Vətəndaş olmağı bacarmayanlar üçün- Əfsanə Kamal yazır
20 Yanvar 2023 10:31 SosialRayonlular, bakılılar, Tanyalar...
Güya heç nə mənə maraqlı deyilmiş kimi gözəllik salonunda danışılan əhvalatlara qulaq asır, lazım olan şeylərin cavabını alıram. Hər zaman belə olub.
Elə bəzi şeylər insana bu tərz yerlərdə aydın olur. Çünki, cəmiyyətin ən açıq və səmimi halını görmək mümkündür. Heç nədən xəbərsiz yenə söhbətə qulaq asdığım bir zamanda yaşlı rus qadın bir şeylər dedi. Ətrafdakılar da ona qoşulub, təsdiqlədilər. Soruşanda öyrəndim ki, "siz az olsanız da, çox bölücüsünüz" deyib. Əvvəla düşündüm ki, rus qadına milliyətinə görə ayrıseçkilik ediblər. Gördüm ki, dediklərimi anlamadı. Azərbaycan dilini anlamadı...
Bu qadının 70-ə yaxın yaşı var, Azərbaycanda doğulub. Azərbaycan dilini nəinki danışmaq, başa düşmür belə. Tanyalar çoxdur bu ölkədə. Onlar, Azərbaycan dilini çox yaxşı bilir, ancaq, damarlarında axan imperiya qanı imkan vermir ki, Azərbaycan dilində danışsın.
Tanyaya haqq qazandırıram. Buna nə ehtiyac var? 30 ildən çoxdur öz qanı bahasına azadlığa qovuşan ölkənin vətəndaşı Tanyaya görə ana dilini bir kənara atır. Kimdir müqəssir? 70 ilə yaxındır Tanyaya Azərbaycan dilini öyrədə bilməyən Azərbaycan xalqı. Əlinə fürsət düşdükcə Sovet dövrünü tərifləyən taksi sürücüləri, Qərbi Azərbaycana Ermənistan, Cənuba İran deyənlər var olduqca necə düzəldə bilərik bu milliliyi? Millilik anlayışı yox olub bizim üçün.
Tanya haqlıdır. Ona görə ki, onu elita hesab edirlər. Rusca danışaraq elit olduğunu düşünən bir çoxları da "rayonlular", "bakılılar" qəlibini ortaya ataraq Azərbaycanı Xanlıqlar dövrünə qaytarmaq istəyir bəlkə?
Üstəlik bunu edənlər bizim "ziyalı" hesab etdiyimiz, ictimai şüura təsir edən şəxslərdir. Onlar bilmir ki, vətəndaş ola bilmək, "elita" olmaqdan daha vacibdir. Gündəmdə qala bilmək üçün milli kimliyi heçə sayan, bölücülük edən və bu şəxslərə ayaq uyduranlar bizdən ola bilməz.
Tanyanın dediyi "bölücü" ifadəsi də buna görə imiş məgər. Ancaq, Tanya, sənin imperiyan olmasaydı, bu gün ölkəmizdə cahillik bu qədər ayaq tutub yeriməyəcəkdi. Bir sistem ki, adını alimdən, müəllimdən yox, təhsilsiz təbəqədən alır, orada təsərrüfatdan başqa, heç nəyin inkişafından söhbət gedə bilməz. Xalqın ziyalısını sürgün etmək, öldürmək xalqı düşünən beyinlərdən təmizləmək deməkdir.
Hörmətli Tanya, bizə "az" dediyin üçün də səndən bir para incidim. Bizim Cənubumuz da var. Hansı ki, sizlər bölmüşdünüz.
Xülasə, Tanyanın imperiya qanı, bizlərin isə beyninə qazılan toxumlar imkan vermir ki, birlik olaq. Təəssüf ki, çox oxumaq, xalq içərisində olmaq yetərli olmur reallığı görmək üçün. Biz həmin imperiyanı Vətəndən qanımız bahasına çıxarmışıqsa, düşüncələrdən də dilimiz bahasına çıxaracağıq.
Bir də ki, heç olmasa, bölücülük edəndə ana dilində etməyin. Dedim axı, Tanyalar yaxşı bilir, Azərbaycan dilini...
Əfsanə Kamal