Elnarə Qaragözova: "Cığır" vətənpərvərliyin təbliği üçün böyük önəm kəsb edir"
29 Avqust 2023 11:33 SosialAzərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru Elnarə Qaragözova deyib ki, ədəbi mühitdə gedən proseslərə, tendensiyalara nəzər saldıqda Vətən müharibəsindən sonrakı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni etapının başlandığını əminliklə qeyd edə bilərik. Onun sözlərinə görə, bu tendensiya müstəqillik dövrü ədəbiyyatının əsas mövzularından biri olan Qarabağ mövzusunun tam fərqli rakursda işıqlandırılmasının faktoloji əsaslarının yaranması ilə bağlıdır: "44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması XXI əsrin müharibəsi və XXI əsrin hərbi-siyasi liderinin dünyada qəbul olunması kimi xalqımız üçün önəmli olan, vətənimizin nəinki müasir, hətta yüzillər sonrakı taleyini müsbət yöndə dəyişdirən hadisələrin ədəbiyyatımızda əksini tapması bu etapın əsas xüsusiyyətidir. Bu kontekstdə daim tarixi roman janrı ilə bağlı intensiv yaradıcılıq axtarışlarında olan Yunus Oğuzun Şuşa şəhərinin inşa olunmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilmiş yeni romanı "Cığır" məhz bu vəzifələrin həlli baxımından ədəbiyyatımız və vətənpərvərliyin təbliği üçün böyük önəm kəsb edir". Elnarə Qaragözova deyib ki, "Cığır" romanında hadisələr 3 zaman kəsiyində təqdim edilir: "Şuşanın inşa olunduğu XVIII əsrin ortaları, Şuşanın işğal olunduğu 1992-ci il və Şuşanın azad olunduğu 2020-ci il. XVIII əsrin ortalarında coban Nəsrəddinin Pənahəli xana göstərdiyi gizli cığır Şuşanın inşası üçün əsas rol oynayır. Pənahəli xanın göstərişi ilə Nəsrəddin kişinin oğlu Murad, daha sonra isə nəslin digər nümayəndələri bu cığırın sirrini nəsildən-nəsilə keçirərək qoruyurlar. "Nəsrəddin cığırı" tarix boyu Şuşanın qorunmasında, düşmənə zərbə vurulmasında mühüm rol oynayır". Natiq qeyd edib ki, Məhəmmədhəsən xanən Şuşaya hücumu zamanı Muradın gizli dəstəsi, 1992-ci ildə Milli Qəhrəman Ramiz Qımbərovun rəhbərlik etdiyi Şuşa özünümüdafiə batolyonu məhz bu cığır vasitəsilə düşmənə sarsıdıcı zərbələr vurur. 44 günlük Vətən müharibəsi dövründə Şuşanın 28 il ərzində tapa bilmədikləri Pənahəli xandan yadigar sirrini, heç bir xəritədə əks olunmayan cığırın varlığını məhz Pənahəli xanın mühafizə rəhbəri qəhrəman Muradın nəslinin sonuncu nümayəndəsi olan 70 yaşlı Nəsrəddin Murad dövlət orqanlarına bildirir. Yunus Oğuz "Cığrı" da daha öncəki tarixi romanlardan oxucuya tanış olan Murad obrazını yeni strixlərlə təqdim edir. Yazıçı romanda çoban Nəsrəddinin Səfəvi xanədanı ilə bağlılığını dilə gətirməklə onun nəslinin Azərbaycan dövlətiçiliyinin qorunmasındakı rolunun, cığırın qoruyucusu olmasının təsadüfi olmadığını vurğulayır. Maraqlıdır ki, hər üç tarixi dövrdə cığırdan istifadə edən "kölgə döyüşçülər" düşməni eyni üsulla, xəncərlə (biçaqla) boğazlarını kəsərək zərərsizlışdirirlər. Bu faktla yazıçı yalnız Muradın daşıdığı sirrin deyil, "kölgə əsgər" taktikasının da hərbi-tarixi ənənə formatında ötürülməsini göstərir". Elnarə Qaragözova deyib ki, Tovuz döyüşlərinin aurası, dövlətin xalq və Vətən sevdası, xalqın Vətən və dövlət eşqi romanda gerçəkliyin bədii boyalarla əksinin ən gözəl nümunəsi kimi diqqəti cəlb edir: "Koronavirusla mübarizə fonunda xarici dövlətlərin təzyiqləri altında Ali Baş Komandan Azərbaycan üçün yeni cığır açır, sentyabrda isə "Dəmir Yumruq" işə düşərək bu cığırı 44 gün ərzində Zəfər yoluna çevirir".
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanın Bütövlüyü Uğrunda" ictimai birliyi tərəfindən icra olunan "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" adlı layihə çərçivəsində çap olunur.