Ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində çox mühüm işlər görülür - ÖZƏL
12 Yanvar 2023 10:53 Sosial"Azərbaycan qadınların hüquqlarının qorunması, idarəetmə orqanlarında təmsilçiliyinin artırılması, qadın sahibkarlarının sayının hər ötən gün artması dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasətin nəticəsidir". Bu fikirləri "OLAYLAR"-a "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri, Prezident Təqaüdçüsü Lamiyə İsazadə səsləndirib. O bildirib ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində çox mühüm işlər görülür "Təkcə son on ilə nəzər yetirsək görərik ki, Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində olduqca əhəmiyyətli işlər görülüb. Bütün kişi və qadınlar arasında hüquq bərabərliyi ölkə Konstitusiyasında birmənalı şəkildə təsbit olunub".
Təşkilat sədri deyib ki, Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təşviqi üzrə Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiya da daxil olmaqla bir sıra beynəlxalq sazişləri ratifikasiya edib, gender bərabərliyinin təşviqi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul edilib: "Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi siyasətini həyata keçirən mərkəzi icra orqanı yaradılıb. Eyni zamanda, müvafiq müddəalar sonradan qəbul olunmuş və təkmilləşdirilmiş bir sıra normativ hüquqi aktlarda da əks olunub".