Bakı Atatürk Liseyinin 30-cu məzuniyyət mərasimi keçirilib

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin 30-cu məzuniyyət mərasimi keçirilib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, TDAV rəhbəri Közhan Yazqan, hər iki ölkənin ictimai və siyasi xadimləri, millət vəkilləri, liseyin müəllim və şagird heyəti, KİV təmsilçiləri və məzun valideynlərinin iştirakı ilə baş tutan mərasim şəhidlərin xatirəsinin anılması, eləcə də Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Cahit Bağcı Türk dünyası Atatürk Liseyində təhsil alan və məzun olan şagirdləri təbrik edib, gənclərin Azərbaycan və Türkiyə münasibətlərindəki gələcək rolundan danışıb: "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafında bugünkü gənclərin rolu çox böyükdür. Bakı Atatürk Liseyinin məzunlarını bu gün münasibətilə təbrik edir, onlara sağlamlıq, gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bu gənclər türk dünyası üçün layiqli vətəndaş olacaqlar".

TDAV başqanı Közhan Yazqan da məzunları təbrik edərək onlara uğurlar arzulayıb. Közhan Yazqan əmin olduğunu bildirib ki, bu günkü məzunlar gələcəyin savadlı kadrları olaraq iki qardaş ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etməsinə öz töhfələrini verəcəklər. Beləliklə onlar da Turan Yazqan yolunu davam etdirmiş olacaqlar.

Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekin Turan Yazqan əmanəti olan  belə bir təhsil ocağına rəhbərlik etməkdən qürur duyduğunu söyləyib. Lisey müdiri deyib ki, təhsil müəissəsinin bütün müəllim heyəti gələcəyimizə töhfə verəcək nəsillərin yetişdirilməsi üçün çalışır və bu müqəddəs əməldən, peşədən qürur hissi keçirirlər. Eylem Gültekin Bakı Atatürk Liseyinin bundan sonra da Turan Yazqan yolunu davam etdirəcəyini, Türk dünyasına xidmət edə biləcək nəsillər, gənclər yetişdirəcəyini söyləyib.

Tədbirdə məzunların rəqsləri nümayiş olunub, Türkiyə-Azərbaycan dostluq-qardaşlığı, Türk dünyasının birlik və bərabərliyinə həsr olunmuş şerləri, ifaları dinlənilib.

Sonda Türkiyə səfiri və xanımı məzunlara hədiyyələr təqdim edib. Həmçinin məzunlara liseyi bitirmələri ilə bağlı diplomlar təqdim edilib.

Məlumat üçün bildirək ki, Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) təsisçiliyi və Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildən fəaliyyət göstərir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31