İşğaldan azad edilmiş ərazilərdə hansı vergi güzəştləri tətbiq olunacaq?
13 Yanvar 2023 11:29 SosialVergilər Məcəlləsində edilən dəyişikliklə əlaqədar yeni ildən ölkə üzrə bir sıra yeniliklər tətbiq ediləcək. Diqqəti çəkəm məqamlardan biri işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara ediləcək güzəştlərlə bağlıdır. Maraqlıdır, sözhbət hansı vergi güzəştlərindən gedir? Dövlət Vergi Xidmətinin əməkdaşı Anar Cabbarov bildirib ki, "İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb: "Ölkə Prezidentinin müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib. Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. İşğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub. Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. ƏDV-nin geri qaytarılması prosesi bu sahəyə, bizneslə yanaşı, vətəndaş marağının da artırılmasına səbəb olacaq. Qeyd olunmalıdır ki, vergi azadolmaları bir sıra fəaliyyət növləri və əməliyyatlara şamil edilməyəcək. Belə fəaliyyət və əməliyyatlara maliyyə xidmətlərinin göstərilməsi, avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri və dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi daxildir.Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə edilib".
İctimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri tətbiq ediləcək
Dövlət vergi xidmətinin əməkdaşı Elvin Maksudov bildirib ki, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən müəssisələrə vergi güzəştləri ilə bağlıdır. Belə ki, dəyişiklikdə Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində müəyyən edilmiş güzəştin paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də şamil edilməsi, eyni zamanda bu güzəştin tətbiqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılan fondların siyahısının müəyyən edilməsi nəzərdə tutulur: "Məlum olduğu kimi, ölkəmizdə elm, təhsil, mədəniyyət, tibb və idmanın inkişafı üçün bir sıra vergi güzəştləri müəyyən edilib. Belə ki, vergi ödəyiciləri tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən və hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsi 2019-cu il yanvarın 1-dən 10 il müddətinə mənfəət vergisindən azad edilib. Daha sonra güzəştin dairəsi genişləndirilib, əlavə olaraq vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ("Yaşat" fondu, "Qarabağ Dirçəliş Fondu" və s.) köçürülən hissəsi də 2021-ci il yanvarın 1-dən 8 il müddətinə vergidən azad edilib. Bununla belə, qeyd olunan istiqamətdə vergi güzəştinin əhatə dairəsinin genişləndirilməsi və sosial korporativ məsuliyyət çərçivəsində dövlət müəssisələri tərəfindən çəkilən belə xərclərin vergitutma məqsədləri üçün nəzərə alınması məqsədilə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə də bu güzəştin tətbiqi nəzərdə tutulur.Sözügedən dəyişiklik dövlətə məxsus olan hüquqi şəxslərin sosial istiqamətlərdə maliyyə yardımın edilməsində maraqlı olmasına və eyni zamanda həmin sahələrin maddi gəlirlərinin artmasına səbəb olacaq. Digər bir dəyişiklik ictimai və sosial məqsədlər üçün yaradılan fondlarla bağlıdır. Belə ki, hazırda yalnız Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan fondlara edilən köçürmələr vergidən azaddır. Qanunvericiliyə olunmuş dəyişikliklə ölkə başçısının müvafiq qərarı ilə yaradılmayan, lakin müəyyən ediləcək siyahı üzrə ictimai və sosial məqsədli bir sıra digər fondlara edilən ödənişlərə də güzəşt tətbiq olunub".
Kənd təsərrüfatı sektoruna və aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilir
Dövlət Vergi Xidmətinin əməkdaşı Azər Mustafayev bildirib ki, "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli 1400 nömrəli Fərmanı ilə idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal edilən yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi müəyyən edilib: "Məlum olduğu kimi, son illər dünya iqtisadiyyatında baş verən proseslər fonunda idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində artımlar müşahidə olunur. Bunları nəzərə alaraq, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri verilib. Dəyişikliklərə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən şəxslər müvafiq siyahının təsdiq olunduğu ildən etibarən 7 il müddətinə əldə etdikləri gəlirin (mənfəətin) 50 faizi həcmində gəlir (mənfəət) vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən azad edilirlər. Hazırda bir sıra məhsulların istehsalı ilə məşğul olan sahibkarlar Vergi Məcəlləsində investisiya təşviqi sənədi üzrə nəzərdə tutulmuş vergi güzəştlərindən faydalanırlar. Bununla belə, investisiya təşviqi sənədi yeni fəaliyyətə başlayan vergi ödəyicilərinə verildiyindən və sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin əksəriyyəti yeni fəaliyyətə başlayan vergi ödəyiciləri olmadığından, onlar təşviq alətindən faydala bilmirlər. Bu kimi hallar nəzərə alınmaqla, məhz aqrar sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinin dayanıqlığının təmin edilməsi və onların növbəti investisiya layihələrinin icrasının stimullaşdırılması məqsədilə həmin müəssisələrə də investisiya təşviqi sənədinə malik olan vergi ödəyicilərinə bərabər həcmdə vergi güzəşti verilib. Nəticədə həm yeni fəaliyyətə başlayan, həm də fəaliyyətdə olan müəssisələr eyni həcmdə vergi güzəştləri əldə ediblər. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi üzrə də bir sıra digər vergi güzəştləri təsdiq edilib. Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. Lakin bu sektorda çalışan hüquqi və fiziki şəxslərin kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirlərlə yanaşı, satışdankənar gəlirləri də mövcuddur və həmin gəlirlərə güzəşt tətbiq edilmirdi. Bunu nəzərə alaraq, kənd təsərrüfatı sahəsində aparılan təşviq siyasətinin davam etdirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir (mənfəət) vergisindən azad edilib. Hüquqi şəxslərə münasibətdə bu, 2023-cü il yanvarın 1-dən 1 il müddətinə, fiziki şəxslərə münasibətdə isə müddətsiz tətbiq edilib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin təsisçilərinin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad olunub ki, bu da təsisçi maraqlarına xidmət etməklə əlavə investisiya qoyuluşlarına təkan verəcək. Bütövlükdə güzəştlərin verilməsində əsas məqsəd rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal olunan yerli məhsulların qiymətinin aşağı salınmasıdır".
Alim