Medianın İnkişafı Agentliyi 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirib

Yanvarın  11-də  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, konfransın açılışını Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov edib və Medianın İnkişafı Agentliyinin hədəfləri, fəaliyyət istiqamətləri barədə media nümayəndələrinə məlumat verib. O qeyd edib ki, media subyektlərini (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb. 
O, həmçinin qeyd edib ki, çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
Konfransın ikinci hissəsində media nümayəndələri ilə sual-cavab keçirilib. 
Əhməd İsmayılov jurnalistlərin Media Reyestri ilə bağlı ünvanladığı sualları cavablayıb. O, bildirib ki, Azərbaycanda Media Reyestrinə daxil olmaq üçün 200-ə yaxın media subyekti müraciət edib:
"Müraciət edən media subyektlərindən 160-a yaxını Media Reyestrinə daxil edilib. Hazırda da bu proses davam edir. 180-a yaxın jurnalist isə Media Reyestrinə daxil edilib".
O, eyni zamanda qeyd edib ki, reyestrə daxil edilmək üçün jurnalistlərin müraciəti könüllüdür.
Bundan əlavə, icraçı direktor media nümayəndələrinin 6 ay ərzində reyestrdən keçə bilməyən media subyektlərinin aqibəti ilə bağlı verdiyi sualları cavablandırıb və qeyd edib ki, Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var:
"Mən düşünmürəm ki, buna az zaman qalıb, kifayət qədər vaxt var. Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı texniki köməkliyi göstərməyə hazırdırlar. Hansısa media subyekti reyestrə daxil edilmədikdə, bizim onlara sanksiya tətbiq etmək kimi bir hüququmuz yoxdur. Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək".
Əhməd İsmayılov konfrans iştirakçılarının istinad məsələsi ilə bağlı verdiyi sualı da cavablayıb. O, qeyd edib ki, istinadla bağlı məsələ lər hüquqi baxımdan həll edilib və istinad qaydalarının pozulması ilə bağlı jurnalistlər özləri Media Agentliyinə müraciət etməlidir:
"Əgər jurnalist görsə ki, onun materialı hansısa saytda istinadsız verilib, bu halda Media Agentliyinə müraciət edə bilər və Agentlik məsələni araşdırıb tədbir görə bilər. Ancaq müraciət edilmədiyi halda Media Agentliyi hesab edir ki, bu məsələ tərəflər arasında razılaşdırılıb, müəllif yazının başqa saytda çıxmasına icazə verib".
Konfransın sonunda icraçı direktor konfransda iştiraklarına görə təşəkkür edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31