Özünü sübut etmə çabası

Dünya Səhiyyə Təşkilatının (WHO) məlumatlarına görə, qlobal əhalinin təxminən 25%-i həyatının müəyyən bir nöqtəsində psixoloji problemlərdən, o cümlədən dəyər yetməzliyi və özünəinam çatışmazlığından əziyyət çəkir. Bu problemlər depressiya və narahatlıq kimi ciddi ruhi sağlamlıq məsələlərinə gətirib çıxara bilər.

ABŞ-də aparılan bir araşdırmaya görə, qadınların 60%-dən çoxu özünü kifayət qədər dəyərli və ya yetərli hiss etmir. Kişilər arasında bu rəqəm daha az olsa da, yenə də əhəmiyyətli bir faiz (təxminən 40%) özünə inam problemi yaşayır.

UNICEF-in məlumatlarına görə, gənclər arasında özünü yetərsiz və dəyərsiz hiss etmə hallarının artması müşahidə olunur. Xüsusilə sosial medianın təsiri ilə bu problemlər daha da güclənir. Araşdırmalar göstərir ki, gənclərin təxminən 70%-i sosial mediada özünü başqaları ilə müqayisə etdikdən sonra özünə inamın azalmasını bildirir.

Amerika Psixologiya Assosiasiyasının (APA) hesabatına əsasən, iş yerində dəyər yetməzliyi hissi ilə mübarizə edən işçilərin təxminən 50%-i, bu vəziyyətin onların iş performansına mənfi təsir etdiyini bildirir.

Həyatın demək olar hər bir sahəsində, fərd olaraq öz dəyərimizi başqalarına sübut etməyə çalışırıq. İkili münasibətlərdən tutmuş iş mühitinə, dostluqlardan sosial əlaqələrə qədər, hər yerdə özümüzü təsdiqləmək üçün yorucu bir mübarizə içindəyik. Bu çaba əslində, həyatın müxtəlif aspektlərində dəyərsizlik hissinin və asılılığın əlamətidir. Özümüzü başqalarına sübut etməyə çalışmaq, çox zaman daxili bir boşluğu doldurma cəhdidir və bu cəhdin nəticələri çox vaxt dərin və ağrılı olur.

Dəyərsizlik hissi isə bir çox fərqli səbəbdən yarana bilir. Keçmiş təcrübələr, cəmiyyətin gözləntiləri və şəxsi mükəmməllik tələbləri bu hissin inkişafına təsir edir. Uşaqlıq dövründə yaşanan travmalar və rədd edilmələr, insanın özünü yetərsiz hiss etməsinə səbəb olur. Adicə valideynlərin və müəllimlərin yüksək gözləntiləri belə çox zaman insanın özünü daim təsdiqləmək məcburiyyətində olduğunu hiss etməsinə yol açır.

Cəmiyyətin müəyyən etdiyi müvəffəqiyyət standartları və sosial normalar da bu hissi gücləndirir. Sosial mediada qarşılaşılan mükəmməl həyat görüntüləri və başqalarının uğurları ilə özünü müqayisə etmək, insanların öz dəyərini başqalarının təsdiqi ilə ölçməsinə səbəb olur. Bu müqayisələr, insanların dəyərsizlik hissini daha da artırır.

"Birinə sevgimizi necə sübut edə bilərik?" Bu sual, çoxlarının yaşadığı daxili narahatlıqları və sevgiyə dair gözləntiləri ortaya qoyur. Sevginin dəyəri və mənası, onu sübut etməklə ölçülməməlidir. Əslində, əsl sevgi özlüyündə təbii və səmimi olmalıdır, birinə sevgi göstərmək və onu sübut etmək arasında incə, lakin böyük bir fərq var.
Sevgi, iki insan arasında qarşılıqlı anlayış, hörmət və dərin bağlılıq deməkdir. Bu bağlılıq, yalnız sözdə və ya zahiri hərəkətlərdə deyil, daha çox içdən gələn bir duyğuda ifadə olunur. Əslində isə birinə sevgini sübut etməyə çalışmaq, çox vaxt özümüzdən və ya partnyorumuzdan qaynaqlanan qeyri-müəyyənlikdən doğur. Sevginin təməli etibar, dürüstlük və səmimiyyətdir. Bu xüsusiyyətlər varsa, sevgini sübut etməyə ehtiyac qalmır.

Özünü sübut etmə çabası, romantik münasibətlərlə kifayətlənmir. İş mühitində, insanlar öz dəyərini rəhbərlərə, həmkarlarına və müştərilərə sübut etməyə çalışır. İş uğurları, mükafatlar və tanınmalar, çox zaman bu təsdiq ehtiyacını qarşılamaq üçün istifadə olunur. Lakin bu müvəqqəti təsdiqlər, insanın daxili boşluğunu doldurmur; əksinə, dəyərsizlik hissini daha da dərinləşdirir.

Dostluqlarda və sosial dairələrdə də eyni vəziyyət mövcuddur. Sosial mühitdə qəbul görmək və təsdiqlənmək istəyilə insanlar, çox vaxt özlərini daha çox təsdiqləməyə çalışır. Sosial təsdiq üçün edilən çabalar, çox zaman bu münasibətləri daha səthi və mənasız edir. Öz dəyərini başqalarının təsdiqi ilə ölçmək, insanın özünə olan inamını zəiflədir və daxili dünyasında olduğundan da dərin bir boşluq yaradır.

Dəyərsizlik hissindən qurtulmaq və daxili rahatlığı əldə etmək üçün, öz dəyərimizi başqalarının təsdiqi ilə deyil, öz daxili gücümüzlə tapmalıyıq. Özünə inamı artırmaq və daxili sükunəti təmin etmək, insanın həyatında gerçək dəyişikliklərə səbəb ola bilər. Öz dəyərini başqalarının təsdiqi ilə ölçmək əvəzinə, öz içimizdəki dəyəri tapmaq və bu dəyəri özümüzə bəxş etmək, əslində daxili boşluğu doldurur və həyatımıza əsl müvəffəqiyyət gətirir.

Beləliklə, dəyərsizlik hissi ilə mübarizədə, özünü başqalarına sübut etməyə çalışmağın bizə heç nə qatmadığını anlayırıq. Ən mühümü, öz dəyərimizi başqalarının təsdiqi ilə deyil, öz içimizdə tapmaqdır. Bu yolla, həqiqi daxili sükunət və dəyər hissini əldə etmək mümkündür. Özünə inamı artırmaq və daxili gücü tapmaq, həyatın müxtəlif sahələrində uğur və əminlik gətirir.

Hər kəs öz həyatı üçün məsuliyyət daşıyır və hər bir fərd öz həyatını yaşamalıdır. Bu, çox vacib bir anlayışdır. İnsanların özlərini başqalarına həsr etmələri, başqalarının gözləntilərinə uyğunlaşmağa və ya yalnız başqalarını xoşbəxt etməyə çalışmaları təəssüf ki, hər daim qarşılaşdığımız haldır. Lakin, öz xoşbəxtliyini və rifahını ikinci plana atmaq, dəyər yetməzliyi hissinə və emosional tükənməyə səbəb ola bilər.

Özünə diqqət etmək, öz arzularını və ehtiyaclarını başa düşmək və onlara hörmət etmək şəxsi inkişaf və özünə inam üçün əvəzolunmazdır. İnsanların özləri üçün yaşamalı olduqlarını dərk etmələri, onların öz dəyərlərini tapmalarına və bu dünyada özlərini daha yaxşı ifadə etmələrinə kömək edir.

Nəticə etibarilə həyatınızı öz dəyərləriniz, arzularınız və məqsədləriniz üzrə yaşamalısınız. Başqalarının sizin haqqınızdakı fikirləri və gözləntiləri əhəmiyyətli olsa da, bu sizin həyatınızın əsasını təşkil etməməlidir. Özünüz üçün yaşamaq, öz dəyərinizi və xoşbəxtliyinizi tapmaq deməkdir.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31