bilməz. Heç bir "zibil iş" qadının həyatını əlindən almağa haqq qazandırmaz. Amma cəmiyyətin bəzi təbəqələri bu cür iyrənc düşüncələri bəhanə kimi irəli sürür, məsuliyyəti qurbanın üzərinə yükləməyə çalışır.

Bu düşüncə tərzi dəyişməyincə, qadınlar hər gün təhlükədədir. Bu, sadəcə qətllərlə bitmir. Hər gün yüzlərlə qadın zorakılığa, təhqirə, əzilmişliyə məruz qalır. Bu hekayələr, hər bir qətlə yetirilən qadının adı bizə yenidən və yenidən bir şeyi xatırladır: mübarizə bitməyib, biz hələ də yetərincə addım atmırıq.

Hər gün inkişafdan danışırıq. Yaxşı, bəs, bu qədər inkişaf ediriksə, bu hadisələr niyə günü-gündən azalmaqdansa daha da artır? Məişət zorakılığı və qadın cinayətlərinin artması hansı səbəblərdən irəli gəlir? Bu tendensiyanın azalması üçün hansı sosial mexanizmlər tətbiq edilməli, addımlar atılmalıdır?

Sosioloq Yusif Nəbiyevin mövzu ilə bağlı fikirlərini sizə təqdim edirəm:

"Məişət zorakılığı - məişət çərçivəsində güclünün zəifə qarşı haqsız və ölçüsüz zor və güc tətbiq etməsidir. Hansı ki, bu heç də hər zaman ərin arvadına güc tətbiq etməsi fonunda qarşımıza çıxmır. Bu hər iki valideynin övladlarına zorakılığı, böyük qardaş və ya bacının öz kiçik bacı-qardaşına zorakılığı, qaynananın gəlinə, gəlinin yaşlı qaynanaya zorakılığı şəklində, cinsiyyətindən asılı olmayaraq qonşular arasında da rastlaşdığımız, eşitdiyimiz bir şeydir.
Diqqətlə baxıldıqda aydın şəkildə görünür ki, məişət zorakılığında baş rol iştirakçısı kimi qadınlar da ən az kişilər qədər pay sahibidirlər. Yəni məişət zorakılığı bir ər-arvad problemi olub əsasən kişilərin səbəb olduğu bir ailədaxili problem deyil. Dar çevrədə bir-birinə yaxın olan insanların bir-birinə zor tətbiq etməsidir. Hansı ki, zaman-zaman bu zor tətbiqi ifrat dərəcələrə çatır və hətta cinayətlərlə nəticələnir.
Burada etiraf etmək lazımdır ki, işin cinayət səviyyəsinə yüksəlməsi həmişə olmasa da, adətən kişilərin iştirakı ilə baş verir.

Bu tip cinayətlərin baş vermə sıxlığı isə cəmiyyətdən, dövlətdən, dövrün leqal, iqtisadi, mədəni şəraitindən asılı olaraq fərqlilik göstərə bilir. Qanunun sərt və şəffaf olduğu, mədəni münasibətlərin daha sivil olduğu, rifah səviyyəsinin yüksək olduğu cəmiyyətlərdə bu hallar gec-gec baş verdiyi halda, rüşvətin çox olduğu, qanunun ləng və ya şikəst olduğu, rifah səviyyəsinin aşağı olduğu cəmiyyətlərdə isə sıx-sıx baş verir. 
Məişət zorakılığının olmasının səbəbləri ayrıdır, bunun cinayətlə nəticələnməsinin səbəbləri ayrı".

Sosioloq sırf zorakılığın səbəblərinin müzakirəsində bir neçə önəmli məqamı qeyd edir:

"1. İnsanların maddi sıxıntı, sosial təzyiq, işsizlik kimi səbəblərdən öz potensiallarını reallaşdıra bilməməsi və nəticədə neqativ enerji, əsəb, kin, intiqam hissləri ilə dolması. 
2. Fərqli zorakılıq ssenarilərində fərqli sosial normaların və mədəni amillərin, inanc və düşüncələrin varlığı. - Misal üçün, gəlin-qaynana arasındakı zorakılıq hallarında "gəlin qaynananın süpürgəsidir, dediyini etməlidir" yanaşması, daha sonra aradan illər keçdikdən sonra gəlinin yaşlanmış qaynanadan intiqam alma meylləri səbəb kimi göstərilə bilər. Ər-arvad arasındakı zorakılıqda qısqanclıq, anlaşmazlıq, xəyanət və bir çox ailə-məişət məsələləri səbəbilə yarana biləcək mübahisələr səbəb ola bilər".

Y.Nəbiyev zorakılığın cinayətlə nəticələnə bilməsində də rol oynayan bir neçə məqamı qeyd edib: 

"1. Təhsilsizlik. Təhsilsiz insanların empatiya qurma bacarıqları qıt olduğu kimi, insan həyatına, insan fərdiyyəti və azadlığına verdiyi dəyər də minimum olur. Bu tip insanlar başqa birini öldürmək fikrinə daha tez düşə bilirlər. Bir çox hallarda təhsilsiz insanlar "oğru aləmi"nə və ya mafia, savaş motivli filmlərə ifrat simpatiya duyurlar və bu tip həyat tərzini özlərinə nümunə kimi görə bilirlər.
2. Qanunun işləməməsi və ya qeyri şəffaf olması. İnsanlar əgər qanundan gizlənə bilirlərsə və ya rüşvət verərək bir çox halların üstünün örtülməsinə nail ola bilirlərsə, bu da onlarda öldürmək, cinayətkar olmaq qorxusunu azaldır. Ani qəzəblə öldürməyi seçə bilirlər.
3. Mədəni amillərdən yaranan sosial basqı. Bu da kifayət qədər güclü təsiri olan bir amildir. Namus üstündə, söyüş üstündə, xəyanət üstündə baş verən cinayətlərdə az qala cinayətkar tərəf haqlı görülür, onun ünvanına təriflər deyilir. Bunu etməyən insanlar toplumun ciddi bir bölümü tərəfindən təhqir edilir, xor görülür, kənarlaşdırılır. Misal üçün, arvadı ona xəyanət etmiş bir kişi əgər arvadını öldürmürsə, adətən o kişinin ünvanına təhqirlər səsləndirilir. "Namusunu təmizləmədiyi" bildirilir. Halbuki bu kişinin "namusunu təmizləməsi" üçün sadəcə xəyanətkar qadından sivil formada boşanması kifayət idi. Bu tip hallar mübahisə zəminində ağır söyüş söyüldüyü halda da keçərlidir.

Cəmiyyətimizdə istər zorakılıq hallarının, istərsə də o halların cinayətlə nəticələnməsi hallarının minimuma endirilməsi üçün bu istiqamətdə mütəmadi maarifləndirmə işləri aparılmalı, qanun dəqiq və şəffaf işləməli, insanların sağlam məşğulluğunun təşkili üçün iş yerləri və keyfiyyətli asudə vaxt keçirmə məkanları yaradılmalıdır. Düşünmürəm ki, çox istisna halları çıxmaq şərtilə evində övladı, həyat yoldaşı olan və ailəsi üçün işləyib qazana bilən təhsilli bir kişi hər şeyin üstündən xətt çəkərək özünün və ailəsinin həyatını korlayacaq bir cinayətə əl atsın. 

Ona görə düşünürəm ki, biz cəmiyyətimizin bütün kişilərinin bu modelə uyğun kişi olmasına çalışmalıyıq. Təhsili, işi-gücü, ailəsi olan və dövlətinin qanunlarının və cəza mexanizmlərinin gücündən xəbərdar olan kişi modeli".

Yazımın sonlarına doğru çatıram. İllərin statistikalarını, ölüm saylarını müqayisə etmək fikrində deyiləm. Çünki hər bir qadının həyatı dəyərlidir və heç bir statistika, heç bir rəqəm bu dəyəri ifadə edə bilməz. Hər bir qadın bir dünyadır, bir ailənin sevinci, bir dostun ən yaxın sirdaşı, bir uşağın anasıdır. Onların həyatı yalnız bir rəqəmlə məhdudlaşmamalıdır. Bir qadının öldürülməsi bir cəmiyyətin mənəvi məğlubiyyətidir, çünki bu, zorakılığa göz yumulduğunu, laqeyd qalındığını göstərir.

Hələ başqa ölkələrlə müqayisə etmək, qətiyyən... Bu, başqa ölkələrlə müqayisə olunabiləcək məsələ deyil, olunmamalıdır. "Filan ölkədə daha çoxdu" kimi ifadələr işlədilməməlidir, çünki heç bir ölkədə bu cür qətllərin, bu cür zorakılıqların normal qəbul edilməsi, gözardı edilməsi bəraət qazandırmaz. Hər bir qadın öldürüldükdə biz insanlığı bir az daha itiririk, cəmiyyət olaraq vicdanımızı bir az daha qurban veririk.

Əsas məsələ, saylara, rəqəmlərə bağlanmaq deyil, hər bir fərdi hekayəni, arxasında duran insanı görməkdir. Bu qurbanlar, sadəcə xəbərlərdə keçən adlar və ya rəqəmlər deyil - onlar, cəmiyyətimizin təpədən dırnağa dəyişməsi üçün bir xəbərdarlıqdır. 

Son olaraq sizə 2024-cü ildə qətlə yetirilən qadınların adlarını xatırlatmaq istəyirəm:

11 yanvar 2024-cü ildə Qaradağ rayonunda 50 yaşlı Pərvanə Zeynalova həyat yoldaşı tərəfindən öldürüb. 17 yanvar 2024-cü ildə Bakı şəhərində 33 yaşlı C.M. əri tərəfindən güllələnib. 13 fevral 2024-cü ildə Bakı şəhəridə Sevinc İbrahimova keçmiş əri tərəfindən 6 bıçaq zərbəsi ilə küçədə öldürülüb. 2 mart 2024-cü ildə Qobustanda 42 yaşlı Günel Sadıqova əri tərəfindən öldürülüb. 2 mart 2024-cü ildə Yevlax şəhərində 37 yaşlı Laləzar Bəkirova əri tərəfindən öldürüb. 10 mart 2024-cü ildə Mingəçevir şəhərində 37 yaşlı Aytən Məmmədova keçmiş əri tərəfindən öldürüb. 22 mart 2024-cü ildə Xaçmaz rayonunda 66 yaşlı Səfurə Balacayeva qaynı oğlu tərəfindən öldürüb. 26 mart 2024-cü ildə Biləsuvar rayonunda 25 yaşlı Sevil Əlili əri tərəfindən öldürüb. 5 aprel 2024-cü ildə Bakı şəhərində 32 yaşlı Aygül Quliyeva əri tərəfindən bıçaqlanaraq öldürülüb. 7 aprel 2024-cü ildə Goranboy rayonunda 45 yaşlı Alidə Kazımova oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. 9 aprel 2024-cü ildə Göygöl rayonundə 36 yaşlı Könül Qədimovanın meyiti aşkarlanıb. 19 aprel 2024-cü ildə Şəkidə 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. 19 aprel 2024-cü ildə Tovuz rayonunda 34 yaşlı Türkanə Məmmədova sevgilisu tərəfindən benzin tökülərək yandırıb və sonradan ölüb. 28 aprel 2024-cü ildə Abşeron rayonunda 49 yaşlı Ağayeva Sevinc əri tərəfinən öldürüb. 2 may 2024-cü ildə Ağcabədi rayonunda 33 yaşlı Nəzmiyyə Məhərrəmova qaynı tərəfindən öldürüb. 5 may 2024-cü ildə Bakı şəhərində 22 yaşlı Ayşən Məmmədova əri tərəfindən öldürülüb.

Bu siyahıdakılar ilk deyildi. Bu ölümlər onlarla başlamayıb, amma görünür, onlarla da bitməyəcək...

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31