Sığorta şirkətlərinin qanunsuz addımları- Bəzi avtomobillər niyə sığorta olunmur?

Zaman-zaman bu və ya digər səbəbdən ziyan görən sürücülərlə sığorta şirkətləri arasında problemlər yaşanır. Son vaxtlar isə daha bir problem barədə sürücülər şikayət etməkdədirlər. Belə ki, bəzi sığorta şirkətləri mühərrikinin iş həcmi kiçik olan avtomobilləri sığorta etmək istəmirlər. Bu da təbii ki, ciddi narazılıqlara səbəb olur. Bəs görəsən bəzi sığorta şirkətləri tərəfindən atılan bu addım nə dərəcədə məntiqlidir?

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da deyir ki, daxili yanma mühərrikinin iş həcmi kiçik olan minik avtomobilləri sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə edə bilməməsi ciddi problem olub. Onun sözlərinə görə, demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər: "Deyilənə görə yalnız bir şirkət imtina etmir. Şəhadətnaməni elektron qaydada da əldə etmək mümkün deyil. Kiçik araşdırma göstərir ki, sığortaçılar əsasən belə avtomobillərin taksi kimi istifadə edilməsi ehtimalına görə onların sahiblərinin məsuliyyətini sığortalamaqdan qanunsuz olaraq imtina edirlər. Çünki belə avtomobilin sahibi qadındırsa, imtina etmirlər. Çünki qadınların taksi fəaliyyəti ilə məğul olması ehtimalı azdır.  Ən maraqlısı odur ki, bu kütləvi qanunsuzluğun qarşısı nəinki alınmır, əksinə, onun miqyası artmaqdadır. Amma sığortaçıların bu yanaşmasının çox ağır fəsadları var". Ərşad Hüseynov hesab edir ki, bu yanaşma "İcbari sığortalar haqqında" Qanunun aşkar surətdə pozulmasıdır: "Qanunun 23.3-cü maddəsi sığortaçının icbari sığorta üçün müraciət etmiş şəxslə müqavilə bağlamaqdan və ona sığorta şəhadətnaməsi verməkdən imtinasını qadağan edir. Sığortaçıların bu yanaşması yol hərəkəti təhlükəsizliyi sahəsində dövlətimizin siyasətinə ziddir və AR Prezidentinin 2018-ci ildə təsdiq etdiyi Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının müddəalarını birbaşa olaraq pozur. Proqramda həm ekoloji, həm də ümumi yol hərəkəti təhlükəsizliyi mülahizələri nəzərə alınaraq kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərədən istifadənin təşviqi və stimullaşdırılması təsbit edilir. Sığortaçıların bu yanaşması isə belə avtomobillərdən istifadədən çəkindirir". Ekspert onu da deyib ki, belə yanaşma ciddi sosial fəsadlar doğurmaqdadır: "Çünki bu tipli avtomobillə taksi fəaliyyəti göstərən insanlar sığorta olmadığından avtomobillərini istifadə edə bilmirlər. Nəticədə gündəlik gəlirlərini itirirlər. Bu həm də əhalınin taksi xidmətindən istifadəsini çətinləşdirmək deməkdir.  Bu yanaşma avtomobil sahiblərinin kütləvi qanun pozuntusu törətməsi və cərimələnməsi riskini yaradır. Axı icbari sığortasız avtomobil idarə etməyə görə cərimə (fiziki şəxs üçün 50 manat məbləğində) nəzərdə tutulur və DYP həmin cərimələri tətbiq edir.  Həm də kameralar vasitəsilə elektron qərarla".

Ərşad Hüseynov onu da vurğulayıb ki,  bu yanaşma korrupsiogen mühit yaradır: "Gələn məlumatlara əsasən, sığorta şirkətlərindəki bəzi işbazlar vəziyyətdən istifadə edərək əlavə "haqq" hesabına belə avtomobil sahiblərinin sığorta problemini həll edirlər. Bu isə birbaşa olaraq korrupsiyadır. Fəsadların siyahısını artırmaq da olar. Amma bunlar da yetərlidir. Maraqlısı həm də odur ki, artıq bir neçə aydır mövcud olan bu problem sığorta nəzarəti qurumu olaraq Mərkəzi Bank tərəfindən həll edilmir. Nəyi və ya kimi gözlədikləri aydın deyil. Hesab edirəm ki, bu boyda qanunsuzluğa təcili olaraq son qoyulmalı, göstərdiyim problem qanuna uyğun olaraq aradan qaldırılmalıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31