Kimə görə yaşayırıq?
26 İyul 2024 18:34 SosialRuhların gizlin örtükləri
Xoşbəxtlik illüziyası
Həyat səhnəsində bir aktyor kimi rol alırıq. Hər birimiz fərqli ssenariyə sahib, fərqli səhnələrdə, fərqli tamaşaçılar qarşısında oynayırıq. Amma hamımızı düşündürən bir sual var: "Kim üçün yaşayırıq?" Bu sualın cavabı, səmamızda parlayan ulduzlar qədər çox və müxtəlifdir.
Doğulduğun gün "təbrik edirik, gün o gün olsun 1 yaşını qeyd edəsiz", məktəbə başladığın gün "o gün olsun məktəbi bitirəsən", son zəngində "universitetə girdiyini görək", məzun olduğun gün "artıq işləməyə başlayarsan yəqin ki", yüksək vəzifə qazandığın gün "bir ailə də qursa idin, bilərdik ki, yerin yurdun var", ailəli olsan belə, yetmir bu "bircə evinizdən uşaq səsi də gəlsə idi",...
Onların istəyi heç zaman bitməyəcək. Sən dünyanı dəyişdikdən sonra belə "sağ olsa idi.." deyəcəklər.
Mühitin istəyini yerinə yetirərkən keçən zamanın, əlimizdən gedən ömrün bir daha gəlməyəciyini təəssüf ki, dərk edə bilmirik. Halbuki hərkəsə yalnız bir dəfə bəxş olunur bu həyat. Fərqindəlik, öz dəyərini bilmək, həyatını yalnız öz ətrafında nizamlamaq, doğrularını və yaşam tərzini özün seçmək səni sən edəcək. Çünki məhz özünə verdiyin dəyər, gördüyün dəyərdir.
Bu günün reallığı isə bu günün fəlakətidir. Əslində, sosial media insanları məhv edib desək, yanılarıq. Axı insan şüurlu varlıqdır. Nədən necə istifadə olunmağını özü müəyyən etməlidir. Təəssüf ki, xoşbəxt həyat rəsmi, özünü və "düzgün" həyat yolunu başqalarına göstərmək naminə çox şey itirdiyini anlamır.
Jurnalistin fikri dəqiq olmalıdır. Açığı, mənim fikirlərim bu dəfə qarışıqdır. Cavabını heç ala bilməyəcəyim bir sual ünvanlayacam: "Niyə insan ruhu, öz varlığını başqalarının göz aynasında əks etdirmək üçün can atır?"
İnsan özü ilə mübarizədə nə qədər cəsarətli olmağa çalışsa da, bəzən öz varlığının dərinliklərində qaranlıq bir boşluğa sürüklənir. Bu boşluq, onu öz kölgəsindən qaçmağa belə məcbur edən yetərsizlik hissidir. Hər uğur, hər yeni əldə edilmiş nailiyyət, bu boşluğun yalnız bir parçasını doldurur, amma tam olaraq doldurmaqdan çox uzaqdır.
Hə, ən başda məhz bununla əlaqəlidir. Gözəl yemək şəkilləri, sevinc dolu dəlisov gülüşlər, lüks həyatın qüsursuz görüntüləri- özünü qorumağa çalışan ruhların gizlin örtükləridir. Haqlısınız, bu örtük daxili tənhalığınızı, qaranlığın ağırlığını ört basdır edir. Amma xoşbəxtlik illüziyası kimə gərəkdir axı?

"Ördək simdromu" adlanan problemi bizə əhatəli formada izah etməsi üçün "xoşbəxtlik illüziyası nədir?" sualını psixoterapevt Elmir Əkbərə ünvanladıq:
-Bu sindrom insanın zahirən çox sakit, problemsiz, hüzurlu görsənir. Amma daxilində isə çox ciddi təlatüm, xəyal qırıqlığı, məyusluq hissi var. Bu "peşəkar yanma", "tükənmişlik" sindromunun bir növüdür. Sadəcə olaraq burda ənənəvi formadan fərqi ondadır ki, zahirdən görən digər insanlar bunun şahidi olmur. Yəni həmin zahiri əlamətlər görsənmir. İnsan bunu sırf daxilən yaşayır. Tibdə-xəstəliklərin beynəlxalq təsnifatında belə bir diaqnoz yoxdur. Bu metafor ilə deyilmiş bir məsələdir. Ümumiyyətlə, insanlar özlərində bunu hiss edəndə peşəkar mütəxəssislərə müraciət etməlidirlər. Ona görə ki, "peşəkar yanma", "tükənmişlik" sindromlarının digər növlərində olduğu kimi bu halda da doğru tədbir görülməzsə, insanın həm şəxsi həyatı, həm də iş, karyera həyatı alt-üst ola bilər. Həmçinin bu vəziyyət onun da göstəricisidir ki, insan doğru yolda deyil, həyatda hansısa seçimlərində çox ciddi yanlışlıq edibdir və indi sadəcə özünü məcbur eləyir ki, o yolu davam etdirsin. Durmaq, dayanmaq və analiz etmək lazımdır ki, əslində ona hansı yol, hansı istiqamət lazımdır. Yəni bu işdə psixoterapiya bizə kömək edir. Bəzi hallarda hətta medikamentoz müalicə də tələb olunur.

Sosioloq Lalə Mehralı:
-Bu günümüzün xəstəliyidir desək, əmin olun ki, yanılmarıq. Özü də ciddi formada yoluxucu epidemiya xarakterli bir xəstəlikdir. İnsanlar həmişə belə olmayıblar. Sosial şəbəkələr ki, bizim həyatımıza girdi, hamı hər şey göstəriş, nümayiş üçün yaşamağa başladı. Hamı başqasına sübut eləməyə çalışır ki, onun ailəsi mükəmməldir. Hamı başqasına göstərməyə çalışır ki, ailəsində heç bir problem yoxdur, həyat yoldaşından hər şey qaydasındadır, uşaqları ən nümunəvi və tərbiyəvi uşaqlardır, onun heç nəyə ehtiyacı yoxdur, ailə vəziyyəti sosial və maddi cəhətdən olduqca yüksəkdir, hörmət, mədəniyyət, ehtiram, inam, etibar kimi hisslər onun ailəsində hər şeydən öncə gəlir. Hamı başqasına bunu sübut etməyə çalışır. Heç kim öz özəl gününü, ailəsində qeyd eləmək istəmir. Hamı istəyir ki, onun özəl gününü, ailəsi ilə necə qeyd elədiyini hamı görsün. Dincəlmək üçün getdiyimiz hər hansı bir məkanda heç kim dincəlmək istəmir. Hamı baxdığı filmə, kinoya, teatra, dinlədiyi müğənniyə, konsertə, öz smartfonunun ekranından baxır. Smartfonunu açır, konsertin başından sonuna qədər o smartfondan o konserti çəkməyə, birbaşa səhnədə izləməyə getdiyi müğənnini yox, smartfonundakı müğənnini izləməyə çalışır. Orda heç düşünmür ki, mən bura, tutaq ki, əylənməyə gəlmişəm, istirahət eləməyə gəlmişəm, mənəvi dincəlməyə gəlmişəm və smartfonu bağlayıb, hətta söndürüb kənara qoyub dincəlməyimin qayğısına qalmalıyam. O düşünür ki, "mən burdan gedəndən sonra sosial şəbəkədə nə paylaşacam?" Bunu paylaşmağı o dincəlməyi ehtiyac bildiyimdən daha çox ehtiyac bilir. Mən başa düşürəm, insanlar ictimai fikrə əhəmiyyət verir. Bunun əslində özü özlüyündə yaxşıdır. Bir davranışı həyata keçirəndə, bir geyimi geyinəndə, danışanda biz əslində, ictimaiyyətin fikrini önəmsəməliyik. Çoxluq nə düşünürsə onu düşünmək məcburiyyətində deyilik. Sadəcə çoxluğun nə düşündüyünə, necə düşündüyünə hörmət etmək məcburiyyətindəyik. Hörmət özü bir mədəniyyətdir. Amma özünü başqasının bəyənəcəyi formaya salmaq, həyatını insanlar belə sevir deyə yaşamaq, yəni kamera önündə insanların gözlədiyini eləmək-bütün bunların hamısı insanı insan olmaqdan uzaqlaşdırır. Hazırda o fenomenlər ki, var, sosial şəbəkədə kimlər ki, göz önündə yaşayır, həyatını, əmin olun ki, əksəriyyətinin kamera arxasında çox bərbad bir həyatı var. Biz bunu uzun illərdir müşahidə edə-edə gəlmişik. Ən xoşbəxti olduğunu bildirən fenomenlər belə kamera sönəndən sonra özlərinə oturub ağlayacaq dərəcədə bədbəxtdirlər.
Zeynəb Rzayeva