Dörd tərəfdən “geosiyasi tamah” sahiblərinin maraq obyektindəyik - ÖZƏL

"Tarixin mühüm anında - kritik mərhələsindəyik. Taleyüklü məsələlər həll olunur. İşlək marşrut olan dövlətçilik yolunun növbəti döngəsini keçmişik - Qələbə qazanmışıq, Zəfər marşındayıq. Bu, təkcə 30 il müddətində əzəli və əbədi yurd-yerlərimizi hərbi-siyasi əsarətdə saxlayan işğalçı dövlət üzərində qazanılmış qələbə deyil. Və asan deyil. Belə bir tarixi anda, mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışan planlarını pozmaq - niyyətlərini iflasa uğratmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Nurlan Qələndərlinin sözlərinə görə, coğrafiya taledir, amma insandan fərqli olaraq dövlətlər  "dünyaya yazılı tale ilə gəlmirlər. Ərazi mühüm amildir, amma həlledici deyil. Və tarix yazmaq, coğrafiya yaşatmaq üçündür: "Böyük dövlətlərin təcrübəsi ilə yanaşı, Azərbaycan nümunəsi də var.  Ölkəmizin coğrafi mövqeyi kimi, regionun reallıqları da bəllidir. Maraqların toqquşduğu, kəsişdiyi, uzlaşdığı bölgədə yerləşmişik - dörd tərəfdən "geosiyasi tamah" sahiblərinin maraq obyektindəyik, şimaldan, cənubdan və digər bir sıra coğrafi cəhətlərdən "geostrateji rüzgar"lar zaman-zaman sərt hava kütləsi kimi Azərbaycana yönəlir. Müxtəlif mexanizmlər işə salınır, fərqli vasitələrdən - alətlərdən istifadə olunur. Hələ uzağa, başqa qitəyə, okeanın o tayına və s. getməyək. Ortaq coğrafi taleyi paylaşdığımız bəzi qüvvələr erməni kartını işə salaraq hərbi-siyasi təxribatlar vasitəsilə Azərbaycanı hansısa güzəştə məcbur etməyə çalışır. Belə bir çətin şəraitdə ölkədə sabitliyi, həmrəyliyi qoruya, üçrəngli bayrağımızı Şuşa zirvəsində dalğalandıra, azad Qarabağı abad məkana çevirə bilmişik. Bir sözlə, böyük hədəflərimizə çatmışıq. İndi dövlətçiliyin daha bir işlək marşrutu - Zəfər yolu hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada və quruculuq meydanında möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü, beynəlxalq mövqeyimizi gücləndirmək üçün dayanıqlı zəmin rolunu oynayır. Davam edirik - nə yol, nə mübarizə bitib!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31