Hər bayramda ilk anılacaq insanlar sırasında öndə şəhid anaları gəlir - ÖZƏL

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz  bayramı ərəfəsində Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin leytenantı İmran Əliyevin anası Səfayə Əliyeva ilə görüşüb. "Olaylar"ın məlumatına görə, Milli Məclisdə baş tutan görüşdə, şəhid anasının ürək sözləri dinlənilib, qayğıları öyrənilib. Komitə sədri Q.Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün, məmur, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və ziyalı üçün də örnək təşkil etdiyini söyləyib. O, milli bayramımız Novruz ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər bir görüşün onunçün çox doğma, əziz görüş olduğunu bildirib, şəhid zabitin əziz ruhuna ehtiramını bildirib: "Əziz şəhid anası, dəyərli bacım, hər bayramda ilk anılacaq insanlar sırasında öndə şəhid anaları gəlir. Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Şuşada bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə tam qadirdir. Vətən uğrunda canını qurban vermiş igid övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında sayğılarla baş əyirik. Ruhları şad olsun"! Görüşdə "UNİTY-Company"in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətəncanlı insan üçün bir mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb. O, şəhidimizin anasını və onun timsalında ailənin bütün üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Görüşün sonunda Mədəniyyət Komitəsi və "UNİTY-Company" adından şəhid ailəsinə bayram hədiyyələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31