"Söy” deyirlər, sonra “haha, hihi” gülürlər - Əməkdar artist sərt danışdı

Artıq bir neçə gündür 4 yaşlı bacısı oğluna siqaret verərək onu videoya çəkən dayı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi azyaşlılarla bu cür davranan şəxslərlə bağlı tənqidi paylaşımlar edir.
Ümumiyyətlə, son vaxtlar azyaşlılara spirtli içki və siqaret verilərək onların videoya çəkilməsi hallarına rast gəlinir. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan Əməkdar artist, aktrisa Mehriban Xanlarova bu cür davranışı qəbuledilməz adlandırıb:

"Mən belə başa düşürəm ki, dayısı uşağa həyatı siqaretlə "başa salır". Onun düşüncəsi olsa, 4 yaşındakı uşağa siqaret verməz. Bir də görürsünüz ki, bunu elə-belə video çəkmək üçün edirlər. Axı siqaret heç kimə xeyir gətiməyib. İndidən körpə uşağa başa salmalıdırlar ki, bu, ən pis vərdişdir, heç vaxt etmək olmaz. Ən azından xəstələr göstərməlidirlər ki, siqaret çəkən insanın başına nə gələ bilər. Bunları öyrətməlidirlər. Yoxsa ki, populyarlıq, "TikTok"a qoyub baxış yığmaq xətrinə belə hərəkət etmək düzgün deyil. Mən bunu qəbul etmirəm.

Dayı ona idmandan, ölkəmizi yaxşı yerlərdə təmsil etməkdən danışsın. Yaxud da desin ki, gələcəkdə alim, professor, yaxşı həkim ol. Siqaretlə uşağı reklam etmək lazım deyil".

Uşaqların hər şeyi kiçik yaşlarında öyrəndiyini vurğulayan Əməkdar artist bildirib ki, sonradan peşman olmamaq üçün vaxtında düzgün addım atmaq lazımdır: "Biz uşağı hər şeyə balacalıqdan öyrədirik. Uşaq ailəyə baxır. Mən demirəm ki, biz süddən ağıq. Yox, hamımızın qüsuru var. Mən durub hamısını desəm, deyərlər ki, get birinci özünə bax. Amma bilərəkdən uşaqlara pis şey öyətmək, "əmini söy", "xalanı söy" demək, sonra "haha, hihi" gülmək qəbul edilməyəcək davranışdır. Çünki biz nə öyrətsək, uşaq elə davam edəcək. Onların beyni təmizdir. İstər pis, istər yaxşı, nəyi öyrətsək, onu yadında saxlayacaq. Baxırsan ki, filankəsin uşağı  filan cürdür. Bütün bunlar ailədən, kökdən gəlir.

İnsan istər kasıb olsun, istərsə də milyonçu olsun fərq etmir. Ailədə tərbiyə ən birinci gəlir. Elə etməliyik ki, sabah peşman olub başımıza-dizimizə vurmayaq".

Sosioloq Əhməd Qəşəmoğlu da Ölkə.Az-a açıqlamasında bu cür məsələlərin çox əhəmiyyətli olduğunu bildirib: "Biz belə məsələləri çox sadə hesab edirik deyə, başlı-başına buraxmışıq. Əslində isə olduqca önəmlidir. Bununla bağlı maarifləndirmə işləri aparılmalı, bu istiqamətdə verilişlər olmalıdır.
İndi elə bir mürəkkəb cəmiyyət yaranıb ki, 30 il əvvəlki kimi deyil. "Bunu etmək olmaz" sözü artıq camaata təsir etmir. Əsas səbəb odur ki, biz bu məsələlərə diqqət yetirmirik. Bizim xüsusi proqramlarımız olmalıdır. Planlı, düşünülmüş, elmi əsaslı heç bir aparılmır. Ona görə də xoşagəlməz hallar çoxalır və çoxalacaq.

Yenicə dil açan, uşağa söyüş öyrətmək, pis vərdişlər təlqin etmək olmaz. Bəzən uşaqlar böyüklərin dilindən pis söz çıxanda onu təkrarlayır. Yaxud da oğlan uşaqlarına deyirlər ki, "o qızı dişlə", "bu qızın saçından çək" və s. Təcrübəmdən deyə bilərəm ki, o cür uşaqların çoxu sonda valideyn üçün başa bəla olur. Həbsxanaya düşürlər və s. Ona görə də uşaq dil açan vaxtından onda mədəni davranış tələbatını fomalaşdırmaq lazımdır.

Bu gün valideynlərin maarifləndirilməsinə çox böyük ehtiyac var. Onlar son 30 ildə - ölkəmizdə xaos, qarışıqlıq olan sıxıntılı bir dövrdə yetişiblər. Ona görə də biz həm də valideynlərlə işləməliyik. Təklif edirəm ki, məktəblərin, uşaq bağçalarının funksiyaları dəyişdirilsin. Təhsil müəssisələri eyni zamanda valideynlərlə də işləsinlər", - deyə mütəxəssis əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31