Ekspert nədir? -Verilişlərdə ekspertlər necə seçilməlidir?

Hazırda televiziya verilişlərində sadalaya biləcəyimiz bir çox problem var. Bunlardan başlıcası da, verilişlərə ekspert kimi dəvət olunan şəxslərdir. Daha geniş izah etsək, ekspert kimi dəvət olunan şəxsin veriliş və verilişdəki mövzu ilə əlaqəsi. Bir çox hallarda verilişlərdə mövzu ilə əlaqəli ekspert qismində iştirak edən şəxslər izləyicini qane etmir, hətta açıqlamaları ilə onu narahat edir və qəzəbləndirir. Gəlin əsas izləyicilərin nədən narazı olduğuna nəzər salaq. Bu məsələlərdən başlıcası həmin verlişlərin eksperti kimi tanınan insanların sosial media platformalarında özlərini başqa cür nümayiş etdirmələridir. Bu gün bir verilişdə ekspert qismində gördüyünüz birini sabah rahatlıqla oynaya-oxuya ev, mağaza reklam edən və s. fəaliyyətlə məşğul olan yerdə görə bilərsiniz. Maraqlısı odur ki, artıq bəzi insanlar pis şöhrətə də razıdırlar. Pis də olsa, əsas odur ki, tanınsınlar. İnsanlar güvəndikləri və sözünə inandıqları, hər hansısa məsələni həll edə bilmə potensialına malik birini ekspert qismində görmək istəyirlər. Ümumiyyətlə, gəlin baxaq, "ekspert nədir?"

Jurnalist, televiziya tənqidçisi Qulu Məhərrəmli ekspert anlayışının tərifini belə verir:

-Ekspert o deməkdir ki, o, öz sahəsinin ən yaxşı bilicisidir. Müəyyən məsələni, fikirləri ekspertiza edə, problemlə bağlı ən düzgün yolu göstərə, yanaşmanın yanlış və ya doğru olmasını əsaslandıra bilən şəxsə ekspert deyilir. Burada ən ciddi məsələ ekspertin düzgün seçilməsidir. Məsələn, ən çox ekspert seçimi yalnışlığı xüsusən şou, ailə-məişət mövzularına həsr olunan proqramlarda özünü göstərir. Bəzi siyasi verilişlərdə də bu var. O sahə üzrə heç bir araşdırması olmayan, heç bir nüfuzlu yazısı olmayan, ümumiyyətlə, heç bir nüfuzu olmayan, tanınmayan adamları ekspert kimi dəvət edirlər. Bu da əlbəttə ki, ciddi narazılığa səbəb olur. Məsələ hüquqdursa, ən peşəkar hüquqşünas bunu bilməlidir. Mediadırsa, təbii ki onun bütün çalarlarını, incəliklərini bilən adam olmalıdır. Məsələ hüquq, ailə-məişət məsələsi, psixologiya, sosiologiyadırsa, cəmiyyəti, ailəni, onun problemlərini yaxşı bilən biri olmalıdır. Yəni ekspert ən yüksək səviyyədə peşəkar adam olmalıdır. İstənilən ictimai müzakirədə, analitik proqramda seçilmiş ekspertin kimliyi birbaşa verilişin keyfiyyətinə təsir edir. Ekspert, verilişdə analitik kimi iştirak eləyən adam həmin sahənin yüksək səviyyəli mütəxəssisləri olmalıdır, standartları bilməlidir. O, məsələnin mahiyyətini, məğzinin çatdırılmasını, qiymətləndirməyi bacarmalıdır. Birinci növbədə, ekspert həmin sahənin mütəxəssisi olmalıdır, yəni onun dəyərləndirilməsi obyektiv, dürüst və qərəzsiz olmalıdır. Çünki tamaşaçını təmsil edir, onun fikirləri tamaşaçıya yönəlir. Ona görə də proqramlarda ekspert seçiminə çox diqqətlə yanaşılmalıdır. Bəzən dəxli olmayan adam siyasətdən, iqtisadiyyatı yaxşı bilməyən, prosesləri ümumən düzgün görə bilməyən adamlar iqtisadi proseslərdən, ailə və əxlaq mövzusunda olan verilişlərdən cəmiyyətdə heç bir nüfuzu olmayan adamlar danışır. Bunlar isə təbii ki, birbaşa verilişin keyfiyyətinə təsir edir. Ona görə verilişin redaktoru, aparıcısı, prodüseri bu məsələyə diqqət yetirməlidir. Çünki indi verilişlər çoxalır, ekspertlərin çıxışına ehtiyac yaranır. Tamaşaçı baş verən hadisəni məhz həmin o ekspertlərin şərhi ilə qəbul edir. Ona görə bu şərhlər obyektiv, dürüst və peşəkar olmalıdır. 

Telejurnalist Nüşabə Hüseynli də ekspertlərin seçilməsi məsələsinin çox diqqətlə aparılmalı olduğunu vurğulayır:

-Çünki verilişin alınması, faydalılığı, baxımlılığı həm də ekspertlərin doğru seçimindən asılıdır. Ekspert hansısa sahəni dərindən bilən, onun dünənini, bu gününü dəyərləndirməyi bacaran, həmin sahənin gələcəyi ilə bağlı proqnozlar və təkliflər vermək iqtidarında olan, bir sözlə, haqqında danışdığı sahə barəsində hərtərəfli məlumatı olan şəxsdir. Hələ bunun üzərinə mediaya nə dərəcədə açıq olmasını da gəlirəm. Çünki bəzən çox yaxşı mütəxəssis hesab olunan şəxs hansısa səbəbdən verilişdə iştirak etmək istəmir. Bu şərt də var. Etiraf edək ki, istənilən sahədə bu şərtlərə cavab verən ekspertlər çox deyil, ən yaxşı, halda 3-5 nəfər. Əvəzində özünü ekspert hesab edənlər çoxdur. Buna görə də özfəaliyyətlə əsl eksperti ayırmaq üçün biz mütləq, ilk növbədə, axtarış mühərriklərindən istifadə etməliyik. Axtarış mühərriklərinin üzə çıxardığı adları sosial platformalarda təhlil etməliyik. Ekspert kimi verilişə dəvət etmək istədiyimiz şəxsin sosial şəbəkələrdə, xüsusilə, "Linkedln" platformasındakı paylaşımlarına, çıxışlarına, mövzulara, problemlərə münasibətinə baxmalıyıq. Çıxışlarını dinləməliyik. Ekspetin müzakiə formatına nə dərəcədə hazırlıqlı, yəni çevik düşüncəli və fikir mübadiləsinə açıq olmasını da diqqətdə saxlamalıyıq. Fikini əsaslandırdıqda arqumentlərinin ciddiliyi onun barəsində çox söz deyir. Veriliş Azərbaycan dilindədirsə, onun bu dildə danışmaq imkanları, leksikonunun uyğunluğu, nitqinin səlisliyi də həlledici ola bilir.

-Yalnış ekspert seçimi verilişin imicinə necə təsir edir?

-Dediyim kimi verilişin uğuru ekspertlərin doğru seçimi ilə əlaqəlidir. Yanlış ekspert yanlış müzakirə, yanlış qənaətlər və qeyri-ciddi veriliş deməkdir. Xüsusilə, tok-şou formatında olan verilişlərdə ekspertin yanlış seçildiyini diqqətli tamaşaçı dərhal hiss edir. Aparıcının suallarına ümumişlək olmayan, birbaşa sahəyə aid olan hansısa sözlərdən, terminlərdən istifadə edərək cavab verib yerində olduğunu göstərməyə çalışan ekspert ciddi opponent qarşısında bu perfomansı göstərə bilmir. Güclü opponentin məsələyə münasibəti fonunda ekspertin həvəskar səviyyədə olması dərhal görünür. Məsələyə emosional deyil, məntiqə və biliklərə söykənərək yanaşmaq mütləqdir.  Bir daha qeyd etmək istəyirəm, təəssüf ki, bu gün qidadan, sabah plastik qablardan, birigün yoluxucu xəstəliklərdən danışan və özünə eskpert deyənlər az deyil. Amma sən də jurnalist olaraq, ekspert seçimini doğru aparmalısan, yəni, ekspertlər üzrə ekspert olmalısan. Çünki sənin verilişinin imici məhz ekspert kürsüsündə əyləşdirdiyin adlarla xarakterizə edilir.

-Bəs, izləyicilər uğursuz ekspert seçimindən narazıdır və veriliş rəhbərliyi yenə də eksperti dəyişmirsə, biz bunu tamamilə reytinq xatirinə veriliş kimi qəbul etməliyik?

-Təəssüf ki, bəzən efirlərə haqqında danışılan mövzulara nəinki dəxli olmayan, hətta sanki məhz dəxilsiz olması ilə diqqəti cəlb edən adamlar yol açır. Düşünürəm ki, burada söhbət artıq ekspertin hansı meyarlara əsasən seçilməsindən gedə bilər. Mövzuya aid olmayan qonağın efirdə olmasının səbəbləri, deməli, başqadır. Ucuz ssenaridə rol almaq, qeyri-adekvat fikirlər səsləndirmək, necə deyərlər, kameraya oynamaq, imitasiya edib, reklam fasiləsində növbəti gedişləri planlamaq, özündə olmayan keyfiyyətləri qarşısındakından tələb etmək və s. Ən acınacaqlısı da budur ki, insanlar  belə adamları daha çox tanıyırlar, nəinki əsl ekspertləri.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31