Ulduzların arxasında: Falın insanların emosional dünyasındakı rolu
9 Avqust 2024 17:40 SosialBəzi insanlar fala və astrologiyaya inanırlar, çünki bu, onlara təsəlli və ümid verir. Onlar göylərdə bir mənəvi gücün olduğuna inanaraq, gələcəkdə baş verə biləcək hadisələri qabaqcadan öyrənmək istəyirlər. Astrologiyanın verdiyi təlimatlara uyğun hərəkət edərək, həyatlarını daha nizamlı və proqnozlaşdırıla bilən hala gətirməyə çalışırlar. Ulduzların və planetlərin hərəkətlərinin onların xarakterinə və taleyinə təsir etdiyinə inanırlar.
Falçılar və astrologlar, bürclərin və ulduzların vəziyyətini təhlil edərək, insanlara məsləhətlər verir. Bu, bəziləri üçün ruhsal bir dəstəkdir. Onlar üçün bu, yalnız bir inanc deyil, həm də bir həyat tərzidir. Gələcəyin bilinməzliyindən qorxan insanlar üçün, fala və astrologiyaya inanmaq, onlara bir növ təsəlli və güvənlik hissi verir. Həyatın çətinlikləri ilə üzləşərkən, bürc proqnozları və ulduzların göstərişləri onlara bir yön və məqsəd verir.
Fala və astrologiyaya inanmayanlar isə bu inancları elmi əsaslardan məhrum hesab edirlər. Onlar deyir ki, həyatın sirləri və gələcəyin müəmmaları yalnız şəxsi qərarlar və əməllərlə müəyyən edilir. Bu insanlar üçün ulduzların və planetlərin hərəkətləri insan həyatına təsir etməyən, təsadüfi hadisələrdir. Onlar rasional düşüncəyə və elmi metodlara üstünlük verərək, həyatlarını daha məntiqli və proqnozlaşdırıla bilən bir şəkildə yaşamağa çalışırlar.
İki müxtəlif baxışın tərəfdarları arasında maraqlı və dərin müzakirələr gedir. İnananlar üçün astrologiya və fal bir həyat yönləndiricisi, şübhəçilər üçün isə həyatın özünü daha dəqiq və məntiqli dərk etmə yoludur. Bu mübahisə, insanın öz taleyini anlamaq və idarə etmək arzusunun müxtəlif ifadələrini nümayiş etdirir.
Beləliklə, fala və astrologiyaya inananlar üçün bu inanclar, onların həyatlarını daha yaxşı başa düşmələrinə və idarə etmələrinə kömək edir. Bu inanc sistemi, onları gündəlik həyatın çətinlikləri və bilinməzlikləri qarşısında daha güclü edir. Digərləri üçün isə bu, sadəcə bir xülyadır və həyatda irəliləmək üçün daha rasional və elmi yollar seçmək lazımdır. Hər iki yanaşma da insanın öz yolunu tapmaq arzusunu və həyatın dərinliklərini anlamaq istəyini əks etdirir.
"Olaylar"ın müsahibi psixoloq Minarə Səbzəliyevadır:
-Stresslə mübarizə mexanizmləri arasında fal və astrologiyaya inanmanın rolu nədir və bu inanc insanlara hansı şəkildə təsir edir?
-Hər birimizin həyatında təcrübə etdiyi müxtəlif sıxıntılar var. Bəzilərimiz işimizi sevmirik, ya da iş həyatında bir çox sıxıntı yaşadığımız situasiyalarla qarşılaşırıq, bəzilərimiz sağlamlıqla bağlı problemlərdən əziyyət çəkirik, bəzilərimiz romantik münasibətlərdə üzülür, bəzilərimiz isə ailə həyatında bir çox stresslər yaşayırıq
Və hər nə qədər stress yaradan faktorlar var, bir o qədər də şəxslərin stresslə mübarizə mexanizmlərinin olması daha yaxşıdır. Susmaq, içinə qapanmaq, qışqırıb qarşısındakına rişxənd etmək, normadan çox işləmək kimi qeyri -sağlam, problemin həllinə yönəlik düşünmək, bir çox aktivliklərlə məşğul olmaq kimi və bu kimi başqa sağlam mübarizə mexanizmləri mövcuddur.
İndi isə araşdırmalarda da əks olunan stresslə mübarizə mexanizmi kimi şəxslərin fal/astrologiyaya inanması mövzusuna keçək. Düşünürəm ki, bir çox insanın ortaq arzusu gələcəkdə nələr yaşayacağımızı öyrənə bilməkdir. Təbii ki, hansımız 1 ay sonra, 1 il sonra ya da 5 il sonra həyatımızda nələrin olacağına, münasibətlərdə hansı yerdə və digər həyati sferaların hansı vəziyyətdə olacağını düşünmürük. Şəxslərin emosional vəziyyətlərinin yaxşı olmadığı dönəmdə eşitdikləri gələcəklə bağlı xoş sözlər isə, başqa sözlə desək, eşitmək istədiyimiz sözlərin bizə deyilməsinə, nələrinsə düzələcəyinə inanmağa ehtiyac duyuruq və bu bizi rahatlaşdırır.
-Minarə xanım, doğurdandamı gələcəyi görmək üçün fal və ya astrologiyaya ehtiyacımız var?
-Düşünürəm ki, adi bir nümunəyə istinad edəsi olsaq, bədənimizdə çox kiçik bir narahatlıq hiss etdiyimizdə bədənin bizə verdiyi siqnalı izləsək, əslində xəstəliklərimizi erkəndən öyrənə bilər, vaxtında müayinə oluna və gələcəkdə baş verə biləcək diaqnozun qarşısını ala bilərik. Yaxud da münasibətdə olduğumuz şəxsin daha öncələr və indiki halda bizə etdiyi davranışları dəyərləndirərək münasibətin hansı istiqamətə getdiyini müəyyən edə bilərik. Nəticə etibarilə öz həyatımızda xoşbəxt və hüzurlu olmaq, fiziki və psixi daha sağlam olmaq, həm çevrəmizə həm də özümüzə faydalı olaraq öz həyatımızın kontrolunu özümüz ələ ala bilərik. Əgər şəxsin həyatında mübarizə aparılası çətin bir situatsiya baş veribsə, şəxs stress hiss edirsə ya da həyatında bir sıxıntı varsa, o, özünü çarəsiz, depressiv hiss edə bilir və bu zaman da fala/astrologiyaya inanmağı seçə bilər.
Daha öncələr şəxs bunu əyləncə məqsədi ilə etsə də, bir müddət sonra artıq həyatında bir çox vacib qərarları bu yolla verir. Burada təbii ki, şəxsin bura ödədiyi maddi resurslar və başqa bu kimi problemlər olsa da ən önəmlisi şəxsin həyati problemlərini həll etməsi və ya qərar almasında fala baxdırması, astrologiyaya ilə qərar verməsi böyük problemdir.
Təbii ki, depressiv və ya çarəsiz hiss etdiyiniz dönəmdə xoş sözlər eşitmək çox yaxşı təsir edə bilər, lakin burada belə bir nüans da var. Hər hansısa fal sizə 2 il sonra müdür olacaqsınız desə, siz də bunun üçün əzmlə çalışıb bunu gerçəkləşdirmək üçün kariyer yolunuzda motivasiyalı addımlar atırsınız. Bu türkcədə "kendini gerçekleştiren kehanet" adlanır.
-Fala baxdırmanın insanların özlərini daha yaxşı hiss etmələrinə necə təsir etdiyini və bunun şəxslərin gələcəkdəki problemləri həll etməyə kömək etmədiyini necə izah etmək olar?
-İnsanların fala baxdırmasının bir çox səbəbi ola bilər. Bunlardan bəziləri aşağıdakılardır:
-Gələcəklə bağlı təşviş hiss etmək: İnsanlar gələcəkləri haqqında məlumat sahibi olmaq istəyirlər və fala baxdırmağı bu mövzuda bir həll yolu olaraq görə bilirlər.
-Şəxslər falı qərar vermə müddətinə yardım kimi görürlər: Həyatları ilə bağlı çətin bir qərarı verdikdə fala baxdıraraq hansı qərarı ala biləcəkləri ilə bağlı fikirlərə sahib olmağı istəyirlər.
Özlərini xoşbəxt hiss edə bilərlər: bayaq da qeyd etdiyim kimi depressiv, çarəsiz, üzüntü kimi hissləri hiss etdiklərində fala baxdıraraq ordan müsbət sözlər eşidə və bu sözlərdən tətmin ola bilərlər.
Maraq: təbii ki, burada şəxslər buna sadəcə maraq doğuran bir aktivlik kimi də baxa bilərlər.
Sosyomədəni faktor: hansı ki, müəyyən toplumların dəyər və inanc sistemlərində fala baxdırma bir növ adət halını almışdır ki, insanlar da bu adəti davam etdirmək üçün fal baxdırma ehtiyacı hiss edirlər.
Ümumilikdə isə fala baxdırmaq gələcəklə bağlı hiss edilən təşviş yaradan situasiyalara həll yolu tapma kimi dəyərləndirilə bilir. Belə bir nüansı qeyd edə bilərəm ki, ümumiyyətlə insanların gələcəklə bağlı təşviş hiss etmələri və bu təşvişi azaltma ehtiyacları, təkamül olaraq da insanların həyatda qalmalarına yardım edən önəmli mexanimzdir. Lakin bunun həll yolu real faktorlardadır.
Fala baxdırmaq isə insanların gələcəklə bağlı təşvişlərini azaltmağa yardım edə və insanların qərar vermə müddətlərində özlərini daha rahat hiss etmələrinə kömək edə bilər. Bununla da şəxslərin gələcəklə bağlı stress səviyyələri azala bilər. Lakin bu nə indidə, nə də gələcəkdəki yarana biləcək problemlərin qarşısını almada, həll etmədə bir metod deyil. Sadəcə şəxslərin özlərini daha yaxşı hiss etməsinə səbəb olan bir yoldur.
-Bürclərin şərhləri şəxslərin aidiyyat hissini və sosial əlaqələrini necə təsir edir?
-İsveçrədə aparılan bir araşdırmada bürclərin verdiyi şərhləri izləyən və insan şəxslərin aidiyyat hissi axtara biləcəyi də önə sürülüb. Belə ki, şəxs öz bürcündən olan insanlarla arasında emosional bir bağlantı qura bilər və müəyyən mövzularda tək olmadığı hiss edə bilər. Eyni zamanda bu həmin insanların sosiallaşmağına da faydalı ola bilər. Belə ki, aparılan araşdırma nəticəsində məlum olub ki, şəxslər özlərinə oxşar maraq sahəsi olan insanlarla tanış olub, onlarla birlikdə bu aktivlikləri həyata keçirirə bilirlər ki, bu da aidiyyat hissindən irəli gəlir.
Astrologiya və ya bürclər insanların özlərini və başqalarını daha yaxşı anlaması cəhdləri kimi də qələmə verilə bilər. Şəxslər bürclərdə və ya astroloji profil analizlərində özlərinə oxşar xüsusiyyətləri və ya davranışları gördükdə bu oxşarlıqları taparaq özlərini daha yaxşı hiss edə bilirlər. Hətta burada bəzi insanlar astrologiya və ya bürclərə inanaraq bu inancların özlərinə bir növ rəhbərlik edə biləcəyinə və ya güvənə biləcəkkərinə inanırlar. Bu, onların özünüqiymətləndirmələrini artıra bilir. Lakin bayaq da qeyd etdiyim kimi, astrologiya, fal, bürc şərhlərinə daha çox inananlar və asılılıq halına gətirənlər isə öz azadlıqlarını məhdudlaşdıra bilər. Hansı ki, burada qərar vermə, seçim etmə azadlıqlarından bəhs edilir. Hər hansısa psixoloji və ya həyati problemin həllini ələ almaq üçün şəxsi inkişafa investisiya etmək, daha çox elmi sübuta əsaslanan yanaşmalardan istifadə edərək düşünmək daha yaxşı nətcələr doğuracaqdır.
-Fala və astrologiyaya həddindən artıq inanmaq şəxslərin psixoloji vəziyyətinə necə təsir edir?
-Əgər şəxslər həddindən artıq bürclərə, astrologiyaya, fala inanarlarsa, bu şəxslərin digər şəxslərdən fərqli olaraq belə bir psixoloji problemi qeydə alınır ki, bu şəxslər daha təşvişli şəxslərdir. Təşvişli şəxslərin gələcəklə bağlı çox böyük qayğıları, narahatıqları var. Həyatlarında həll edə bilmədikləri situasiyaları mütləq şəkildə fal, astrologiyadan istifadə etməklə həll etmək istəyirlər. Eyni zamanda ola bilər ki, fala, astrologiyaya və s. inanan şəxslər yeni həyati bacarıqlara yiyələnə bilməsinlər. Fal, astrologiya şəxsləri komfort zonalarında saxlayır və bir sıra psixoloji, sosial problemləri üzə çıxarır.
Qiymət Mahir