Valideyn olmağın görünməyən tərəfləri: doğum sonrası depressiya

Ana olmaq insan həyatında bütün duyğuları eyni anda yaşamağınıza səbəb ola biləcək ən xüsusi prosesdir. Bir çox qadın bu prosesi planlaşdırıb ana olmağa emosional olaraq hazırlaşa bilsə də, analıq bir çox qadın üçün sürprizdir. Hər iki halda bu müddət maraq və narahatlıqlarla doludur.
Qadının həyat dövründə keçdiyi ən çətin yollardan biri hamiləlik və doğuşdan sonrakı dövrdür. Bu dövrdə orqanizmdə hormonlarda və bütün toxuma və orqanlarda qəfil dəyişikliklər baş verir və bu zaman qadın hamiləlikdən əvvəlki dövrlə müqayisədə sosial sahədə daha az məhsuldar olur.
Doğuşdan sonrakı ilk dövr olaraq təyin olunan bu müddət 40 gün (6 həftə) müddətində ananın hamiləlik zamanı dəyişmiş hormonlarının əvvəlki vəziyyətinə qayıtması və bu hormonal dəyişikliyin analıq hissi ilə birlikdə analıq duyğusuna səbəb ola biləcəyi dövrdür və bəzən doğuşdan sonrakı depressiyaya da səbəb olur. Bu dövr qadının ən zəif dövrlərindən biri hesab edilir və bu dövrdə hormonlar normala qayıtmağa çalışır. Bu müddət ərzində ailə dəstəyi olmadığı təqdirdə anada xroniki gərginlik halı ilə yanaşı, yuxu problemləri və bəzi insanlarda "postpartum psixoz" adlanan ciddi ruhi xəstəlik əlamətləri yarana bilər.
Ev həyatına yeni bir insanın əlavə edilməsi, məsuliyyətlərin artması və mümkün münaqişələr, cütlüklər arasındakı münasibətlərə və şəxsi qayğıya ayrılan vaxtın azalması və hətta qəzəb hissi ilə baş verən dəyişikliklərə hazır olmaq lazımdır.
Psixoloq Ülkər Məmmədli bildirir ki, doğuşdan sonrakı dövrdə və sonrasında atanın da anaya köməyi çox vacibdir:
"Uşaq dünyaya gəldikdən sonra həm ev, həm uşaq işlərini təkbaşına öhdəsinə götürən ananın doğuşdan sonrakı depressiyaya düşmə riski çox yüksəkdir. Bu dövrdə ata anaya dəstək olarsa, proses asanlaşacaq və həyat yoldaşları arasındakı əlaqə uzun müddətli müsbət mənada irəliləməyə başlayacaq.
Doğuşdan sonrakı dövrdə əhvalın ən ağır forması olan psixoz düşüncə pozğunluğuna və halüsinasiyalara səbəb ola biləcək ağır bir vəziyyətdir. Bu proses zamanı ana psixoloji dəstək və lazım gələrsə dərman dəstəyi almalıdır.
Ananın həddindən artıq obsesif olması və bəzən real olmayan şeyləri eşitdiyini və gördüyünü iddia etməsi onun körpəyə qarşı həddindən artıq müdafiəçi olmasına səbəb ola bilər. Ananın körpəsinin hər an ona zərər verə biləcəyini düşündüyü üçün qorxu ilə yaxınlaşması da mümkündür.
Bu simptomların olması halında mütəxəssis köməyinə mütləq müraciət etmək lazımdır. Əks halda belə hallarda bu cür davranışlar intihara belə gətirib çıxara bilir. Vəziyyətin dərəcəsindən asılı olaraq, psixoloji problemləri olan anaya təxminən 2-3 həftəlik müalicə lazım ola bilir.
Doğum sonrası depressiya, körpənin necə doğulmasından və ananın neçənci dəfə övlad sahibi olmasından asılı olmayaraq, doğuşdan sonrakı dövrdə qadınlarda müşahidə oluna bilən bir xəstəlikdir. Oxşar vəziyyət insanların sosial-iqtisadi xüsusiyyətləri üçün də keçərlidir. Yəni yaş, peşə, təhsil səviyyəsi və etnik mənsubiyyət kimi meyarlar xəstəliyin inkişafına gözlənilən qədər təsir göstərmir. Bu tip depressiyanın fiziki və emosional faktorlara görə inkişaf etdiyi düşünülür, lakin hormon səviyyələrindəki dəyişikliklər doğum sonrası depressiyaya səbəb olan fiziki faktorlardan biridir. Xüsusilə hamiləlik dövründə artan estrogen, progesteron və tiroid hormonlarının səviyyəsi doğumdan sonra sürətlə aşağı düşərək depressiyanın inkişafına zəmin yarada bilər.
Doğuşdan sonrakı depressiyanın simptomları insandan insana və gündən günə dəyişə bilər. Bundan əlavə, bunlardan hər hansı birinin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çox çətindir. Birinci həftədən başlayaraq doğuşdan sonrakı dövrdə bir insanda bir və ya bir neçə əlamət müşahidə oluna bilər. Bəzi hallarda doğum sonrası depressiyanın ən əhəmiyyətli əlaməti ana ilə körpə arasında soyuqluqdur. Doğuşdan sonrakı depressiyanın başqa bir əlaməti həddən artıq yorğunluq və kədər hissidir. Diskomfort səbəbiylə ortaya çıxan bu hisslər zaman-zaman ağlama krizləri ilə müşayiət oluna bilər. Bayaq da qeyd etdiyim kimi, əhval-ruhiyyədəki bu cür dəyişikliklər, prosesin sonrakı mərhələlərində ananın özünə və ya körpəsinə zərər vermə düşüncələrinin yaranmasına səbəb ola bilər. Məsələn, doğuşdan sonrakı depressiya diaqnozu qoyulmuş insanlar qidalanma və yuxu rejimlərində pozulmalarla qarşılaşa bilərlər. Əslində, onlar digər gündəlik ehtiyaclarını qarşılamaqda çox həvəsli olmaya bilirlər. Əhval pozğunluğu ilə gələn enerji və motivasiya itkisi insanları adətən həzz aldıqları fəaliyyətlərdən uzaqlaşdırır. Fərdi olaraq dəyişsə də, pozğunluğun fiziki simptomlarına xroniki baş ağrıları və mədə problemləri də daxil ola bilər.
Doğum sonrası depressiyanın müalicə prosesi əsnasında insanın vəziyyətindən asılı olaraq fərqli müalicə üsullarından yalnız biri və ya bir neçəsi tətbiq edilə bilir. Dərman və terapiyanın birləşməsi ən çox seçilən müalicə üsuludur. Antidepresanlar doğuşdan sonrakı depressiyanı müalicə etmək üçün ən çox istifadə edilən dərman növüdür. Çünki onlar xəstəliyin bir çox əlamətlərini aradan qaldırmağa kömək edir. 6 həftədən 8 həftəyə qədər tətbiq edilən dərman müalicəsi üsulunda, hədəflənən nəticəni əldə etmək üçün müxtəlif növ antidepresanlardan istifadə edilir.
Bu depressiya haqqında danışarkən, çox vaxt ən çox qadınlar haqqında danışılır. Doğrudur, hər nə qədər qadınlarda özünü daha çox büruzə versə də, əslində kişilərdə də bu depressiya halına rast gəlinir. Kişilər öz hissləri və düşüncələri haqqında danışmağı sevmədikləri, problemlərindən danışmaq istəmədikləri üçün onlar tez-tez depressiya yaşadıqlarını da gizlədə bilirlər. Amma əslində yeni ata olmuş kişiklər də körpələrinin doğulmasından sonra depressiyaya düşə və ya depressiya əlamətləri göstərə bilərlər. Araşdırmalar da göstərir ki, hər on atadan biri doğuşdan sonra depressiya keçirir. Atalar adətən doğuşdan sonrakı depressiya əlamətlərini körpənin doğulmasından 3-6 ay sonra göstərsələr də, depressiya ondan tez və ya gec başlaya bilir. Yeni analar kimi, atalar da dəstəyə, təşviqə, arxayınlığa və narahatlıqlarını ifadə edə biləcəkləri təhlükəsiz mühitə ehtiyac duyurlar.
Analarda olduğu kimi, hormonlardakı dəyişikliklər atalarda doğuşdan sonra depressiyaya daha çox səbəb ola bilir. Yeni atalarda testosteron, estrogen, kortizol, vazopressin və prolaktin kimi hormonların səviyyələri körpələri doğulduqdan sonra dəyişir. Bütün bunlardan da əlavə, depressiyaya səbəb ola biləcək bir çox amillər var.
Məsələn, elə atalıq qorxusu da bu amillərdən biridir. Hər nə qədər valideyn olmaq hissi onlara xoşbəxtlik versə də, doğuşdan sonra yeni məsuliyyətlərin artması ilə bağlı yaranan narahatlıqlar atalarda doğuşdan sonra depressiyaya səbəb ola bilir.
Maddi narahatlıqlar da depressiyaya səbəb olan başqa bir amildir. Doğuş və ya körpəyə qulluq üçün yüksək xərclər atalar üçün əsas stress faktoruna çevrilir. Yaxud da, digər amil atalıq rolu ilə bağlı narahatlıqlardır. Yeni ata olmuş şəxsin özünün yaxşı ata olub-olmayacağı ilə bağlı sıx narahatlıqları onlarda doğum sonrası depressiyaya səbəb ola bilir. Atanın öz uşaqlığı ilə bağlı xoşagəlməz xatirələri varsa, körpənin gəlişi ilə bu xatirələr yenidən canlana bilir.
Təbii ki, anada olduğu kimi, atanın da doğuşdan sonrakı depressiyasının mənfi nəticələrinin qarşısını tam şəkildə olmasa da, qismən almaq olar. Bunun üçün fərd və bütün ailə olduqcamühüm rol oynayır.
Qısacası, qedy etdiyim kimi doğuşdan sonrakı depressiya həm kişilərdə, həm də qadınlarda olduqca yaygındır və tamamilə qarşısını almaq mümkün deyil. Bununla belə, doğuşdan sonrakı depressiyanın əlamətlərini bilmək vəziyyəti idarə etməyə kömək edə bilər. Tez-tez istifadə edilən müalicə üsullarına əlavə olaraq bəzi ehtiyat tədbirlərinin görülməsi, doğumdan sonra kəskin əhval dəyişikliyi yaşama riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bu məqsədlə, prenatal və postnatal dövr üçün hər iki valideyn həkimləri tərəfindən məlumatlandırılmalıdır. Yuxu və qidalanma qaydalarına riayət etmək də depressiya riskini azalda bilir. Bundan əlavə, doğumdan əvvəl ailədən və ya hər hansı yaxın bir şəxsdən dəstək almaq prosesin asanlıqla davam etməsini təmin etmək üçün vacibdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31