Azərbaycan mediası yeni inkişaf mərhələsi, tərəqqisi dövrünü yaşayır

"147-ci ildönümü ərəfəsində olan Milli Mətbuatımız bu gün özünün yeni inkişaf mərhələsi, tərəqqisi dövrünü yaşayır. Bu inkişaf, tərəqqi media sahəsində çalışan, sözün həqiqi mənasında azad sözə, jurnalist peşəsinə sadiq olan jurnalistlərdə sabaha inam, ümid yaradır. Çünki məhz bu prinsiplərə sadiqlik nümayiş etdirən media, Azərbaycan jurnalistikasına dövlətin, onun müvafiq strukturlarının dəstəyi həmin inamı, ümidi şərtləndirir".
Bu fikirləri "OLAYLAR" qəzeti və eyniadlı Agentliyin baş redaktoru Yunus Oğuz səsləndirib. Baş redaktor bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən media siyasətinin təməlində Azərbaycan mediasının inkişafı, ölkədə fikir və söz azadlığının təmin olunması, eyni zamanda Azərbaycan həqiqətlərinin KİV-in imkanlarından istifadə edərək dünya ictimaiyyətinə çatdırılması dayanır: "Sevindirici haldır ki, hər 3 istiqamətdə müsbət dinamika əldə edilib. Xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində son bir ildən artıq müddətdə təqdirəlayiq addımlar atılır.  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021-ci il, 12 yanvar tarixli fərmanı əsasında yaradılan MEDİA-nın İnkişafı Agentliyi fəaliyyətə başladığı ilk gündən həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də Azərbaycan KİV-ləri, jurnalistlərinin beynəlxalq mediaya çıxışının təmin edilməsi sahəsində bir sıra addımlar atılıb. Dünyanın nüfuzlu xəbər agnetlikləri, KİV-lərinin ekspertləri Azərbaycana dəvət edilərək onların media nümayəndələri ilə görüşləri təşkil edilib ki, bu da jurnalistlərimizin beynəılxalq təcrübəni öyrənməsi baxımından əhəmiyyətlidir".
Yunus Oğuz deyib ki, digər bir mühüm istiqamət olan Azərbaycan KİV-lərinin inkişaf etdirilməsi istiqamətində də bu illər ərzində, xüsusilə də MEDİA-nın İnkişafı Agentliyi yarandığı gündən davamlı, müsbət nəticələrə hesablanmış addımlar atılıb: "Media subyektlərinin layihələrinin qiymətləndirilməsindən tutmuş, reklam bazarının formalaşdırılması, "E-Köşk" platforması kimi layihələr ümumilikdə Azərbaycan mediasının inkişafına xidmət edən amillərdəndir. Uzun illərdir ki, KİV-lər üçün reklam bazarının formalaşdırılması üçün təkliflər irəli sürülür, lakin reallaşmırdı. İndi MEDİA-nın İnkişafı Agentliyi bu layihə üzərində işləyir və hesab edirəm ki, tezliklə bunun reallaşması Azərbaycan mediasının durumunun yaxşılaşmasına kifayət qədər müsbət təsir göstərəcək".
Baş redaktor deyir ki, üçüncü əsas istiqamət olan ölkədə fikir, söz azadlığının təmin olunması da ən yüksək səciyyədədir və bu sahədə Azərbaycan əksər ölkələrə nümunə göstəriləcək sırada qərarlaşıb: "Lakin fikir, söz azadlığından sui-istifadə halları kifayət qədərdir. Çünki bir çoxları fikir, söz azadlığını əldə şüar tutaraq insanların şərəf və ləyaqətinə toxunur, onları alçaldır. Bu mənada MEDİA-nın İnkişafı Agentliyinin jurnalistlərin reyestrinin hazırlanması barədə atdığı addım da kifayət qədər təqdirəlayiqdir. Bu qeyd etdiyim həmin mənfi ünsürlərin, fikir, söz azadlığından sui-istifadə edib, əslində reketçiliklə məşğul olan "həmkarlarımız"ın tədricən jurnalistikadaan uzaqlaşmasına, nəticə etibarilə media sahəsinin sağlamlaşmasına gətirib çıxaracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31