Mənim oğlum başımın tacı idi

Şəhidlər ölməz, vətən bölünməz!

Yenə şəhid anası ilə qarşı-qarşıya oturmuşam. 44 günlük müharibədən sonra düşünürdüm ki, bir daha şəhidlərimiz olmaz, bir daha "şəhidiniz var" kimi acı xəbər ürəyimizi dağlamaz, içimizi göynətməz, mənfur düşmənin bu lənətə gəlmiş hücumlarına son qoyular. Lakin bunu istəsək də ürəyimizin hansısa bir guşəsində erməninin dinc durmayacağı, öz murdar xislətindən əl çəkməyərək hər cür məkrli hərəkətlərə yol verəcəyini də hiss edirdik. Düşmən Qarabağda genişmiqyaslı məskunlaşma proqramlarının həyata keçirilməsini həzm edə bilmirdi.Qarabağa ardı-arası kəsilmədən beynəlxalq təşkilatların, beynəlxalq qurumların, ictimaiyyətin, jurnalistlərin səfərləri təşkil olunur, orada istər mədəni abidələrimizə, istər tarixi tikililərimizə, yaşayış məntəqələrinə, təbiətimizə qarşı törədilən vəhşi, vandalizm hərəkətləri canlı-canlı nümayiş etdirilirdi. Minalanmış sahələr, dağıdılmış şəhərlər, kəndlər hamını heyrətə gətirirdi. Çünki, ermənilərin Qarabağda törətdikləri ağlasığan deyildi. Düşmən sülh müqaviləsi bağlamağı, sərhədlərin dəqiqləşdirilməsini min cür bəhanələrlə ləngidirdi. Düşmən Qarabağ sərhədlərindən qovulub çıxardılsa da yenə də dinc durmurdu. Sərhəddə tez-tez münaqişələr baş verir, sonra da erməni tərzində beynəlxalq səviyyəli vay-şivən qoparılırdı. Lakin dünya həqiqətləri gördükcə erməninin bu haray-həşirinə inamı azalmışdı. Azərbaycan ordusu bu müdaxilələrin qarşısını alır və düşmənin layiqli cavabını verirdi. Lakin, növbəti təxribat genişmiqyaslı olduğu üçün...

Müdafiə Nazirliyinin bir xəbəri yenidən hamımızı sarsıtdı: "Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub".

Xəbər çox ağır idi. Yaralarımız hələ qaysaq bağlamamışdı ki, şəhid xəbəri ürəkləri dağladı. O şəhidlərdən biri də Zaqatala rayonunun Yuxarı Tala kəndinin igid oğlu Ömərov Sərxan Mübariz oğlu idi.

Hərbçi olmaq onun ən böyük arzusu olmuşdu

Sərxan 1999-cu il oktyabr ayının 18-də anadan olmuşdur. 2005-ci ildə Zaqatala rayonu Yuxan Tala kənd 4 nömrəli tam orta məktəbinə daxil olub, 2005-ci ildən 2014-cü ilə qədər həmin məktəbdə təhsil almışdır. Anası Rəna xanım deyir ki, uşaqlıqdan Sərxanın hərb işinə marağı böyük olub. Atasına həmişə oyuncaq tapança, tüfənf aldırar, qonşu uşaqlarını yığıb "müharibə-müharə" oyunu oynayardı. Sərxan dərslərini yaxşı oxuyar, idmanla məşğul olardı. Onun da kənd uşaqlarına məxsus atasının köməkliyi ilə düzəltdiyi idman qurğuları var idi. Sərxan qeyri-adi ünsiyyət qabiliyyətinə malik idi. Həm böyüklərlə, həm də uşaqlarla elə yollaşardı ki, onun bir an yoxluğu o dəqiqə hiss olunar və hamını narahat edərdi. Qayğıkeş idi, çətinlikləri başa düşən idi, yersiz hərəkətləri olmazdı. İki bacının bir qardaşı olan Sərxanı valideynləri nə qədər çalışsa da vərbçi olmaq istəyindən döndərə bilmədilər. Atası deyir ki, sadəcə bir oğlum var, o da bizə yaxın olsun deyə hərbi işə getməsini istəmirdik. Axı, hərbçilər evlərinə az-az gəlirlər. Sərxanın isə fikri qəti idi. 9-cu sinfi bitirən Sərxan 2014-cü ildə C.Naxçıvanski adına Hərbi liseyə daxil olur və 2017-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi bitirir. Elə həmin ili sənədlərini Heydər Əliyev adına AAHM-ə verir və həmin məktəbin Xüsusi təyinatlı texnika sistemləri ixtisası üzrə Quru Qoşunları fakultəsinə qəbul olunur. Onun bacarıq və qabiliyyəti diqqətdən qaçmır. Sərxan 4-cü kursda oxuyurdu ki, 44 günlük müharibə başlayır. Cəbhədə ixtisaslı hərbçilərə ehtiyac var idi. Onlar, sonuncu kurs tələbələri artıq Vətən naminə öz bacarıqlarını göstərə bilərdilər. Belə də etdilər. Təhsillərini yarımçıq saxlayıb cəbhəyə yola düşən tələbə hərbçilər bütün bilik və bacarıqlarını döyüş meydanında nümayiş etdirdilər. Sərxan 2020- ci ilin  sentyabrın 30-da hərbi hissədə tank əleyhinə idarə olunan raketlər batereyasının II tank əleyhinə idarə olunan tağım Komandiri vəzifəsinə təyin olunur və bütün müharibə boyu döyüşür. Müharibə bitdikdən sonra o "N" saylı  hərbi hissədə Artilleriya Briqadasında Artilleriya divizyonunun kəşfiyyat rəisi vəzifəsində xidmət edir. Dekabr ayında Sərxan qalib ordunun qalib zabiti kimi evə gəlir. O özünün təntənəli qarşılanmasına da razı olmur. Sərxan hər şeydən əvvəl deyir ki, biz şəhidlərimizin qisasını almışıq. Sərxanın iki əmisi birinci Qarabağ savaşında iştirak edərək qazi olmuşdular. Anası Rəna xanım oğlunun bu gəlişini göz yaşları içərisində xatırlayır:-"Mən elə bilirdim müharibədən sağ-salamat gələn oğluma daha zaval olmaz. Onun görüşünə gələnlər ona çox sual verirdilər. Döyüş anlarını eşitmək istəyirdilər. Sərxanın hamıya bir sözü oldu:"Biz heç nə etməmişik. Nə edibsə şəhidlər edib"-deyirdi."  Sərxan geriyə, təhsilini bitirməyə gedir.

Vətən və Bayraq sevdası

Onlar seçilmiş gənclər idi. Onlar vətənin dar günündə sinəsini sipər edən, ölümün gözünə dik baxan bir nəslin gəncləri idi. Onlarda bayraq sevdası var idi. Bu bayrağı işğaldan azad olunan torpaqlarımıza sancdıqca bir xalqın, bir millətin qəhrəman oğulları olduqlarını sübut edir, dalğalanan bayrağa qürur və fəxrlə baxırdılar. Onlar müqəddəs amal, ana vətən uğrunda vuruşurdular, onlar Azərbaycan əsgəri haqqında formalaşan mənfi stereotipləri darmadağın edərək vuruşurdular. Azərbaycan əsgəri dünyanı heyrətə gətirən əməliyyatları həyata keçirərək vuruşurdu. Sərxan da onlardan biri idi. Sərxan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir və  2021-ci ilin  iyun ayında Hərbi Məktəbi müvəffəqiyyətlə  bitirir. O, 2021-ci ilin dekabrınadək  Xüsusi Təyinatlı Qüvvələr Komandanının sərəncamında olur. Dekabr ayında isə onu Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində Xüsusi təyinatlı dəstənin Xüsusi təyinatlı tağım komandirinin Müavini vəzifəsinə təyin edirlər və Sərxan şəhid olanadək bu vəzifədə xidmət edir. Hərbi-hissədən mənə verilən tərcümeyi-halında yazılır: "Leytenant Ömərov Sərxan Mübariz oğlu Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı, bacarıqlı, işgüzar və vəzifəsinin öhdəsindən gələn zabit kimi göstərilmişdir. Komandanlıq tərəfindən verilən əmirləri, göstərişləri və tapşırıqları vaxtı-vaxtında yerinə yetirirdi. Nizamnamə qaydalarının, qanunların, rəhbər sənədlərin tələblərini bilirdi və gündəlik xidmətini onların tələblərinə uyğun həcimdə qururdu. 

Özünə qarşı tələbkar, mədəni, tərbiyəli, intellektual səviyyəsi yüksək zabit idi. Peşəkar bilik səviyyəsini artırmaq üçün öz üzərində çalışırdı. Qərargah sənədləri ilə işləməyi bacarırdı.

Hərbi hissədə keçirilən ərazi təlimlərinin planlaşdırılması və həyata keçirilmısində vəzifəsindən irəli gələn məsələlərin həllində fəal iştirak edirdi, üzərinə düşən tapşırıqların yerinə yetirilməsi işinə vicdanla yanaşırdı. Azərbaycan Respublikasının işgaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək fəallıq və peşəkarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə medallar ilə təltif edilmişdir.

Xidmət müddətində komandir və rəislər tərəfindən təşəkkür və fəxri fərmanlarla həvəsləndirilmişdir.  İxtisası üzrə şəxsi heyətin öyrədilməsi üçün məşğələlərin planlaşdrılıb keçirilməsində fəal iştirak edib, şəxsi heyət arasında nizam-intizamın möhkəmləndirilməsi, döyüş və ictimai-siyasi hazırlığın yüksək səviyyədə olması istiqamətində müsbət işlər görüb.

Yoldaşları ilə münasibətdə səmimi və mehriban olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini bilir və gündəlik xidmətində onların tələblərinə əsaslanırdı. Hərbi geyim formasını sevirdi və səliqəli geyinirdi."

Oğlunun tabutuna çiyin verən ana

Hər bir valideynin arzusu olur ki, son mənzilə övladının çiynində getsin. Zalım fələk bəzən bu istəyi qəddarcasına pozur. 44 günlük müharibədə şəhid oğlunun cənazəsini çiynində aparan çox anaları gördük. Ürəyimiz parçalandı. O analara dim-dik ayaq üstə durduqlarına heyranlıqla baxırdıq. Sən demə şəhid cənazəsini çiyninə alan anaya İlahi bir güc, qeyri-adi bir dözüm bəxş edilirmiş. Rəna ana oğlunun şəhid xəbərini eşidəndə sanki onun üçün dünya durmuşdu. O deyir:"Mən elə bil ətrafımı nə eşidir, nə də duyurdum. Adi vaxtda mən bel ağrılarından əziyyət çəkdiyim üçün ağırlıq qaldıra bilmirəm. Lakin o anda elə bil ki, oğlumun səsini eşitdim. O səs mənə deyirdi ki, məni sən çiyninə al, ana. Mən tabuta çiyin verdim",-deyərək ana hönkürtü ilə ağlayır. O günlər ananın bu görüntüləri sosial şəbəkələrdə gündəm oldu.  Mübariz ataya oğlunun tabutu bürünən bayraq verildi. O bayraq ki, Sərxan onu canından çox sevirdi. Hətta Qələbədən sonra evə gələndə xalası üzərində Azərbaycan bayrağı həkk olunan tort bişirtdirib gəlmişdi. Sərxan bunu görəndə tutulur və bayrağı ehtiyatla tortun üzərindən  kəsib bir kənara qoyur.  Deyir ki, indi tortu kəsə bilərsiniz. Sərxan belə oğul idi.

Şəhidlər evdən getmir, şəhidlər eldən gedir. Onun ölümünə el-oba ağıayırdı. Onun ölümünə bir də bir el qızı ağlayırdı, Sərxanın yaxın günlərdə nişanlanacağı bir qız. Bu iki gəncin bütün  arzuları  yarıda qaldı. Sərxan və onun döyüşçü dostları şəhid oldular, lakin düşmənin bir addım da olsa irəliləməsinə imkan vermədilər. Əksinə ordumuz növbəti dəfə düşmənə unuda bilməyəcəkləri bir dərs verdi.

Başını dik tut, şəhid atası! Səbr və dözümün artıq olsun, şəhid anası! Sizin oğlunuz müqəddəs amal uğrunda canından keçib. Sizin oğlunuz başınızın tacı idi, indi isə onlar Vətənin baş tacıdırlar. Onların qəhrəmanlığı və igidliyi Vətən dərsinin ən gözəl səhifələridir. Bu dərslər tarix boyu unudulmayacaq, dastana dönərək xalqın yaddaşında yaşayacaqdır.

Elmira Mehdiyeva,

Zaqatala

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31