Savadsız müəllim problemi: Gələcəyimizi kimlərə əmanət edirik?
21 İyul 2023 13:12 Sosialİkinci yazı
Ötən sayımızda müəllimlərin sertifikasiyası imtahanının keçirilməsi və onun nəticələri ilə bağlı ekspertlərin fikirlərini öyrənmişdik. Ekspertlərin əksəriyyəti elə birinci cəhddən kəsilən müəllimlərin əmək fəaliyyətinə son qoyulmasının tərəfdarı olsa da, onların arasında bu müəllimlərə ikinci şansın yaradılmasını müsbət qiymətləndirənlər də olmuşdu. Əldə edilən nəticələrə əsasən belə qərara gəlmək olar ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya imtahanının birinci mərhələsindən kəsilən müəllimlərə ikinci dəfə imtahan vermək üçün olduqca güzəştli imkanlar yaradılır. Lakin təəssüf ki, bu imkanlardan da istifadə etməyi bacarmayan müəllimlər də az deyil. Belə ki, özünün illərdir tədris etdiyi fənnə dair 30 sualı ikinci cəhddə belə cavablaya bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilir ki, bu da ekspertlər tərəfindən müsbət qarşılanır. Çünki belə halda öz tədris etdiyi fənnin suallarını belə cavablaya bilməyən müəllimin ulu öndər Heydər Əliyevin "millətin gələcəyi" adlandırdığı təhsili parta arxasındakı övladlarımıza necə və hansı dərəcədə yüksək səviyyədə verəcəyi və ya ümumiyyətlə verə biləcəyi şübhə altında qalır. O zaman da belə bir sual çıxır ortaya: əgər bir müəllim 60 suallıq sertifikasiya imtahanın illərdir tədris etdiyi fənnə aid olan 30 sualını belə cavablaya bilmirsə, o, bu "müəllim" adını necə qazanıb? Olduqca yüksək imkanların yaradılmasına və kifayət qədər hazırlıq müddətinin olmasına baxmayaraq, yenə də imtahandan kəsilən savadsız kadrların tədris müəssisələrində nə işi var?
Ekspertlər qeyd edir ki, sertifikasiya imtahanı hər hansısa bir yolla, saxta diplom və ya rüşvətlə işə düzələn müəllimlərin fəaliyyətini sonlandırmaq baxımından olduqca əhəmiyyətlidir. Bəs həmin müəllimlər bu işə hansı yollarla düzəliblər?
![]()
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nurinin sözlərinə görə, həmin müəllimlər müstəqillik dövrü illərində, hələ MİQ imtahanlarının keçirilmədiyi vaxtlarda adı var olub, özü isə demək olar ki, yox dərəcəsində olan pedaqoji kolleclərin məzunlarıdır ki, bu gün ikinci cəhddən belə keçə bilmirlər. Ekspertin fikrincə, MİQ əsasında imtahan verib, keçib müəllim işləyən şəxslərin sertifikasiyadan kəsilməsi olduqca aşağı ehtimaldır, hətta bu ehtimal 0-a bərabərdir:
"Çox düzgün vurğulayırsınız ki, Azərbaycanda Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesi, el arasında müəllimlərin sertifikasiyası adlanan imtahanlı müsabiqə çox əlverişli şərait, əlverişli şərtlər və qaydalar çərçivəsində aparılır. Dünya təcrübəsində sertifikasiya nümunələri var ki, Azərbaycan modeli onlardan heç də geri qalmır. Lakin sizin dediyiniz problemə diqqət edək ki, bu çox ciddi bir problemdir. Məsələ nədir? Çox təəssüflər olsun ki, humanist qaydalardan biri də, sertifikasiya prosesinin, sertifikatlaşdırılmanın test imtahanı mərhələsindən kəsilən, daha doğrusu, 60 mümkün baldan 30 balı toplaya bilməyən müəllimlərə ikinci dəfə şansın verilməsi, yalnız bundan sonra onlar ardıcıl olaraq ikinci dəfə kəsilərsə, əmək müqaviləsinə son qoyulması məsələsidir. Bu kifayət qədər humanist bir qaydadır. Doğrudur, bizdə ali təhsil müəssisələri ola bilsin kurrikulum, metodika, pedaqoji istiqamətdə çox da güclü təhsil verə bilmir. Amma o ənənə də artıq geridə qalmaq üzrədir. Yəni, mən burada qətiyyən tərəf tutmadan deyirəm ki, əmin olun ki, hətta zəif təhsil nəticəsində belə həmin müəllimlərin minimal keçid balını - 30 bal toplamaları onların sadəcə mənəvi borcu olmalı idi. Çünki suallar çox da qəliz salınmamışdı. Ən azı 30 sualı cavablamaq illərlə həmin predmeti tədris edən müəllimin vəzifə öhdəliyi olmalı idi ki, çoxu bunu bacarmadı. 20000-ə yaxın müəllimin arasında ötən il 2400-ə qədər müəllim 30 balı keçə bilməmişdi. Ötən il yalnız 33 nəfər müsahibə mərhələsindən kəsilmişdi. Bilirsiniz ki, müəllimlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən ibarətdir: test imtahanı və müsahibə mərhələsi. Həmin 2400-ün yalnız 33-ü müsahibədən kəsiləndir. Yerdə qalan rəqəm isə test imtahanı mərhələsində 30 bal toplaya bilməyənlərdir. Bu ciddi bir göstəricidir. Elm və Təhsil naziri Emin Əmrullayev konkret faktlar, arqumentlər əsasında ciddi faktları göstərir. Müəllimlərin hansı istiqamətlərdəki suallarda da ciddi yalnışlığa yol verməsini datalar əsasında göstərir. Bunu həm də ona görə edir ki, bu istiqamətdə boşluqlar var və bunlar düzəlməlidir tendensiyasını ortaya atsın. Düzəlirmi? Bəli, amma çox cüzi şəkildə. Mən demirəm ki, biz ikinci cəhddən belə keçə bilməyən müəllimləri mütləq və mütləq işdən uzaqlaşdıraq. Halbuki, qanunvericilik və ədalət müstəvisi də bunu tələb edir. Təklif budur ki, birinci dəfə kəsilən müəllimlərə ikinci imtahan müddətinə qədər onlara başdansovdu yox, çox ciddi şəkildə təlimlər keçirilsin. Formal yox, əsaslı şəkildə dərslər keçirilsin. Qoy müəllim təkcə şans imtahanı üçün yox, həm öz gələcək işi üçün, dərs keçəcəyi sinif, ordakı şagirdlərin mənafeyi üçün əlavə olaraq hazırlaşsın.
Bəs ikinci cəhddən belə keçə bilməyən müəllimlər işə necə qəbul olub? Məndə olan məlumata görə, onların çox az bir hissəsi MİQ vasitəsilə işə qəbul olan müəllimlərdir. Əksəriyyəti 1990-cı illərdə çox formal təhsil verən kolleclərin məzunlarıdırlar və onlara istər keçən il, istər bu il kəsilənlərin əksəriyyəti aiddir. Həmin kolleclərin 4-ü artıq fəaliyyət göstərmir. Zəif nəticə toplayanların əksəriyyəti elə bu kolleclərdən çıxmışdı. Onlar MİQ əsasında gəlməyiblər. İnanın ki, MİQ əsasında keçib müəllim işləyən şəxslər sertifikasiyadan kəsilməzlər. Çünki MİQ-in sualları sertifikasiyadan qat-qat çətindir. Onun balını toplayan adam buradan asanlıqla keçər. Əksəriyyəti 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində MİQ prosesi başlamamış formal, adı olub, özü olmayan tədrisin heç bir funksiyası olmayan "təhsil müəssisələrini" bitirənlər olublar. Odur ki, sertifikasiya imtahnında da nəticə öz sözünü dedi".
Röyalə Xəyal
P.S. Bu xəmir hələ çox su aparacaq. Amma kökə necə olacaq. Mövzu diqqətdə....