Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanının anası ilə görüşüb
25 Yanvar 2023 14:48 SosialMillət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin anası Nənəxanım Ağayeva ilə görüşüb."Olaylar" xəbər verir ki, Bakıdakı "Gözəl Yaşam Mərkəzi"ndə baş tutan görüşdə Qəhrəman şəhidin anasının ürək sözləri dinlənilib, onunla ətraflı söhbət edilib.Komitə sədri Q.Paşayeva Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qəhrəmanlarımızın, şəhidlərimizin ailələrinə yüksək diqqət və qayğısından, həssas münasibətindən söz açaraq, bu diqqət-qayğının, həssaslığın hər bir Millət vəkili, məmur, ziyalı, vətəndaş cəmiyyəti institutları təmsilçisi üçün də örnək olduğunu söyləyib.
Komitə sədri şəhid anaları ilə hər bir görüşün onun üçün çox doğma, əziz görüş olduğunu, şəhid Qəhrəman anası ilə bu dəfəki görüşün ikiqat anlamlı olduğunu vurğulayıb: "Əziz ana, biz Sizinlə Ümumxalq Hüzn Günündə - 20 Yanvarda görüşürük. Sizin Qəhrəman oğlunuz o illərdə 17 yaşındaydı. O illəri, xalqımızın başına gətirilən müsibətləri unutmayan, peşəkar hərbçi olaraq yetişən Vüqar Ağayev doğma Qubadlının, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan qardaş-bacılarımızın timsalında bütün dövrlərdəki şəhidlərimizin qanını yerdə qoymamağa and içmiş oğullardan olub. O öz andını qanı ilə həyata keçirib, Qəhrəman olub, şəhadət şərbəti içib.
Bildiyiniz kimi, son 3 ildə Şəhidlər Xiyabanını ziyarətimiz yeni məzmun qazanıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın simvol şəhəri, Mədəniyyət paytaxtımız əziz Şuşanın azad olunmasını məhz Şəhidlər Xiyabanından xalqa duyurdu! Biz böyük fəxarətlə, qürur hissi ilə bir daha vurğulayırıq ki, Şuşamızın işğaldan azad edilməsi, 44 günlük müharibədəki tarixi Zəfərimiz bütün dönəmlərdəki şəhidlərimizin əziz ruhunu şad edib! Tanrımıza çox şükür, şəhidlərimizin qanı yerdə qalmayıb! Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə ölkəmizin ən yüksək - "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Sizin əziz oğlunuz - şanlı Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün tarixi əks-hücumla başlanan Vətən müharibənin başa çatmasına az qalmış - noyabrın 1-də Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid zabitimiz Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub. İşğalçı düşmən üzərində tarixi Zəfərdən sonra Qubadlıda, ümumən Şərqi Zəngəzurda, Qarabağda aparılan quruculuq işləri, erməni vandalizminin Azərbaycan quruculuq mədəniyyəti ilə əvəzlənməsi bütün Dünya Azərbaycanlılarının, Azərbaycan dostlarının fərəhi, qürurudur. Sizin şəhid oğlunuz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah alıb, şəhadət şərbəti içib. Ruhu qarşısında baş əyirik"!
Komitə sədri şəhid Qəhrəmanın anasını dinləyib, onu maraqlandıran məsələlərlə bağlı yerindəcə aidiyyatı qurumlarla telefon əlaqəsi saxlayıb, müvafiq addımlar atılıb. Görüşdə "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB sədri Arzu Bağırova, həkim-oftolmoloq Aygül Kərimzadə, "Yanardağ Xalça Evi"nin koordinatoru Məhbubə İmanova, "SARA XATUN - Mədəni Maarifçilik" İB sədri, Pərvanə Mustafayeva, "UMAY - Türk Dünyası Qadınlarına Dəstək" İB sədri Vəsilə Abulova, Azərbaycan Beynəlxalq İşadamları Klubu"nun sədri Gülpəri Bayramova və "Etikxeber.Az" saytının baş redaktoru Kamil Həmzəoğlu iştirak edib.
Qeyd edək ki, şəhid Qəhrəmanımız hərbi xidmət illərində "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, "Qüsursuz xidmətə görə" medalının hər üç dərəcəsi ilə, "Hərbi xidmətlərə görə", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları ilə, şəhid olduqdan sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.