Sahibsiz itlər küçələri ələ keçirib- NİYƏ TƏDBİR GÖRÜLMÜR?
21 İyul 2023 13:43 SosialSahibsiz küçə itlərinin sayının getdikcə artması vətəndaşlarda narahatlıq doğurur. Hər bir halda bilirik ki, küçələrimizdə sürü halında gəzən itlər quduzluğa qarşı vaksinasiya edilməyib. Bu da deməkdir ki, it hücumuna məruz qalan hər bir şəxs vaxtında tədbir görülməsə, potensial olaraq ölümlə üz-üzə qalacaq.
Hücumlar təkcə axşam yox, gündüz vaxtı da baş verə bilir. İstidən halsız, susuz, ac qalan itlər üçün hər kəs şikara çevrilir. Diqqət yetirsək, artıq əvvəllər it olmayan küçələrdə belə sürü halında gəzən itlərə rast gəlmək mümkün olur. Hər gün məsuliyyət daşıyan qurumların sosial media səhifələrinin şərh bölməsinə onlarla küçə, prospekt adları yazılır və cavabsız qalır. Qaynar xətlərə edilən zənglərə cavab verilmir və ya məşğul olduğu bildirilir. Vətəndaşlar da çıxış yolunu itləri daşlamaqda, yaralamaqda görürlər. Bu, "tədbir" isə sonradan itlərdə insanlara qarşı daha böyük aqressiya yaradır.
Bəzi ərazilərdə küçələrin sahibinə insanlar yox, sahibsiz küçə heyvanları çevrilib. Problem ilə bağlı yaradılan toplama mərkəzləri ya yetərsizdirlər ya da hansısa çatışmazlıqdan əziyyət çəkirlər.
Qeyd edək ki, bir çox xarici ölkələrdə sahibsiz itlərlə davranışa dair təqdir olunası təcrübə var. Həmin ölkələrdə küçə itləri müvafiq qurumlar tərəfindən mütəmadi olaraq toplanılır, qısırlaşdırılır, vaksinasiya prosesi keçirilir və yenidən küçələrə, onlar üçün doğma olan yerlərə buraxılır. Belə olduqda həm heyvanların, həm də insanların həyatına heç bir təhlükə yaranmır. Əksi isə böyük maliyyə vəsaiti tələb edir.
Sosial mediada uşağı it dişləməsindən sonra quduzlaşması ilə bağlı yayılan video böyük narahatlıq yaradıb. İnsanların çoxu bu cür fəlakətə yol aça biləcəyindən bixəbər olub. Vətəndaşlar da öz vəzifələrini yerinə yetirərək, bu cür işlərə öz təhlükəsizlikləri üçün diqqətli yanaşmalıdırlar.
Qanun nə deyir?
Azərbaycanda heyvanların mühafizəsi ilə bağlı bir sıra normativ-hüquqi sənədlər hazırlanıb. Azərbaycan "Ev heyvanlarının mühafizəsi haqqında" 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyasına qoşulub, 2007-ci il 31 may tarixində "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bununla yanaşı, Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" təsdiq edilib. Qaydalara görə, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, Azərbaycanda heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə tətbiq edilir. Problemlə bağlı sosioloq Elçin Bayramlı "OLAYLAR"-a danışıb:
.jpg)
-Bütün canlıların yaşamaq hüququ var. İnsan heç bir halda bu haqqı onların əlindən ala bilməz. Heç bir canlının öldürülməsinə, didərgin salınmasına icazə verilməməlidir. İndi küçə itlərinin sayının artmasının, belə vəziyyətin yaranmasının səbəbkarı insan özüdür. Çünki, insanlar heyvanların bütün yaşayış sahələrini zəbt ediblər. Belə problemlərin sivil ölkələrdə həll yollları tapılıb. Müsbət təcrübələr var. Həmin təcrübələrdən istifadə etmək lazımdır. Sahibsiz küçə heyvanları reyesterə alınaraq, peyvənd olunmalıdır. Xüsusi mərkəzlərə verilməlidir. Mövcud mərkəzlər azlıq edirsə, yeni mərkəzlər açılmalıdır. Heyvanların hər hansı formada yaşayışı təmin edilməlidir. Heyvanlar arasında quduzlaşma da olur. Bununla məsuliyyət daşıyan qurumlar məşğul olmalıdır. Deməli, həmin qurumlar öz işlərini görmürlər. Heyvanlar tutulub, quduzluğa qarşı iynəsi vurulmalı, toplanış məntəqələrinə yerləşdirilməli, normal qaydada baxılmalıdır. Bunları etmədikdə bugünki problemlərlə qarşılaşırıq. Eyni problemlər bütün ölkələrdə var. Ancaq bizdən fərqli olaraq bunlara qarşı tədbir görülür. Dövlət xüsusi maliyyə ayırır,şərait yaradır. Mərkəzlər işlərini görməli, insanların təhlükəsizliyini təmin etməlidir. Bunun yolu heyvanı öldürmək, qovmaq, zorakılıq etmək deyil. Mərkəzlərdən bəzən vətəndaşlar könüllü şəkildə heyvan sahibi olurlar. Onlar üçün bu şərait yaradılmalıdır. Beləliklə, sahibsiz küçə itləri problemindən azad ola bilərik. Nəzarətsiz itlər ac qalır, quduzlaşır. Əvvəllər insanlar zibil qutularına yeməkləri açıq şəkildə atırdı ki, heyvanlar qidalansın. İndi hamı paketlərin ağzını möhkəm bağlayır və ağzı qapalı zibil qutularına atılır. Heyvanlar həmin qidanı götürə bilmir. Məsələyə hansı tərəfdən yanaşsaq, problem heyvanlarda deyil. Bu, işə görə məsuliyyət daşıyan, işi sivil qaydada yerinə yetirməyən, nəzarətsiz qoyan dövlət təşkilatlarının problemidir. İşlərində problemlər varsa, mətbuat bunu işıqlandırmalıdır.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev:

Sahibsiz itlərlə bağlı ciddi tədbir görülməlidir. Söhbət tək bir qurumdan getmir. Bələdiyyələr, yerli icra nümayəndələri, baytarlıq xidməti müştərək iş görərək sahibsiz itlər problemini həll edə bilər. Sahibsiz itlər baxımından həm şəhərin mərkəzində, həm də şəhərdən kənarda vəziyyətin acınacaqlı olduğu yerlər var. Günorta vaxtı itlər sürü halında insanlara, azyaşlılara hücum edir. Bu yaxınlarda Qaraçuxur tərəfdə günorta vaxtı məktəbyanı ərazidə hücum hadisəsi baş vermişdi. Bu kimi hallar valideynləri narahat edir. Azyaşlıları ümumiyyətlə bayırda nəzarətsiz qoymaq olmaz. Onlar da bəzən bayırda olduqda özlərini olduqca təhlükədə hiss edirlər. Söhbət itlərin qeydiyyata alınması, quduzluğa qarşı vaksinasiya olunmasından gedir. İtlər elə yerlərdə saxlanmalıdır ki, insanlarla təmas minimuma endirilmiş olsun. Şəhərin mərkəzində quduz itlərin sürü halında olması olması təhlükə ilə bərabər narahatlıq yaradır. Bir neçə qurumun eyni vaxtda fəaliyyət göstərməsi problemi aradan qaldıracaq. Xarici təcrübəyə baxsaq, görərik ki, sahibsiz heyvanlar qeydiyyata alınır, vaksinasiya olunur. Bu tədbirlərdən sonra insan həyatı üçün təhlükə kəsb etmirlər. Digər tərəfdən insanlar da sahibsiz itlərə qarşı rəhmsiz olmamalıdır. Onları daşlamaq, vurmaq, öldürmək istəmək onlarda insanlara qarşı aqressiya yaradır. Yaralanan heyvanlar daha sonra oradan keçən başqa insanlara hücum edir. Bu kimi hallar müşahidə olunduqda vətəndaşlar yerli icra nümayəndəliyinə müraciət etməlidir. Vəziyyət qiymətləndirilib digər qurumlarla iş aparılmalıdır.
Əlbəttə, sahibsiz heyvanları yoxa çıxarmaq, ancaq qapalı məkanda saxlamaq mümkün olmayacaq. Bu, doğru yanaşma deyil. Belə bir şey dünyanın heç bir yerində yoxdur. Ancaq, hansı yerlərdə ki, təhlükə yüksəkdir- bağçada, məktəb ərazisində, insanların kütləvi istifadə etdiyi yollarda tədbirlər mütləq görülməlidir.
Əfsanə Kamal