Deputat tanınmış bəstəkara hədiyyə təqdim etdi - ÖZƏL

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü, Ü.Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Elnarə xanım Dadaşova ilə görüşüb, onu yanvarın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Flarmoniyasında keçiriləcək yubiley gecəsi və yubileyi münasibəti ilə təbrik edib, uğurlar arzulayıb. "Olaylar" xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə tanınmış sənətşünas alim, pedaqoq və bəstəkarın  yaradıcılıq uğurları və planları ilə tanış olan, onunla ətraflı fikir mübadiləsi aparan Komitə sədri ona Mədəniyyət Komitəsi adından hədiyyə və Təbrik məktubu təqdim edib. Təbrik məktubunda deyilir:
"Hörmətli Elnarə xanım, Sizi 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz dünyaşöhrətli bəstəkar, akademik Qara Qarayevin tələbəsi olmusunuz. Milli prinsiplərə əsaslanan çağdaş musiqi "dili"ndə əsərlərin yazılması Sizə məhz o böyük sənətkardan miras qalıb. Siz özünüz tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının professoru, Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü, ittifaqın kamera və vokal bölməsinin sədrisiz.
Siz 30 ildən çoxdur bəstəkar kimi fəaliyyət göstərirsiz. Bu illər içində müxtəlif janrlarda yüzdən artıq əsər yazmısız. Fortepiano əsərləri Sizin yaradıcılığınızın ayrılmaz və önəmli bir hissəsini təşkil edir. Sizin yaradıcılığınızın parlaq səhifəsini fortepiano üçün yazılmış "24 Prelüd" silsiləsi, "Sayalı" baleti, orqan üçün "Variasiya", "Fantaziya", "Postlüdiya" əsərləri təşkil edir. Siz, simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifisiz. Həmçinin pedaqoji fəaliyyətinizi davam etdirərək, "Polifoniya", "Solfecio" üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbərisiz. Sizin əsərlər, eyni zamanda, bir çox xarici ölkənin konsert salonlarında səsləndirilib. Siz Azərbaycanda tuba aləti üçün solo əsər yazmış bəstəkarsız. ABŞ-ın tuba aləti üzrə məşhur ifaçısı, professor C.Kenyon Bakıya gəldiyi vaxt Sizin tuba, eləcə də fortepiano üçün "Xoral" və "Layla" əsərlərinizi dinləyərək, onun notunu ifa etmək üçün Amerikaya aparıb. Sizin əsərləri bir çox dünya orkestr ifaçıları öz konsert proqramlarına daxil edib. Xarici ölkə təşkilatları Sizin yaradıcılığınıza yüksək qiymət verərək, əsərlərinizin ifasını İtaliyada "Donna In Muzika" təşkilatının xətti ilə yayımlanmasını təmin ediblər. Səksənə yaxın əsəriniz AzTV-nin fonotekasında saxlanılır. 2015-ci ildə Aydın Dadaşov Sizin haqqınızda "Bəstəkar" sənədli filmini çəkib. Sizi bütün yaradıcılıq uğurlarınız və yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31