Gizli çəkilmiş videoların yayılması hansı məsuliyyəti yaradır?

Heç kəs onun xəbəri olmadan video və foto çəkilişinə, səs yazısına məruz qoyula bilməz

Son vaxtlar gizli çəkilmiş video və səs yazılarının şantaj vasitəsi kimi istifadə edilməsi hallarının sayı artıb. İstər elektron mediada, istərsə də sosial şəbəkələrdə belə videoların mütəmadi yayıldığının şahidi oluruq.   Bəs, gizli çəkilmiş videoların yayılması nə dərəcədə qanunauyğundur?  Əvvəla qeyd edək ki, şəxsin icazəsi olmadan onun barəsində vidoçəkiliş, audio yazı aparmaq qanunla qadağandır. Ən azından əvvəlcə şəxsdən çəkiliş aparmaq üçün icazə alınmalıdır. Necə ola bilər ki, öz əlinlə  başqa bir xanımla ondan xəbərsiz  yaşadığın şəxsi həyatı videoya çəkəsən, bu videonun başqalarının əlinə keçməsinə imkan yaradasan və sosial şəbəkələrə yol açmasına səbəb olasan. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasının   32-ci maddəsində deyilir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Vəkil Rövşən Qasımov deyir ki, insanların qorxulu yuxusuna çevirilən gizli çəkiliş və səsyazmalar cəmiyyətdə böyük faciələrə səbəb olur. Bu metoda əl atanlar özlərini müdafiə etdiklərini düşünsələr də, qanun tam əksini söyləyir. Qarşı tərəfin xəbəri  və razılığı olmadan videoçəkiliş etmək, yaxud səsini yazaraq ona qarşı istifadə etmək qadağandır. Xüsusilə qarşı tərəfi şantaj etmək, ona hədə-qorxu gəlmək və ya sosial şəbəkələrdə həmin səsyazmanı paylamaq artıq cinayətdir: "Əsas qanun sayılan Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə əsasən, səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. İnsanın özünün razılığı olmadan onun səsini yazmaq şəxsi həyata müdaxilə və cinayətdir. Bəzən məhkəmələr zamanı insanlar bu cür vasitələrdən sübut kimi istifadə etməyə çalışırlar. Lakin qanun buna imkan vermir". Onun sözlərinə görə, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Həmçinin hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir: "Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Göründüyü kimi dövlət ali hüquqi sənəddə öz üzərinə belə bir öhdəlik müəyyən etmişdir. Bundan əlavə qeyd edə bilərik ki, bu növ münasibətlər "İnsan hüquq və əsas azadlıqları haqqında" Konvensiyada da öz əksini tapmışdır. Belə ki, (1945-ci il 12 dekabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmçinin 13-cü maddədə Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunmuşdur. Bundan əlavə biz əksər ölkələrin, o cümlədən Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə də nəzər yetirsək görərik ki, bu növdən yazıların qeydə alınması özlüyündə cinayət məsuliyyətinə səbəb olur. Türk Ceza Kanunu 133, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 138, Almaniya Cinayət Qanununun 201-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi eyni məzmunda cinayət tərkibini ifadə edir ki, buna müvafiq olaraq da əməli törətmiş şəxsin cinayət məsuliyyəti yaranmış olur. Onu da qeyd edək ki, bu əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155.1-ci maddəsində Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Məcəllənin 156.1-ci maddəsinə görə isə Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.  Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır".

Maraqlıdır,  telefon danışıqları, səs yazıları, gizli video çəkilişlər məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilərmi?  Vəkil qeyd edib ki,  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Mülki Prosessual Məcəllədən də bəllidir ki, səs və ya video yazıları təqdim edən şəxs bunun hansı şəraitdə yazılmasını, bu yazıdan digər şəxsin xəbərdar olub-olmamasını, həmçinin yazıda şəxsi xarakterli məlumatın mövcudluğu məsələsini bildirməyə məcburdur: "Hər bir halda səs yazısını qeyd edən şəxs bu yazıya görə mütləq qaydada məsuliyyət daşıyır.Azərbaycan Respublikası "Əməliyyat-Axtarış fəaliyyəti haqqında" qanunun 10-cu maddəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri telefon danışıqlarına qulaqasma, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi, əşya və sənədlərin tədqiqi kimi əməliyyat-axtarış tədbirləri tətbiq edə bilərlər.Şəxslər isə bu tədbirləri (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) bu maddənin IV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirir. Həmin qanunun 13-cü maddəsinə görə isə Telefon və digər danışıqlara qulaqasması və onların yazılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, poçt-teleqraf göndərişlərinin yoxlanılması və binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə baxış keçirilməsi ilə əlaqədar tətbiq edilən əməliyyat-axtarış tədbirlərdə əməliyyat-axtarış fəaliyyəti subyektlərinin müvəkkil edilmiş şəxslərində həmin tədbirlərin tətbiqinə dair qərar və özlərinin xidməti vəsiqələri olmalıdır. Göstərilən şəxslər isə bu tədbirləri tətbiq etdikdən sonra Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 134-cü maddəsinə əsasən protokol qaydasında göstərilənləri əks etdirir və sonradan məhkəməyə sübut kimi təqdim edir. Yekun olaraq qeyd edə bilərik ki, telefon danışıqlarına qulaqasma, səs və ya video yazı aparma sizə heç zaman başqasının həyatına müdaxilə etmə imkanı vermir. Hər bir şəxsin şəxsi həyatı dövlət tərəfindən müdafiə olunur". Onu da bildirək ki, qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31