"Azərbaycan-Türkiyə münasibətlərini heç kim korlaya bilməz" – COP31 səfəri nədən xəbər verir? – ÖZƏL

"Azərbaycan Prezidenti İlham Əliyevin COP31 tədbirində iştirakı Azərbaycanın Türkiyə ilə münasibətlərinin və iki ölkə arasındakı əlaqələrin sarsılmaz olduğunu bir daha göstərdi".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçinin sözlərinə görə, bu, bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə münasibətlərini kimliyindən asılı olmayaraq heç kim korlaya bilməz. Bu münasibətlər beynəlxalq aləmdə, demək olar ki, unikal xarakter daşıyır. Azərbaycan-Türkiyə münasibətləri təkcə COP31-də deyil, bütün beynəlxalq tədbirlərdə və beynəlxalq təşkilatlarda daim özünəməxsusluğu ilə seçilir. Hər iki ölkə bütün beynəlxalq platformalarda bir-birinin mövqeyini daim müdafiə edir. Hətta Türkiyənin və ya Azərbaycanın iştirak etmədiyi beynəlxalq tədbirlərdə belə, tərəflər bir-birinin maraqlarını müdafiə edirlər. Bu da bir daha sübut edir ki, dünyada Azərbaycanla Türkiyə arasındakı münasibətlərə bənzər əlaqələrə malik başqa dövlətlər tapmaq çətindir. İstər daxili siyasət, istər siyasi, iqtisadi, istərsə də humanitar sahədə Azərbaycan-Türkiyə münasibətləri daim fərqlənir. Müasir, mürəkkəb və geosiyasi baxımdan həssas bir dövrdə bu iki dövlət daim bir-birinə dəstək verir və bir-birini müdafiə edir. Prezident İlham Əliyevin tədbirdə iştirakı da bu həmrəyliyin növbəti sübutudur. Türkiyə tərəfi dəfələrlə qeyd edib ki, COP31-in təşkili prosesində Azərbaycanın təcrübəsindən yararlanır. COP31-in Azərbaycanda keçirilmiş COP29-dan böyük nümunələr götürdüyü, Azərbaycanın bu prosesdə yaxından iştirak etdiyi və COP29 təcrübəsinin Türkiyə tərəfindən COP31-in təşkilində tətbiq olunduğu diqqət çəkir.

Ekspert bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və hazırda COP31-də iştirak etməsi, sözsüz ki, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Azərbaycan bu tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunur. Burada Xəzərin problemləri, alternativ enerji məsələləri gündəmə gətirilir, Azərbaycanın təcrübəsindən istifadə olunur. Bu, bir daha göstərir ki, Azərbaycan beynəlxalq tədbirlərdə söz və nüfuz sahibinə çevrilir. Azərbaycanın tətbiq etdiyi təcrübə və irəli sürdüyü nümunələr bir çox hallarda beynəlxalq səviyyədə örnək kimi qəbul edilir və digər ölkələr tərəfindən tətbiq olunur. Sözsüz ki, COP31-də də bunun bariz nümunəsini görürük.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31