Media intihar məsələsinə həssas və məsuliyyətli yanaşmalıdır

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, intihar mövzusunun bu dərəcədə qabardılması cəmiyyətdə antifikirlər yaradır, intihar hallarının daha da artmasına səbəb olur:
"21-ci əsrdə medianın cəmiyyətlərin və fərdlərin üzərindəki təsiri görünməmiş dərəcədə artıb. Media cəmiyyəti bilgiləndirməklə yanaşı, həm də cəmiyyətin ayrı-ayrı məsələlərə yanaşmasının formalaşmasında çox təsirli vasitəyə çevrilib. İntihar məsələsində də medianın hansı dildən istifadə etməsi, necə xəbərləməsi fərdlərin yanaşmasına təsir göstərir. 
Zaman-zaman intihar hadisələrinin sayında  dəyişim müşahidə olunur.  İntiharın metodu və yerini göstərmək, intihar məktubunun məzmununu paylaşmaq digər insanların da düşüncəsində intihar fikirləri formalaşdırır və onları intihar etməyə sövq edir. Daha çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbi də onların mətbuatda işıqlandırılması, qabarıq şəkildə təqdim edilməsidir. Hesab edirəm ki, bu yolverilməzdir. Bu, intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər, ona görə də media məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdır.
 Mütəxəssislər hesablayıblar ki, yalnız intihar xəbərləri oxuyan şəxslərin başqa xəbərlər oxuması da mütləqdir. Araşdırmalar göstərir ki, daim intiharla bağlı xəbər əldə edən insanların digərlərindən fərqi olur. Həyata baxışında, onların özlərini kollektivdə, cəmiyyətdə aparmasında  fərqlər görünür. Buna görə, intiharla bağlı xəbərlər mətbuata az getsə cəmiyyət üçün daha faydalı olar."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31