SOCAR-ın Çinlə əməkdaşlığı: Təchizat xərcləri azalacaq, yeni imkanlar yaranacaq?- ÖZƏL

Çinin Şanxay şəhərində SOCAR ilə "China Petroleum & Chemical Corporation" (Sinopec) arasında strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-dan verilən məlumata görə, sənədi şirkətin vitse-prezidenti Fuad Musayev və Sinopec-in vitse-prezidenti Li Yuxing imzalayıblar.
Memorandum satınalma və təchizat zəncirinin idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsini, təchizatçı məlumatlarının mübadiləsini, qabaqcıl təcrübələrin paylaşılmasını və məhsul, avadanlıq və xidmətlərin qarşılıqlı təchizat zəncirinə daxil edilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur.

SOCAR və Sinopec arasında imzalanan bu memorandum Azərbaycanın neft-qaz sektorunda beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına necə təsir göstərə bilər? Çin şirkəti ilə satınalma və təchizat zəncirinin idarə olunması sahəsində əməkdaşlıq SOCAR üçün iqtisadi baxımdan hansı üstünlükləri yarada, xərclərin azaldılması və təchizat imkanlarının şaxələndirilməsinə necə töhfə verə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlama verib:

" SOCAR ilə Çinin Sinopec şirkəti arasında imzalanan memorandum Azərbaycanın neft-qaz sektorunda beynəlxalq iqtisadi əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Çin hazırda dünyanın ən böyük sənaye və enerji bazarlarından biridir. Bu ölkənin neft-qaz sənayesində böyük təcrübəyə və geniş istehsal imkanlarına malik şirkətləri ilə əməkdaşlıq Azərbaycanın enerji sektoruna yeni texnologiyaların, avadanlıqların və təchizat imkanlarının cəlb edilməsi üçün əlavə şərait yarada bilər. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın enerji sahəsində tərəfdaşlarının coğrafiyasını genişləndirir və yalnız ənənəvi Qərb bazarlarından deyil, Asiya bazarından da daha fəal istifadə etməsinə imkan verir.
Memorandumun iqtisadi baxımdan əsas üstünlüklərindən biri satınalma xərclərinin optimallaşdırılmasıdır. Çin sənaye məhsulları, neft-qaz avadanlıqları və müxtəlif texniki vasitələrin istehsalında böyük potensiala malikdir. SOCAR bu imkanlardan yararlanmaqla bəzi məhsul və avadanlıqları daha əlverişli qiymətlərlə əldə edə, alternativ təchizatçılarla işləyərək satınalma prosesində rəqabəti artıra bilər. Bu isə həm xərclərin azalmasına, həm də istehsal prosesində təchizat fasilələri riskinin aşağı düşməsinə kömək edə bilər. Çünki hər hansı bir ölkədən və ya şirkətdən asılılığın azalması təchizat təhlükəsizliyi baxımından vacibdir.
Digər mühüm məqam təchizat zəncirinin idarə olunması sahəsində təcrübə mübadiləsidir. Sinopec bu istiqamətdə böyük istehsal və logistika təcrübəsinə malikdir. SOCAR həmin təcrübədən istifadə etməklə satınalma, logistika və anbar idarəçiliyinin səmərəliliyini artıra bilər. Bununla belə, memorandumun imzalanmasını hələ konkret investisiya və ya maliyyə nəticəsi kimi qiymətləndirmək düzgün olmaz. Əsas məsələ bu razılaşmanın sonradan konkret müqavilələrə, birgə layihələrə və real iqtisadi nəticələrə çevrilməsidir. Əgər bu baş verərsə, əməkdaşlıq SOCAR-ın rəqabət qabiliyyətinin yüksəlməsinə və Azərbaycanın enerji sektorunda beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfə verə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31