Qızlar artıq orta məktəblərdə narkotik aludəçilərinə çevrilirlər
19 Avqust 2022 11:03 SosialŞəmsəddin Əliyev: "Narkotik maddələrin şəxsi istehlak miqdarında leqallaşmasının tərəfdarıyam"
Müsahibimiz hüquqşünas, "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevdir.
-Şəmsəddin müəllim, bütün dünyada olduğu kimi Azərbaycanda da narkomaniyanın yayılmasının artımı müşahidə olunur. Necə hesab edirsiniz, ölkədə narkomanlığa qarşı aparılan mübarizəni yetərli hesab etmək olarmı?
-Məlum olduğu kimi "Narkotik vasitələrin, psixotrap maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə bağlı 2019-2024-cü illər üçün Dövlət Proqramı" var. Bu proqram çox ciddi əhəmiyyət kəsb edir. Çünki, sənəddə bütün mərkəzi icra hakimiyəti orqanlarına öz fəaliyyət istiqamətlərini yerinə yetirərkən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə də müəyyən sahəni əhatə etmək tapşırılır. Ölkənin prezidenti İlham Əliyev sərəncamla bu Dövlət Proqramını təsdiqləyib. Burada əsas məqsəd ondan ibarətdir ki, respublikada narkotik maddələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, habelə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, ictimai maarifləndirmə işinin əhatəsinin miqyasının genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə həm də qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.
-Sizcə, dövlətin narkomaniyaya qarşı mübarizədə belə ciddi addımlar atması nəyə hesablanıb?
- Məlum olduğu kimi narkomaniya ilə əlaqəli cinayətlər transmilli, mütəşəkkil cinayətkarlığın ən təhlükəli bir növüdür. Ona görə dövlət xüsusi proqramı ilə bu sahədə mübarizəsini həyata keçirir. Bu yerdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin narkomaniyaya qarşı mübarizədə gördüyü işlərlə bağlı bəzi məqamları söyləmək yerinə düşərdi. Belə ki, ötən ilin altı ayı ərzində narkotik vasitələr və onun qanunsuz dövriyyəsi ilə bağlı 4145 cinayət faktı qeydə alınıb. Ümumilikdə DİN-in cinayətkarlığa qarşı mübarizədə fəaliyyətinə nəzər yetirdikdə məlum olur ki, altı ay ərzində 14 948 cinayət qeydə alınıb. Onun 4145-i, yəni ümumi cinayətlərin 27,8 faizi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bu cinayətlərə görə 2719 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu insanların təxminən 73,7 faizi heç bir yerdə işləməyənlər və oxumayanlar təşkil edir. 35 faizi isə əvvəllər məhkumluğu olan şəxslərdir. Diqqət çəkən və narahatçılıq doğuran məqamlardan biri ondan ibarətdir ki, narkotiklə bağlı cinayət törədən şəxslərin ümumi sayında 0,2 faiz yetkinlik yaşına çatmayanlardır, 7,9 faizi 18-24 yaşında olanlar, 18 faizi 25-29 yaşında olanlar, qalan 73,9 faiz isə 30 yaş və ondan yuxarı olanlardır. Yarım il ərzində təxminən 3 tona yaxın narkotik, o cümlədən, 618 kq heroin, 245 kq marixuana, 57 kq həşiş, 114 kq güclü təsiredici maddələr qanunsuz dövriyyədən çıxarılıb. Müqayisəli şəkildə nəzərdən keçirdikdə məlum olur ki, bu ilin altı ayı ərzində daha çox faktlar aşkar edilib. Belə ki, 2022-ci ilin altı ayında 1 ton 975 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Ümumi çəkisi 117 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib, 481 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Bu sırada məhkum olunmuşların da sayı ötən ilin altı ayı ilə müqayisədə çoxdur.
- Sizcə, beynəlxaq aləmdə bu istiqamətdə aparılan mübarizə tədbirləri öz müsbət nəticəsini verirmi?
-Beynəlxalq aləmdə 2009-cu ildə Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı siyasi bir Bəyənnamə qəbul olunub. Bu bəyənnaməyə dövlətlərin əksəriyyəti qoşulub və hazırda da qoşulmaqda davam edir. Dövlətlər ümumi məsuliyyət hissi ilə narkotiklə mübarizəyə, mütəşəkkil cinayətkarlığın xüsusi növü olan cinayətlə mübarizəyə önəm verirlər. Narkotiklər üzərində Nəzarət üzrə Beynəlxalq Komitə də bu sahədə mübarizəyə dəstək verir. Həmçinin bəzi narkotik vasitələrin, xüsusilə kannabisin elmi və tibbi məqsədlə leqallaşdırılmasına da narahatçılığını ifadə edir. Bu ağrıkəsici kimi narkotik maddələrdən istifadəni bəzi təbəqələr, beynəlxalq aləmin müəyyən qrupları məsləhət görməsələr də hələ ki, başqa ağrıkəsici vasitə kəşf edilmədiyindən klinikalarda istifadə edilir. Əlbəttə beynəlxalq aləmdə bunun bəşəriyyətin sağlamlığı və rifahı üçün ciddi təhlükə olduğunu gizlətmirlər.
-Narkotik vasitələrdən istifadənin leqallaşdırılması məsələsinə münasibətiniz necədir?
-Narkotik maddələrin şəxsi istehlak miqdarında leqallaşmasının tərəfdarıyam. Çünki narkomanlıq bir xəstəlikdir, bu asılılıq yaradır. İnsanlar bu "şəbəkəyə" daxil olarkən oradan çıxa bilmirlər, iradəsizlik nümayiş etdirilər. Təbii ki, onların narkomaniyadan asılılıq məqamı çatanda özlərini idarə edə bilmirlər, istənilən cinayətə meyilli olurlar. Hətta evdə anasına, bacısına qəcd edib, onların qızıl-zinət əşyalarını götürüb öz ehtiyaclarının ödənilməsi üçün istifadə edirlər. Faktiki olaraq narkomanlıq ailənin bir sosial bəlası olmaqla, həm də cəmiyyət üçün aşağılıq gətirən bir haldır.
-Nə edək ki, cəmiyyət bu sosial bəladan uzaq olsun?
-İnsan sosial varlıq, cinayətkarlığı doğuran sosial faktorlar, cinayətlər də sosial bəladır. Eynilə narkomanlıq kimi. Düşünürəm ki, burada kifayət qədər maarifləndirmə işinə üstünlük verilməlidir. Nə qədər bu sahəni genişləndirsək bir o qədər işimiz cəmiyyətin ovqatına uyğun olar. Bu istiqamətdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələri var. Buna baxmayaraq, bu sırada qadınların olması, narkomanlığın cavanl aşması narahatlıq doğurur. Narkomanlığa təsir edən faktorlardan biri kimi İran İslam Respublikasının vətəndaşlarının qanunsuz yollarla Azərbaycana satış məqsədilə narkotik vasitələrinin gətirilməsində görürəm. Məndə olan məlumata görə, cari ildə 50-yə yaxın İran vətəndaşı sərhədi qanunsuz keçərkən saxlanılıb. Onlar dindirilərkən sərhəddən keçirmək istədikləri narkotik vasitələrinin mənbəyi barədə məlumatı təsdiqləmək üçün qonşu dövlətə 50-yə yaxın məktub göndərilib, lakin cəmi 6 məktuba cavab verilib. Bu da dövlətlər arasında bağlanılan transmilli, mütəşəkkil cinayətkarlığa qarşə birgə mübarizə ilə əlaqədar bağlanan müqaviləyə xələl gətirən bir haldır. Bu həm beynəlxalq normalara, həm müqavilənin şərtlərinə ziddir. Əgər müqavilənin şərtləri qonşu dövlət tərəfindən pozulursa, deməli, narkomaniyaya qarşı birgə mübarizə aparmağa razılıq yoxdur. Narkomaniyaya qurşanmış yeniyetmələr üçün həyatın mənası olmur. Həyat haqqında böyük suallara cavab tapmaqda çətinlik çəkirlər. Bu baxımdan hesab edirəm ki, ali təhsil ocaqlarında narkomaniya cavanlaşmasın deyə geniş seminar-mühazirəyə və qarşılıqlı diskusiya xarakterli müzakirələrin keçirilməsinə ehtiyac var. Burada təkcə vətəndaş cəmiyyətinin yox, həm də ali təhsil ocaqları və orta məktəblərin pedoqoji tərkibinin təşəbbüsləri üstünlük təşkil etməlidir. Çünki, belə məlum olur ki, QHT-lər onlara müraciət etməsə qarşı tərəfdən hər hansı bir təşəbbüs olmur.
-Narkomanların müalicəsi istiqamətində görülən işlər sizi qane edirmi?
-Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu ziyanın miqyası genişdir. Həmçinin, narkotik istifadəçilərin şəxsiyyətinin deqradasiyasına və müxtəlif cinayətlərin törədilməsinə, cəmiyyətin intelektual potensialının aşağı düşməsinə, genofondun pisləşməsinə təsir edir. Başqa ölkələrdən fərqli olaraq bizdə narkomanların müalicəsi məsələsi o qədər də ürəkaçan deyil. Məlumata görə, 8-9-cu siniflərdə qızlar artıq narkotik aludəçilərinə çevrilirlər. Bəzən məktəblərin sanitar qovşaqlarında narkotik vasitənin tapıldığı inkar edilsə də bu fakt var. Amma olmuş faktları gizlətmək narkotiklə mübarizə mənzərəsinə xələl gətirir. Bizə mənzərə nə qədər aydın olsa, bir o qədər hüquq mühafizə orqanları doğuran səbəblərin və nəticələrin aradan qaldırılması istiqamətində səhih tədbirlər həyata keçirə bilərlər. Təbii narkotiklərdən istifadə edənlərin sayı artmaqda davam edir. 2019-cu ildə qeydittada olan narkotik istifadəçilərinin ümumi sayı 32 921 nəfər olubsa, 2020-ci ildə 33788, 2021-ci ildə isə 34602 nəfər təşkil edib. Lakin bu həqiqi statistika deyil, bəlkə bir o qədər də qeydiyyatdan gizlədilən faktlar var. 2019-cu ildə 641 qadın, 9 yeniyetmə, 2020-ci ildə 618 qadın, 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb. Bakı şəhər Narkoloji Mərkəzinin direktoru Qalib Məmmədov açıqlamasında belə bir informasiya çatdırıb ki, 14-16 yaş yeniyetmələr arasında il ərzində Mərkəzə 20-30 müraciət daxil olub. Bü müraciətlər əsasən oğlanlar tərəfindən edilib. Narkotik maddələrin və onların törətdikləri fəsadlar haqqında məlumat daxil oldiqca vahiməyə gəlməmək mümkün deyil. Bu arada məktəblərdə psixoloq məsələsi də ciddi problem olaraq qalır. Sovetin vaxtında psixoloqlara bir o qədər də ehtiyac yox idi, pedoqoji təhsil alan müəllim həm pedaqoq, həm də psixoloq idi. Amma bu gün məktəblərdə iki min şagirdə bir psixoloq ştatı bəs etmir. Ümumiyyətlə məktəblərdə psixoloqların fəaliyyəti üçün heç oturmağa otaqları yoxdur, məktəb-valideyn əlaqələri pozulub, heç kim problemi işıqlandırmaq istəmir. Belədə narkomanın cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi bugünkü reallıqla bir arada səslənmir. Düşünürəm ki, narkoman xəstədir, onun asılılığını aradan qaldırmaq və müalicə etmək Azərbaycan dövlətinin öz vətəndaşına olan ali məqsədindən irəli gəlməlidir. Narkoman da Azərbaycan vətəndaşıdır, onun da dövlətlə siyasi-hüquqi bağlılığı var, ona görə onun müalicəsi dövlətin hesabına həyata keçirilməlidir. Hesab edirəm ki, narkomanların özəl reabilitasiya mərkəzlərindəki xərcinin heç olmasa əlli faizini dövlət öz üzərinə götürməlidir. Bəzi insanlar düşünür ki, problemdən çıxış yolu qanunları sərtləşdirməkdir. Amma mən narkomanlara qarşı cəzanın sərtləşdirilməsinin əlehinəyəm. Narkotik vasitəni satış məqsədilə əldə edən, satan, əklib kultivasiya edənlərə qarşı cəza tədbirləri sərt olmalıdır. Digər ciddi faktorlar ondan ibarətdir ki, narko-dispanserlərdə 32-34 min narkomanın müalicəsi üçün yerimiz yoxdur. Ölkədə 4 narkodispanser var. Şəxsin narkotik istifadəçisi olduğu aşkarlanırsa, onların hamısının yerləşdirilməsi üçün narkodispanserlərdə yer yoxdur. Bakıda təxminən 5 min narkoman varsa, narkodispanserlərdə 400 çarpayılıq yer var. Onların müalicəsi üçün hara müraciət edilməsi məsələsi problem olaraq qalır. Əslində isə narkomanlar dispanserlərdə müalicə aldıqdan sonra reabilitasiya mərkəzlərinə yönləndirilməlidirlər. Belə mərkəzlər özəl sektorlar olduğuna görə, onun müalicəsi narkomanın ailəsinin cibinə uyğun deyil. Baxmayaraq ki, hazırda narkomanların müalicəsi üçün kifayət qədər pereparatlar var.
Alim