Saxta spirtli içkinin fəsadları- Alarkən bunlara diqqət yetirin- ARAŞDIRMA
9 İyun 2023 10:54 Sosialİstehlakçıların bir çoxu spirtli və ya energetik içki alarkən sadəcə qiymətlərinə baxmaqla kifayətlənir. Qiymətinin bahalı olması isə heç də məhsulun ən yaxşısı olduğu mənasına gəlmir. Spirtli içkidən zəhərlənmə, hətta ölüm hadisəsi belə baş verməsi mümkün haldır. Bütün bunlardan sığortalanmaq üçün mütləq şəkildə bir neçə nüansa diqqət yetirilməlidir. Kor-koranə alınıb daimi istifadə edilən saxta içkilər ən yaxşı halda mədə-bağırsaq problemlərinə yol açır. Vitrindəki yeri və qablaşdırılması nə qədər diqqət çəkici olsa da, sağlamlıq baxımından yararsız ola bilər. Bir çox məhsullarda olduğu kimi spirtli içkilərdə də saxta etiketdən, sertifikatdan, loqodan istifadə etdikləri məlumdur.
Azərbaycana spirtli içkilər hansı şərtlər altında gətirilir və hansı proseslərdən keçir?
Məhsul alarkən vətəndaş nələrə diqqət etməlidir?
Energetik içkilər saxta spirtli içkilər qədər zərərlidirmi?
Vətəndaş neqativ halla rastlaşdıqda hara müraciət etməlidir və qarşı tərəfi hansı cəzalar gözləyir?
Suallarımıza cavab tapmaq üçün ekspertlərin rəylərini aldıq:
"Refresh Group" icraçı drektoru, qida mütəxəssisi Seymur Qafarov:

- 5 il bundan öncə bir çox səlahiyyətlər birləşdirilərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə verildi. Həmin vaxtdan sonra AQTA-nın tələbləri çərçivəsində ölkəmizə daxil olan yeyinti məhsullarının təhlükəsizlik parametrləri əsasında yoxlanılması və əhalinin təhlükəsiz şəkildə qidalanma ilə təmin olunması üçün işlərə başlanıldı. Avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemi yaradıldı. Artıq ölkəyə yeyinti məhsulları, spirtli içkilər gətirilən zaman qarşı tərəflə yerli şirkətin bağlamış olduğu müqavilə çərçivəsində analizlərə cəlb edilir. Laborator analizlərə həm qarşı tərəfin laborator analizləri, həm də ölkəyə sistem üzərindən idxal olunan alkoqollu içkilərin laborator analizləri daxil edilir. Analizlərin nəticələrinə uyğun olaraq, məhsul insan istehlakı üçün təhlükəsiz olduqda sertifikatlaşdırılır. Sertifikat elektron qaydada verilir. Sertifikata əsasən gömrük orqanı müvafiq şirkətə məxsus məhsulun ölkəyə buraxılmasını təmin edir. Daha sonra məhsul həmin sertifikat əsasında topdan və pərakəndə satış ünvanlarında satışa çıxarılır.
Məhsul yerli istehsal olduqda Nazirlər Kabinetinin 303 saylı qərarı çərçivəsində istehsal müəssisəsi, subyekti qeydiyyatdan keçir. Qeydiyyat şəhədatnaməsi almış sahibkarlıq subyekti məhsullarını müqavilə əsasında müvafiq yerlərdə satışa çıxara bilir. Məhsulların əhalinin istehlakına verilməsi prosesi bu qaydada aparılır.
Alkoqollu məhsullar insan istehlakına verildikdən sonra bir sıra işbazlar saxta içkiləri müəyyən əlaqələr quraraq qanunsuz şəkildə hazırlayır, satışa çıxarırlar. Biz mütəxəssis olaraq əhalini bu mövzuda hər zaman ayıq-sayıq saxlamağa çalışırıq. Saxta içkiləri ayırd etmək üçün ilk öncə məhsulun üzərində olan müvafiq etiket göstəricilərinə baxmaq lazımdır. Məhsul üzərində istehsalçı şirkətin hüquqi, idxalçı şirkətin faktiki və hüquqi ünvanı göstərilir. Məhsulun saxlanma şəraitinə baxılmalıdır. Xarici görünüşdə isə etiketlərin bulanıq şəkildə olmamasına və müəyyən beynəlxalq kodlaşmanın olmasına diqqət yetirilməlidir. Xüsusən, qapaq hissəsinnin "kustar" üsulla bağlanması göz ilə görülə bilir. İstifadədən öncə məhsulun rənginin, qoxusunun fərqli olduğunu görməklə də müəyyən etmək olar. İçkilərin saxtalaşmasının qarşısını almaq məqsədilə ölkə xaricinə göndərilən adlı-sanlı, inkişaf etmiş şirkətlər mütləq şəkildə öz əmtəə nişanlarını öz şüşə qablaşdırmalarında da əks etdirirlər. Bu üsulla içkiləri ayırd etmək asanlaşır. Bununla belə hansısa mənfi halla rastlaşdıqda mütləq müvafiq quruma qaynar xətt vasitəsi ilə məlumat verilməlidir.
Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov:
.jpg)
- Ölkənin qida sektorunun ən çox çirklənmiş seqmentlərindən biri də spirtli içkilər seqmentidir. Spirtli içkilərin seçilməsində, saxlanılmasında istehlakçı biliksizliyi də mövcuddur. İstehlakçılar düşünür ki, spirtli içkilər ölməz olur və nə qədər köhnədirsə, o qədər yaxşıdır. Bu, kökündən səhv fikirdir. Mən Fransanın cənub hissəsində aqrar bölməsində olmuşam. Orada üzüm tarlaları arasında yerləşən şərab zavodunda olduq. Zirzəmiyə düşdük. Hündürlüyü bizdən ikiqat böyük olan palıd çəlləkləri var idi. İçkilər zirzəmidə xüsusi temperatur və işıq rejimində saxlanılırdı. Bizə bildirildi ki, hündürdən danışsaq, şərab oyana bilər. Yəni, uzun müddət saxlanan şərablar bu cür şəraitdə saxlanılmalıdır. Arağın saxlanılma müddəti 1 ildən, konyakın 3 ildən, şərabın saxlanılma müddəti 6 aydan artıq deyil. Monitorinq aparsaq görərik ki, cəmi 5-6% yerli və xarici istehsal olan içkilərin üzərində saxlanılma tarixi qeyd olunub. Bəzi spirtli içki şirkətləri var ki, məhsulun üzərində saxlanılma müddəti olaraq son yararlılıq tarixini qeyd edir. Fransada konqresə gedərkən özümlə "Gəncə Şərab"-ın şərabını apardım. Hər ölkə nümayəndəsi fərqli şərablar gətirmişdi. Gətirilən şərabları hər kəs açıb içdi. Vətənə qayıtdıqdan sonra rəsmi məktub aldım ki, apardığım şərab birinci yerə və qızıl medala layiq görülüb. Parisə dəvət olundum və müəyyən üzvlük haqqı ödəməli idim. Bildirdim ki, mən şərab istehalçısı deyiləm. Bundan sonra məlum oldu ki, verilən medalların, etiketlərin bir çoxu saxtadır. Onlar, heç bilmir ki, mən istehsalçı deyiləm ancaq, mənə medal verirlər. Beynəlxalq səviyyədə verilən medalların bir çoxu yalan, pul üçün qurulan tələdir. Əlbəttə, Azərbaycan şərabı bəyənilmişdi. Ancaq, müəyyən üzvlük haqqı verilməli idi. İstehlakçılara bildirirəm ki, içkilərin üzərində olan medallara aldanmasınlar. Ümumiyyətlə, bazarda vəziyyətin gərgin olduğunu göstərən 4 il bundan öncə DİN-nin apardığı əməliyyat oldu. Onlar müəyyən etdi ki, ən bahalı restoranlarda olan bahalı içkilər saxta ola bilir. Azərbaycanda doldurulur və tərkibi bəlli deyil.
AQTA bazarın bu sektoruna da nəzarət edir. Lakin, hələ görməmişik ki, bunlar kütləvi şəkildə ifşa edilsin. Ümumiyyətlə, ölkədə zəhərlənmələrin statistikası gizlədilir. Statistika dünya göstəricisindən 700 dəfə az göstərilir. İstisna olunmur ki, qidadan, spirtli içkidən zəhərlənmə böyük bir çəkiyə sahibdir. Saxta içkilər gizli yerlərdə hazırlanır və bunun qarşısını yalnız adını çəkdiyim dövlər qurumu ala bilər. İstehlakçılar spirtli içki alan zaman üzərində "Aksiz" markasının olmasına diqqət yetirməlidir. İstər xarici, istərsə də, yerli markalarda "Aksiz" olmalıdır. Markanın gümüşü zolağında Azərbaycan gerbi olur. Saxta Aksiz markası da var. Buna diqqət yetirilməlidir.
Saxta spirtli içkidən insanlar ciddi xəstəlik tuta bilər. Xüsusilə, siruş yağlarının miqdarı çox olarsa, korluq yarada bilər. Ev şəraitində hazırlanan saxta spirtli içkilər çox təhlükəlidir. Fəsadları mədə bağırsaq xəstəlikləri,qastrit və qəfil zəhərlənmə formasında özünü göstərə bilər.
Energetik içkilər isə spirtli içkilərlə müqayisə edilmir. Onlara basqı "Cocacola" tərəfindən yaradılır. Energetik içkilər arzuolunan deyil. Ancaq, qazlı sular heç arzuolunan deyil. Energetik içkilər və "Cocacola" arasında bazarın bölgüsü uğrunda ciddi mübarizə gedir. "Cocacola" media "pressing"-i baxımından qalib gəlir. Energetik içkilərin üzərinə hamilələrə, yaşlılara, uşaqlara məsləhət görülmədiyi qeyd edilir. Zəifə təsir etməyən şey güclüyə təsir edərmi?
Çox yaxşı haldır ki, AQTA energetik içkilərin tərkibinin standartlaşdırılması üçün tədbirlər görüb. Və həmin içkilər standartlara uyğun olaraq istehsal edilir.
Vəkil Turan Abdullazadə:
_(3)_(1).jpg)
- İnzibati Xətalar Məcəlləsinin 413-cü maddəsinə əsasən, nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə Azərbaycan Respublikasının "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Dərman vasitələri haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Həmin Məcəllənin 448-ci maddəsinə əsasən, saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -
saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Əfsanə Kamal