İctimaiyyətdən üzr istəyib abırına qısılmaq yerinə müəlliməni cəzalandırmaq özbaşınalığın zirvəsidir - ÖZƏL

"Gün gələcək, təhsil sistemini tualet girdabına salanları Vasif Talıbovdan betər abırsızlıqla vəsf edəcəklər. "Cənab filankəslər təhsil sistemini, orta məktəbləri viran qoyublar" demək üçün deptatlar, medkaptanlar, "ictimai fəallar", şura xalalar/əmilər sıraya düzüləcəklər". Bunu "Olaylar"a deyən hüquqşünas Habil İsgəndərovun sözlərinə görə, məktəbin problemini ictimailəşdirən müəlliməni cəzalandırmaq ictimai rəyə tüpürmək deyil, onu yatağındaca boğmaqdır ki, kimsə bundan sonra sistem içindən "ala qarğa" olmağa cəhd etməsin: "Tutaq ki, müəllimə video yaymasaydı,  təhsil menecmenti neçənci ildə həmin məktəbdə tualet tikməyi plana salacaqdı? Ümumiyyətlə, yadına düşəcəkdimi problem? Ölkədə tualetsiz, istiliksiz, partasız, şagirdsiz, müəllimsiz, sinif otaqsız, təhsilsiz neçə məktəb var? Hər biri barədə video yayılmalıdır ki, Nazirliyin yadına düşsün? İctimaiyyətdən üzr istəyib abırına qısılmaq yerinə müəlliməni cəzalandırmaq-özbaşınalığın, arsızlığın zirvəsidir. Bununla demək istəyirlər ki, "kar ol, kor ol, lal ol, qanmaz ol", problemdən danışma. Yalnız şüar denən, direktora, nazirə yaltaqlan! Müəllimsənsə, dərs keçmə, pul yığ, tərbiyə vermə, tərbiyəsizliyi təbliğ elə! Təhsilin tualet halını görməzdən gəl, o zaman təşəkkürnamə alacaqsan. Bəs Prezidentin İctimai Nəzarət çağırışları, büdcədən bu təsisatlara vəsait ayrılması nə üçündür? İctimai Şuralar nazirlikləri cəmiyyətin haqlı tənqidindən müdafiə etmək, problemləri ört-basdır etmək, şəffaflığı qapatmaq  mexanizmidirsə, özlərinə uyğun ad seçsinlər, ictimai nəzarət adı altında cəmiyyəti, dövləti, Prezidenti aldatmasınlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31