Xaricdə təhsil alan gənclərin seçkilərdə rolu

Azəri Gənclər Alyansı iyul ayının 19-da Azərbaycan Diplomatik Akademiyasında "Xaricdə təhsil alan gənclərin seçkilərdə rolu" ikinci dəyirmi masa təşkil edib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən toplantıya ekspertlər, tanınmış QHT rəhbərləri, hazırda xaricdə təhsil alan və məzun olmuş fəal gənclər və media nümayəndələri qatılıblar. Tədbiri giriş sözü ilə açan Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli bildirib ki, xaricdə təhsil alan azərbaycanlı gənclər seçkilərdə vətəndaş cəmiyyətinin inkişafında xüsusi rol oynayır. Hər il istər dövlət təqaüdü, istər fərdi qaydada Azərbaycandan xarici ölkələrə yüzlərlə tələbə yollanır, bir o qədər də vətəndaşımız nüfuzlu ali təhsil ocaqlarını bitirərək mütəxəssis kimi geri dönür. Leyla Məmmədlinin sözlərinə görə, xaricdə təhsil alan və məzun olmuş gənclərin potensial qüvvəsindən ölkəmizin tərəqqisi naminə daha çox istifadə olunması üçün təşkilatımız qarşıdan gələn seçkilərdə gənclərin fəallığını artırmaq naminə bir sıra mühüm işlər görmək niyyətindədir. Bu gənclər həm fəal təbliğatçı, həm də təşviqatçı rolunda iştirak edəcəklər. L.Məmmədli sözlərinə davam edərək qeyd edib ki, Azərbaycanda 2013-cü il prezident seçkilərinin sözün əsl mənasında "gənclərin seçkisi" olması potensialı böyükdür. 19-30 yaş arasındakı seçicilərin təxminən 30%-ni gənclərin təşkil etməsi buna sübutdur.

Daha sonra çıxış edən Azərbaycan Diplomatik Akademiyasının prorektoru Fariz İsmayılzadə, Azərbaycan Gənclər Fondunun əməkdaşları, QHT rəhbərləri, ekspertlər, gənc liderlər qeyd ediblər ki, seçki kampaniyalarında xarici ölkələrdə yüksək ali məktəblərdə təhsil alan və təhsilini bitirib geri dönən gənc mütəxəssislərin bilik və bacarıqlarından lazımınca istifadə edilməlidir(Olaylar İA).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31